Bolu vilayətinin bələdiyyə başçısı Azərbaycanda səfərdədir
Bizi izləyin

Qırmızı.az

Bolu vilayətinin bələdiyyə başçısı Azərbaycanda səfərdədir

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizə səfər edən Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər.

Qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib.

Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Alaaddin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyətinə Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib.

Millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib.

Qənirə Paşayevanın müşayiəti ilə gerçəkləşən ziyarətlər əsnasında Azərbaycana gələn qardaş ölkənin nümayəndələrinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib.

Sonra qonaqlar Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib.

Türkiyəli qonaqlar həmçinin İncəsənət muzeyini, Bayraq meydanını ziyarət ediblər və dünyanın ən böyük bayrağı ilə tanış olublar. Türkiyənin Bolu vilayətinin bələdiyyə başçısı Aladdin Yılmaz, müavinləri və bələdiyyə məclis üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın inkişafından çox sevindiklərini deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm