• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya oliqarxları sərvətlərini Londondan çıxarırlarmı?

Rusiya oliqarxları sərvətlərini Londondan çıxarırlarmı?

Britaniya mətbuatı xəbər verir ki, Avropa İttifaqının daha ağır yeni sanksiyalarının gözlənilməsi ilə əlaqədar Vladimir Putinə şəxsən yaxın oliqarxlar öz sərvətlərini Britaniyadan çıxarmağa başlayıblar.

Bundan bir qədər əvvəl Britaniyanın xarici işlər naziri Filip Hammond bildirmişdi ki, London Avropadan Rusiyaya qarşı sanksiyaların Kremlə yaxın oliqarxlara şamil edilməsini istəyib.

Bu həftə Avropa İttifaqı yeni sanksiyalarında Avropaya səfərləri qadağan edilmiş Rusiya biznesmen və rəsmilərinin siyahısını genişləndirib.

Avropa İttifaqı inanır ki, Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqdan və separatçıları dəstəkləməkdən yalnız bu yolla çəkindirmək mümkündür.

Yeni sanksiyalarla əlaqədar Rusiya bizneslərinə aid puilların İngiltərə banklarından xaricə axmasını Britaniya hökumətinin sözçüsü də təsdiq edib.

Britaniya hökuməti yeni sanksiyaların hansı oliqarxlara şamil edilə biləcəyini hələlik açıqlamır. London bildirir ki, bu, ölkədən nizamsız olaraq böyük vəsaitlərin çıxmasına səbəb olardı.


Paris və London niyə bir-birlərini qırırlar?

Britaniyanın baş naziri Deyvid Kameron Avropa yeni sanksiyalarını elan etməzdən əvvəl qonşusu və tarixi rəqibi Fransanı Rusiyaya iki Mistral tipli helikopter daşıyan gəmi satmağa hazırlaşmaqda ittiham etmişdi.

Britaniya baş naziri parlament qarşısındakı çıxışında bildirirdi ki, Ukraynada müharibəni qızışdıran Rusiyaya hər hansı Avropa ölkəsi tərəfindən silahların satışı yolverilməzdir.

Paris rəsmi Londonun bu kimi bəyanatlarına son dərəcə kəskin cavab verib.

Ölkənin xarici işlər naziri Loren Fabius Britaniya baş nazirini ikili standartlarda ittiham edib.

O bildirib ki, əgər Britaniya Rusiya biznesini cəzalandırmaq istəyirsə, əvvəlcə öz paytaxtına, orada sakin olan Rusiya oliqarxlarına nəzər yetirsə daha yaxşı olardı.

Fransanın xarici işlər naziri Londonun açdığı müzakirəni “riyakar debat” adlandırıb.

Britaniyanın özü Rusiyaya silah satırmış

Bu arada tərs kimi Britaniya parlamentinin Silah Satışına Nəzarət Komitəsi də hökuməti pis vəziyyətdə qoyan məlumatla çıxış edib.

Komitənin Britaniya Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda hökumətin Rusiyaya silah və başqa hərbi avadanlıq satan Britaniya şirkətlərinə 300-dək lisenziya verməsi tənqid olunur.

Britaniya hökumətinin Rusiyaya qarşı sanksiyalara münasibəti də maraqlı, daha doğrusu ziddiyyətlidir.

London Rusiyanın ayrı-ayrı oliqarxlarına qarşı sanksiyalara yox, bütövlükdə Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrinə sanksiyaların qoyulmasına tərəfdardır.

Qaz və neftin sanksiya fərqi

Avropa təhlilçiləri bildirirlər ki, bunun çox uzaqgedən məqsədi var. Britaniya hökuməti, məsələn Rusiyanın qaz sektoruna sanksiyaların qoyulmasına ona görə tərəfdardır ki, Birləşmiş Krallıq bütün Avropada Rusiya qazından ən az asılı olan ölkədir.

Yeri gəlmişkən, Avropa İttifaqı da, sanki Britaniyanın acığına öz yeni sanksiyalarını Rusiyanın qaz yox, neft sahəsinə tətbiq edəcəyi barədə qərar qəbul edib.

Rusiyanın neft sektoru ilə əməkdaşlıqda isə daha çox Britaniya, onun BP kimi iri neft şirkətləri maraqlıdır.

Rus oliqarxları Britaniya iqtisadiyyatının xilaskarları rolunda

Əvəzində, Londonun oliqarxlara toxunmaq istəməməsinin səbəbi də başa düşüləndir.

Britaniya hökuməti son aylarda ölkəni maliyyə böhranından çıxardığı və işsizliyi azaltdığı barədə təmtəraqlı bəyanatlar verir.

Ekspertlər isə bu qənaətdədirlər ki, Britaniya iqtisadiyyatında yaranmış dirçəliş ilk növbədə Londona böyük xarici kapitalın axması ilə bağlıdır.

Bu kapitalın nəzərəçarpacaq hissəsi isə Rusiyanın və elə həmin oliqarxların payına düşür.

Britaniya mətbuatının məlumatlarına görə, hazırda London Birjasında Rusiyanın və MDB ölkələrinin 150-dək şirkətinin səhmləri bazarlanır.

Britaniya iqtisadiyyatının sütunlarından biri olan daşınmaz əmlakın, ev mülklərinin də baha olaraq qalması ilk növbədə Rusiya oliqarxlarına görədir.

Rusiya biznesmenləri Londonda qiyməti 10 milyon funt sterlinqdən baha mülkləri alanların siyahısında ən böyük çoxluğa malik qrupdur.

Fransa: “Kameron Abramoviçdən başlasın”

Bütün bunlara işarə edərək Fransanın hakim Sosialist Partiyası Britaniya hökumətini lağa qoyur.

Partiyanın sədri Jan Kristof Kambedelis deyib ki, Kameron Putinin dostları olan oliqarxları doğrudan da cəzalandırmaq istəyirsə, uzağa getməsin. Elə məşhur Çelsi futbol klubunun sahibi Roman Abramoviçi cəzalandırsın.

Bir çox Britaniya qəzetləri Abramoviçi “Putinin xaricdəki pul kisəsi” adlandırırlar.

Britaniya hökuməti özünümüdafiə məqsədilə bəyan edib ki, o, Ukraynada separatçılara dolayısı ilə dəstək verən oliqarxları cəzalandıra bilər, Londondakı rus oliqarxları arasında isə belələri yoxdur.

Britaniya mətbuatı son günlər Britaniyada sanksiyaların hansı oliqarxlara qarşı şamil edilməli olduğundan da yazır.

Onların arasında Abramoviçdən başqa özbək əsilli Əlişir Usmanovun da adı var. Sərvəti 10 milyard funt sterlinq civarında təxmin edilən Usmanov Putinin ən yaxın çevrəsinə daxildir. Təsadüfi deyildir ki, o, 2011-ci ilin dekabrında Vladimir Putini tənqid etdiyinə görə sahibi olduğu “Kommersant” media qrupunun bütün heyətini işdən qovub.

Qəzetlər Britaniyada ən böyük kitab ticarərtçisi olan Uoterstoun mağazalar şirkətinin sahibi Aleksandr Mamutun və sərvəti 2 milyard funt sterlinq olan Aleksey Mordaşovun da adlarını çəkirlər.

Ya tennisinizi oynayın, ya da pulu qaytarın

Lakin daha maraqlısı oliqarx cütlüyü - Rusiyanın keçmiş nazir müavinlərindən Vladimir Çernuxin və onun xanımı Lyubov Çernuxinadır.

Lyubov Çernuxina hakim Mühafizəkarlar Partiyasının fondtoplama mərasiminə 160 min funt sterlinq ianə verib.

Əvəzində mühafizəkarlar xanım Çernuxinaya baş nazir Kameronla və London meri Consonla tennis oynamaq şansı verəcəklərini vəd ediblər.

İndi müxalif leyboristlər iqtidar partiyasından ya tennis matçını keçirməyi, ya da “zavallı oliqarx qadın”ın pulunu qaytarmağa tələb edirlər.

İngilislərdə “düşmənimin düşməni mənim dostumdur” deyirlər. Lakin “dostumun dostu da mənim dostumdur” ifadəsi yoxdur.

Lap bu, əslində belə olsa da…

Zülfüqar Rüfətoğlu
London

Xəbər lenti

DAHA ÇOX XƏBƏR