• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Paytaxtın ən ucuz oteli hansıdır? - ARAŞDIRMA

Paytaxtın ən ucuz oteli hansıdır? - ARAŞDIRMA

Yay mövsümü gələn kimi hər kəs istirahət haqqında düşünür. İnsanlar işin yorğunluğundan və stresindən azad olmaq üçün dincəlməyə yerlər müəyyən edirlər. Xarici ölkələrlə yanaşı öz ölkəsində dincəlməyə üstünlük verənlər də az deyil. Bu dəfə istirahət məkanlarını və oradakı qiymətləri deyil, ölkəmizdə fəaliyyət göstərən otellərdəki qiyməti araşdırdıq. Görəsən, ölkəmizdə fəaliyyət göstərən otellərdə bir gün qalmaq neçəyə başa gəlir? Bu qiymətlər cibimizə uyğundurmu?

Bir gecəsi 1400, 2600 manata olan otellər…

Ölkəmizdə fəaliyyət göstərən bir neçə otelin 1 nəfər üçün bir günlük qiymətləri ilə maraqlandıq. “Atropat” oteldən bildirdilər ki, ən aşağı qiymətləri 100 manatdan başlayıb 200 manata qədər olan yerləri mövcuddur. “Hilton” otelində qiymətlər 285-315 manat arasında dəyişir. Bu oteldə bir gecə 1400 manata olan xüsusi yerlər də var. “Park İnn” otelində qiymətlər 185-200 manat arasında dəyişirdi. “Kempinski” oteldə isə 260 manatdan başlayan 1 nəfərlik yerlər var idi. Burada 1 nəfər üçün 2600 manata olan yerlər də mövcuddur. “İrşad” və “Ambassador” otellərində isə qiymətlər 50-90 manat arasında dəyişir. Bu sadaladığımız qiymətlərə səhər yeməyi, pulsuz internet, bəzi adı çəkilən otellərdə isə qapalı hovuz və fitnesin qiymətləri də daxildir.

Bəs görəsən, bu qiymətlər qonşu dövlətlərlə müqayisədə ucuz, yoxsa bahadır?

Turizm üzrə ekspert Bahadur Bilalov Teleqraf.com-a açıqlamasında bildirib ki, iki il bundan öncə ən aşağı qiymətlər 70-80 manat arasında dəyişirdi. Onun sözlərinə görə, zamanın tələbinə uyğun olaraq, otellərin sayı artdıqca, qiymətlərin aşağı düşməsi labüddür.

“Dünya praktikasında da belədir ki, bazarın tələbatına uyğun olaraq qiymətlər azalmaya doğru gedir. İki il bundan öncə 4 ulduzlu oteldə 2 nəfərlik 70-80 manatdan aşağı yer tapmaq çətin məsələ idi. Bu gün isə 50 manata da belə yerlər var. Təxminən qonşu Tibilisidə də qiymətlər bizim ölkədə olduğu kimidir. Son zamanlar oraya gedən turistlərin sayı da çoxalıb. Amma bunlar hamısı bazara uyğun olaraq qiymət qoyurlar. Dünya praktikası ilə götürsək, bu qiymətlər normaldı. Otellərin sayı artdıqca, rəqabət çoxalır və qiymətlər aşağı düşür”.

Ekspert bildirib ki, keçən ilə nisbətən bu il ölkəmizə gələn turistlərin sayında 10-15 faiz artım olacaq. B.Bilalov onu da qeyd edib ki, ölkəmizə çox ciddi turist axınını gözləmək o qədər düzgün deyil.

“Çünki bizdə hələ də otellərin sayı kifayət qədər deyil. Kifayət qədər otel olandan sonra turist axını da artacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bütün Azərbaycan üzrə birdəfəlik yataq yerlərinin sayı 35 000 nəfərdir. Bu isə indiki zaman üçün azdır. Hesablamalara görə, yaxın 5 ildə bunların sayı artacaq və bu 5 ildən sonra hər il ölkəyə beş milyon turistin gəlməsi planlaşdırılır. Hazırda isə ölkəmizə gələn turistlərin əsas hissəsini qonşu dövlətlərin vətəndaşları təşkil edir. Onlar arasında Türkiyə, İran, Rusiya vətəndaşları üstünlük təşkil edir. Avropalı turistlərə gəlincə isə, onlar daha çox Avropa regionuna səyahət edirlər”, - deyə ekspert vurğulayıb.

İqtisadçı ekspert Vüqar Bayramov bu məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında bildirib ki, otel bazarı olaraq Azərbaycanda otellərin böyük bir qismi daha çox 4 və 5 ulduzludur. Onun sözlərinə görə, bu gün əcnəbilərin Bakı şəhərində ən ciddi problemi qiyməti ucuz olan 1 və 2 ulduzlu otelləri tapmaqdır.
“Qonşu ölkələrlə müqayisə etsək, Azərbaycanda otellərin orta qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Belə ki, Gürcüstan, İran və Türkiyə ilə müqayisədə otellərin orta qiyməti yüksək hesab olunur. Bakı ilə Tibilisidə olan eyni adlı brend otelləri müqayisə etsək, Bakı şəhərində qiymət oradan 2 dəfə bahadır. Sözsüz ki, bunun iqtisadi əsasları da var. Çünki Bakı bahalı şəhərdir. Alıcılıq qabiliyyəti qonşu Gürcüstanla müqayisədə yüksəkdir. Bu da otellərin qiymətinin yüksək olmasına gətirib çıxarır. Eyni zamanda məsələnin digər tərəfi ondan ibarətdir ki, turistlərin cəlb edilməsi üçün otelçilik sektorunda ən çox istifadə edilən metod nisbətən ucuz otellərin, eləcə də ulduzsuz və az ulduzlu otellərin sayının artırılmasıdır. Çox təəssüflər olsun ki, iş adamları daha çox ulduzları çox olan otellərin inşasında maraqlıdır. Bunun da bazarın diktə etdiyi səbəbləri var”.

İqtisadçı qeyd edib ki, bu gün Azərbaycana gələn turistlərin böyük bir qismi Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə gələnlərdir. V.Bayramov onu da vurğulayır ki, həmin şəxslər daha çox ulduzu olan otellərdə qalmağa üstünlük verirlər.

“Bu da az ulduzlu otellərə tələbatın azalmasına gətirib çıxarır. Bu gün ölkəni görmək və dincəlmək üçün gələn turistlərin sayı azdır. Bu baxımdan iş adamları biznes toplantılarına hesablanmış otellərin inşasında maraqlıdırlar ki, bu da sözsüz ənənəvi turizmin inkişafını stimullaşdırmır. O baxımdan Azərbaycanda da qiyməti nisbətən az olan 1 və 2 ulduzlu otellərin inşa edilməsi vacibdir”.

Ekspertin sözlərinə görə, inkişaf etmiş şəhərlərdən olan Nyu-Yorkda kifayət qədər bahalı otellə yanaşı, qiyməti ucuz olan otellər də az deyil.

“Orada sutkalıq qiyməti 10 min dollardan yuxarı olan otellər var. Buna baxmayaraq, eyni zamanda həmin şəhərdə gündəlik gecəsi 30-40 dollara olan ulduzsuz otellər belə tapmaq mümkündür. Turistlərə seçim imkanı verilməlidir. Bahalı və ucuz otellər. Ölkəmizdə otelçilik sistemi turistlərin ölkəyə gəlməsini təşkil etmir. Çünki otellər bahalıdır. Turistlər adətən, çalışırlar o ölkəyə getsinlər ki, həmin ölkələr ucuz olsun və rahat pul xərcləsinlər. Bizdə otellərin baha olması isə həmin turistlərə çox az seçim imkanı verir”, - deyə V.Bayramov vurğulayıb.

Teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR