Avtomobillərin texniki baxışına bir baxış – REPORTAJ, FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Avtomobillərin texniki baxışına bir baxış – REPORTAJ, FOTOLAR

“Maşını içəri salmadıq, kənarda saxlamışdıq. Sağ olsunlar, bizi qarşılayıb yola saldılar. Buna görə onlara təşəkkür düşür, təşəkkür sözünü mən burda dırnaq içində deyirəm”.

Bu sözləri Zabrat - Maştağa yolunun üstündə yerləşən Baş Dövlət Yol Polis İdarəsi müayinə mərkəzindən çıxan Zakir Həsənov söylədi. Həmsöhbətimiz mühərrik həcmi 2000 kub santimetrlik avtomobilini texniki baxışdan keçirmək üçün 90 manat ödədiyini bildirdi: “90 manat pul istədilər, mən də verdim, canımı qurtardım. Bura avtomobillərin müayinə mərkəzi deyil e, bura Bombeydir, Bombey. Burada adamı soyub buraxırlar. Adını texniki baxış qoyublar, amma heç maşınıma baxan da olmadı. Burada “texniki baxış”dan keçmək mümkündür, əlbəttə, əlavə pullar ödəməklə”.

Həmsöhbətimiz maşına minib ərazidən uzaqlaşır, biz isə müayinə mərkəzinə doğru addımlayırıq. Mərkəzin qarşısında sözün həqiqi mənasında rəzalət hökm sürür. Avtomobillərin və insanların əlindən tərpənmək mümkün deyil. Qızmar günəş altında əsəbləri tarıma çəkilən insanlar müayinə mərkəzinin nəzarət-buraxılış məntəqəsində dayanıb qeydiyyatdan keçdikdən sonra içəri daxil olurlar. Müayinə mərkəzinin daxilində isə insan selindən tərpənmək mümkün deyil. İyulun 31-də minik avtomobillərinin texniki baxış müddəti başa çatdığı üçün insanlar axın-axın öz avtomobillərini texniki baxışdan keçirmək üçün adıçəkilən ünvana üz tuturlar ki, bu da öz növbəsində basabasın yaranmasına səbəb olur. Ancaq sıxlıqla yanaşı sürücüləri narahat edən əsas məsələ müayinə mərkəzində onlardan artıq pul alınması ilə bağlıdır. Hər halda, deyinə-deyinə müayinə mərkəzindən çıxan sürücülər bu fikirdədirlər.

Gördüklərimiz və eşitdiklərimiz...

Sürücülərlə söhbətimizi yekunlaşdırıb adıçəkilən müayinə mərkəzinə daxil oluruq. Amma 12 bölümdən ibarət olan müayinə mərkəzində, demək olar ki, avtomobil gözə dəymirdi. Bunun yerini isə çaşqın halda ora-bura gedən insanlar tutub. Bu barədə suallarımızı cavablandıran sürücülərin sözlərinə görə, yalnız rüşvət verməkdən boyun qaçıran sürücülərin avtomobilləri texniki baxışa cəlb olunur. Öz xoşu ilə rüşvət verən avtomobil sahiblərinin maşınları isə, demək olar ki, texniki baxışa cəlb olunmur: “Burada yalnız o maşınları yoxlayırlar ki, onların sahibləri rüşvət vermək istəmirlər. Rüşvət verən sürücüləri isə get-gələ salıb ora-bura göndərmirlər. Ona görə də hamı rüşvət verib, tez getməyə çalışır. Çünki müayinə zamanı istənilən maşında “problem” tapmaq olur”.

Uzun-uzadı süründürməçiliyi, avtomobillərində “problem” çıxacağını nəzərə alan sürücülər isə sakit şəkildə göstərilən məbləği verib avtomobillərini texniki baxışdan keçirdikdən sonra yollarına davam edirlər.

Rəsmi, yoxsa qeyri-rəsmi mövqe...

Müayinə mərkəzində apardığımız çəkilişlər, deyəsən, polis əməkdaşlarının xoşuna gəlmədi. Elə buna görə də “dövlət obyektində çəkiliş aparmaq olmaz” adı ilə ANS-in əməkdaşlarını zorla ərazidən uzaqlaşdırıb, bizi isə Baş Dövlət Yol Polis İdarəsi Müayinə Mərkəzinin rəisi Rauf Talıbovun yanına apardılar. Ancaq polis əməkdaşlarından fərqli olaraq bizimlə kifayət qədər mülayim davranan Rauf Talıbov rəsmi icazə olmadan çəkiliş aparmağa imkan verməsə də, müayinə mərkəzində hökm sürən sıxlıq haqda öz fikirlərini söylədi. Onun sözlərinə görə, belə bir sıxlığın yaranmasının əsas səbəbkarı elə insanlar özləridir:

“Son günlər insanlar avtomobillərini texniki baxışdan keçirmək üçün kütləvi halda bizə müraciət edirlər. Bu isə təbii ki, müəyyən problemlər yaradır. İyulun 15-də cəmi 300-ə yaxın insan bizə müraciət etmişdir. Amma iyulun 28-də bu göstərici artıq 3000-i keçib. Belə olan halda da basabasın, uzun növbələrin yaranması təbiidir. Çünki biz real olaraq çatdıra bilmirik. Bu gün minik avtomobillərinin texniki baxışdan keçirilməsi üçün son gün hesab olunurdu. Ona görə də hamı çalışır ki, avtomobilini texniki baxışdan keçirsin. Bizim millət belədir də. Həkimə gedəndə də belə gedirik, gözləyirik ki, vəziyyətimiz tam pisləşsin, ondan sonra həkimə müraciət edək. Vətəndaşlar vaxtında müraciət etsəydilər, bu cür problemlər də yaranmazdı. Bu mənada sıxlığın səbəbkarı vətəndaşlar özləridir. Amma Baş Dövlət Yol Polis İdarəsi bütün bu problemləri, sıxlığı nəzərə alaraq sürücülərə bir neçə günlük də möhlət verdi”.

Sürücülərin narazılığına, onlardan dövlət rüsumundan artıq pul alınmasına gəlincə isə, Rauf Talıbov bu məlumatların həqiqətəuyğun olmadığını bildirdi: “Burda hər şey nəzarətdədir və heç kimdən artıq pul alınmır. Bunlar ara söz-söhbətlərindən başqa bir şey deyil. Mühərrikin həcmindən asılı olaraq qiymətlər də dəyişir. Hər şey qanunda nəzərdə tutulduğu qaydada həyata keçirilir”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən, nəzərdə tutulmuş nəqliyyat vasitələrinə istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə isə ildə bir dəfə texniki baxış keçirilir. Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsi aşağıdakı qaydada aparılır:

- аvtonəqliyyаt vаsitələri üçün - 20 mаnаt;
- motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 mаnаt.

Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcmi 2000 kub santimetrədək olduqda - 20 manat

mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda, 20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə - 0,02 manat

mühərrikin həcmi 3000 kub santimetrdən 4000 kub santimetrədək olduqda 40 manat + muhərrikin həcminin 3000 kub santimetrdən cox olan hissəsinin hər kub santimetrinə gorə - 0,03 manat

mühərrikin həcmi 4000 kub santimetrdən 5000 kub santimetrədək olduqda 70 manat + mühərrikin həcminin 4000 kub santimetrdən cox olan hissəsinin hər kub santimetrinə gorə - 0,04 manat

mühərrikin həcmi 5000 kub santimetrdən cox olduqda 110 manat + mühərrikin həcminin 5000 kub santimetrdən cox olan hissəsinin hər kub santimetrinə gorə - 0,05 manat.

Hikmət Kərimoğlu

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm