Jurnalist olmaq istəyənlər imtahan verir
Bizi izləyin

Qırmızı.az

Jurnalist olmaq istəyənlər imtahan verir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu mərhələdə 2014-cü ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.


İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunacaq.


İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.


Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.


İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri „sıfır“ balla qiymətləndiriləcək.

İnşa yazı (esse) 2–4 səhifə (ən azı 400 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (200 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm