• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mübariz Qurbanlıdan ilk reaksiya

Mübariz Qurbanlıdan ilk reaksiya

“ABŞ Dövlət Departamentinin hesabatları yoxlanılmamış faktlara söykənir və qərəzlə tərtib edilir. Azərbaycanda dini problemlər mövcud deyil”.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Vestikavkaza” xəbər portalına ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini durumla bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Dövlət Departamenti bu hesabatı Azərbaycan Respublikasında vətəndaşların dini hüquqları ilə bağlı vəziyyəti təhrif etmək məqsədi ilə hazırlayır.

M.Qurbanlı qeyd edib ki, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycandakı dini vəziyyətlə bağlı son məruzəsi qərəzlidir. Onun fikrincə, bu hesabat qeyri-obyektivdir və köhnəlmiş məlumatlardan ibarətdir:

“Azərbaycanda bütün dinlərin nümayəndələrinin hüquqları qorunur. Bunun üçün bütün lazımi qanunlar var. Azərbaycandakı tolerantlıq bütün dünya üçün nümunədir. Bizdə pravoslav və katolik kilsəsi, sinaqoqlar və krişnaitlər var. Bəli, Azərbaycan əhalisinin 96 faizi müsəlmanlardır, amma ölkəmizdə bütün dünyada mövcud olan dinlərin nümayəndələri də yaşayır. Biz müxtəlif dinlərin nümayəndələri ilə tez-tez görüşüb vacib məsələləri müzakirə edirik. Mən Con Kerrinin təqdim etdiyi hesabatı oxudum və deyə bilərəm ki, o, həqiqətdən uzaqdır. Bundan başqa, bu hesabat köhnədir, 2013-cü ilin hesabatıdır. Biz artıq bildirdik ki, irəli sürülmüş ittihamlarla razı deyilik”.

M.Qurbanlı əlavə edib ki, ABŞ dövlət katibinin hesabatlarına etibar etmək olmaz. Çünki Dövlət Departamentinin əməkdaşları etibarsız mənbələrdən informasiyanı götürürlər:

“Məlumatları müxtəlif qəzet və jurnallardan əldə edirlər. Biz bilirik ki, onların məlumatları heç bir fakta əsaslanmır. Bu, tamamilə yanlışdır, bu cür məruzələr üçün informasiyalar diqqətlə yoxlanılmalıdır. Artıq dünyada insanlar Dövlət Departamentinin hesabatlarındakı səhvlərə və faktların təhrifinə öyrəşiblər. Biz onların məruzələrini emosiyasız qəbul edirik. Qoy nə istəyirlər yazsınlar. Azərbaycan, Rusiya, Çin və başqa ölkələrin Xarici İşlər Nazirlikləri ABŞ-da dini icmaların hüquqları barədə tədqiqat apara bilərlər. Düşünürəm ki, Birləşmiş Ştatlarda dini problemləri işıqlandıran Amerika jurnallarından və ya qəzetlərdən bir çox fakt tapmaq asan olar. Bütovlükdə Qərb ölkələrində onlarla dini cərəyanların qadağasına və dini icmalara öz fəaliyyətlərini azad şəkildə həyata keçirməyə imkan verilmədiyinə dair nümunələr göstərmək olar”.

Mübariz Qurbanlı Azərbaycanda sünnilərlə şiələr arasında hər hansı problemin olmadığını vurğulayıb: “Azərbaycanda ta qədimdən sünnilər və şiələr birlikdə yaşayırdılar. Azərbaycan xalqı tolerant və dözümlü millət olduğundan bizdə bu baxımdan heç bir problem yoxdur. Bütovlükdə hesabatdakı dinlər üzrə statistika bizim qiymətləndirmələrimizlə uyğun gəlmir və bu da xüsusi əhəmiyyət kəsb eləmir. Bizdə dini ziddiyyətlər olmayıb və bu torpaqda dinlərarası toqquşmalar proqnozlaşdırılmır. Çünki Azərbaycanda dini problemlər mövcud deyil”. Məscidlərin vəziyyətinə gəlincə, Dövlət Komitəsinin sədri qeyd edib ki, bu məsələdə də Con Kerri mötəbər olmayan məlumatlara söykənib:

“Azərbaycanda Sovet İttifaqı dövründə cəmi 17 məscid mövcud idi, indi respublikada onların sayı təxminən iki mindir. Təkcə son illərdə 200-dən çox məscid tikilib və bərpa edilib. Bakıda indi böyük məscid tikilir, bir müddət əvvəl Prezident İlham Əliyev tikinti işləri ilə özü şəxsən maraqlanıb. Qeyd etməliyəm ki, Dövlət Komitəsi hər hansı dini tikililərin açılış və ya bağlanması üzrə qərarlar qəbul etmir. Əgər hər hansı icma, məsələn, məscid tikmək istəyirsə, qanunvericiliyə uyğun olaraq biz bu barədə sənədləri yığırıq və qeydiyyatını həyata keçiririk. Əgər hakimiyyət dini icmalara mane olsaydı, onda son illərdə bu qədər məscid tikilməz və təmir olunmazdı. Eyni zamanda, Heydər Əliyev Fondu məbədləri bərpa edir”.

Qeyd edək ki, ABŞ-ın Dünyada Dini Azadlıqlar üzrə Komissiyasının illik hesabatında Azərbaycan ölkədəki dini vəziyyətə görə tənqid olunub. Hesabatda qeyd edilib ki, Azərbaycanda dini hüquqlar məhdudlaşdırılır. Dövlət katibi Con Kerri bəyan edib ki, Azərbaycanda dinlərarası düşmənçilik qızışdırılır və dövlət dini icmaları qeydiyyata almaqdan imtina edir. Məruzədə həmçinin deyilir ki, məscidlərin bağlanması hakimiyyətin səlahiyyətindədir, məscidlərin çoxu açılmadan bağlanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR