Cavad Heyətdən xəbər var
Bizi izləyin

Qırmızı.az

Cavad Heyətdən xəbər var

Xəstəxanada müalicə alan məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətin səhhəti stabildir. Bu barədə ANS PRESS-ə Heyətin müalicə aldığı Gömrük Hospitalından məlumat veriblər.

Məşhur cərrahın həkimi bildirib ki, C. Heyətin səhhətində heç bir dəyişiklik yoxdur:


“O, nəfəs çatışmazlığından əziyyət çəkir. Hazırda reanimasiya şöbəsində müalicə alır. Onun xəstəxananı nə zaman tərk edəcəyi barəsində hələ heç nə deyə bilmərik. Yaxınları onu tez-tez ziyarət edirlər”.


Qeyd edək ki, bir necə həftə öncə C.Heyətin vəziyyəti ağırlaşdığı üçün o Gömrük Hospitalına yerləşdirib.


Xatırladaq ki, C.Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib və burda səhhəti pisləşib.
1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb.


1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur.


Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.


1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib.

Cavad Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alır.


O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.


Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm