Əsrin casusu – Filbi (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Əsrin casusu – Filbi (FOTOLAR)

Əsl adı Harold Adrian Rassell Filbi (1912-1988) olan Kim Filbi İngiltərə müstəmləkəsi olan Hindistanda ingilis idarəçi sinfinə aid ailədə doğulub. Kim Filbi – Böyük Britaniyanın əsas xarici kəşfiyyat orqanı olan “MI-6”ya qarşı kəşfiyyat əməliyyatları (Counter-espionage) aparan keçmiş SSRİ xüsusi xidmət orqanlarının məxfi şöbəsinin rəhbəri vəzifəsinədək yüksəlir.

Sonralar o, Nobel mükafatı alan tanınmış yazar Redyard Kiplinqin romanında bəhs olunan ingilis casusu olan uşağın – Kimin adını götürür və dünyada Kim Filbi adı ilə məşhurlaşır.

Kim Filbi inanclı kommunist olsa da, bunu bir müddət gizli saxlayır. Hətta ilk illərdə o, ingilis və Amerika xüsusi xidmət orqanlarına deyil, kommunizmi təmsil edən SSRİ xüsusi xidmət orqanlarına, o cümlədən “KQB”yə (Dövlət Təhlükəsizlik Komitəsi – red.) kifayət qədər əhəmiyyətli olan dəyərli məlumatlar ötürür. Bunun nəticəsində isə o dövrdə Balkanlarda gizli formada SSRİ-yə qarşı təşkilatlanmış inqilabçılar ifşa olunur.

İngilis Gizli Xəbəralma Təşkilatı (SİS) 1938-ci ilin sonlarında gizli şöbə yaradır. Qısaca SOE (Special Operations Executive) adlanan bu şöbənin əsas işi İngiltərənin müstəmləkə ərazilərində əcnəbilərin əlinə keçən torpaqlar barədə operativ məlumat vermək idi. Bu ərəfələrdə Kim Filbi də bu şöbədə çalışmağa başlayır. O, çox təcrübəli və nöqsansız xəfiyyə olduğu üçün tez yüksək vəzifələrə təyin edilə bilir.

Kim Filbi 1941-ci ilin yazında əks-kəşfiyyat şöbəsində çalışmağa başlayır. Beləcə, 1933-cü ildən sonra o, öz ağıllı və nöqsansız addımları ilə xüsusi xidmət orqanlarının daxilində xeyli irəliləyə bilir. Bir müddət keçəndən sonra isə Kim Filbi SİS-in “şefi” olur.

1949-cu il “soyuq müharibə” dövrünün ən qızğın çağlarında Kim Filbi İngiltərənin Vaşinqtondakı səfirliyində vəzifəyə təyin olunur. Çünki o, Vaşinqtonda CIA ilə bir arada kommunistlərə qarşı çalışacaqdı. Amma Kim Filbi o dövrün ən öndə gedən texnologiya sirrlərini ruslara ötürür. Amerika Atom Enerjisi Komissiyası isə bunlardan xəbərsiz idi. Sonralar bütün məlumatların ruslar tərəfindən ələ keçirildiyini anlayan ingilislər aralarında olan xaini ifşa etməyi bacarırlar.

Kim Filbi SSRİ üçün çox qiymətli adam idi. O, 1930-cu illərdə SSRİ “KQB”sinin hədəfə aldığı ölkələrin rəhbərliyi arasında yerləşdirilən və “Kembric beşliyi” adlanan beş gizli agentdən biri idi.

Kim Filbi Sovet İttifaqı üçün çalışan ingilis casusları arasında ən məşhuru olmaqla yanaşı, bütün zamanların ən tanınmış agenti kimi xatırlanır.

Hindistanda doğulmuş bu şəxs Kembricdə təhsil alıb. Dostları Qay Börgess, Donald Maklin və Antoni Blantla yanaşı, Kim Filbi də kommunist olub. O, 1940-cı ildə “MI-6”ya da məhz dostu Qay Börgess tərəfindən işə götürülür və 1963-cü ilədək də Sovet İttifaqı üçün çalışır.

Maraqlı məqam odur ki, Kim Filbi CIA-nın yaradıldığı vaxtı İngiltərə təmsilçisi vəzifənə təyin olunur. Amma onun əslində Sovet İttifaqının casusu olması faktı 1963-cü ildə Kim Filbinin Moskvaya qaçması vaxtı bəlli olur.

Kim Filbi casus kimi Türkiyədə də fəaliyyət göstərib. Belə ki, o, SSRİ-nin İstanbuldakı Baş Konsulluğunda çalışan Konstantin Volkov adlı diplomatın İngiltərəyə qaçırılması üçün gizli hazırlıq işləri aparıldığını öyrənən kimi dərhal SSRİ-nin müvafiq orqanlarına xəbər verir. Çünki həmin vaxt Kim Filbi öyrənir ki, Konstantin Volkov ingilis kəşfiyyatına içərisində özünün də adı olduğu və SSRİ-yə çalışan casusların siyahısını təqdim edəcəkdi. Amma Kim Filbinin çevik reaksiyası nəticəsində ingilislərin bu planı ifşa olunur və rus diplomatı Konstantin Volkov Moskvaya gətirilərək öldürülür.

Bundan əlavə, Kim Filbinin üzdə görünən peşəsi jurnalistika idi. Hətta Kim Filbinin İordaniya kralı Hüseynə yaxınlaşması və sonralar ondan istifadə etməsinə “Times” qəzetinin müxbiri işləməsinə görə mümkün olur.

Bu məşhur casusun həyatı ilə maraqlı digər maraqlı məqam isə onun beş dəfə evli olmasıdır. İfşa olunub Moskvaya qaçandan sonra onun ilk rəsmi iş yerinin Türkiyədə olması da təsadüfi deyil. Çünki Kim Filbi türk və ərəb dillərində yaxşı bilirdi. Üzdə İngiltərə dövləti üçün çalışdığı bilinsə də, əslində o, Moskvaya xidmət edirdi.

1988-ci ildə Rusiyanın dövlət xəbər agentliyi olan “ITAR-TASS” Kim Filbinin ölümü barədə kiçik xəbər dərc olunur.

İngilislər heç zaman Kim Filbinin onlara qarşı xəyanətini unutmur, ona nifrət bəsləyirlər. Çünki Kim Filbi daha gec ifşa olunsa, bəlkə də, sonralar ingilis kəşfiyyatının özü SSRİ-nin nəzarətində olacaqdı.

Dünyaca məşhur olan Kim Filbi XX əsrin casusu kimi dünya tarixinə düşüb. Onun haqqında bir neçə film çəkilib, kitablar yazılıb. SSRİ-də qəhrəman obrazı yaratmış bu məşhur xəfiyyə haqqında, bəlkə də, bilmədiyimiz çox şeylər var.

Kim Filbi ömrünün son illərində də belə deyirdi: “İnsanın bir yerə aid olması lazımdır. Ancaq mən heç bir yerə aid deyiləm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm