"Saytımızın fəaliyyəti "copy past" üzərində qurulmayacaq" - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

"Saytımızın fəaliyyəti "copy past" üzərində qurulmayacaq" - MÜSAHİBƏ

Bir neçə gündən sonra rusdilli oxucular üçün Azərbaycanda yeni sayt fəaliyyətə başlayacaq. Saytın texniki problemləri həll edilmək üzrədir, kollektiv formalaşdırılır. İzvestiya.az saytının baş redaktoru Nicat Səmədoğlu ilə söhbətimizdə yeni saytın yaranma zərurəti, qarşıya qoyduğu məqsədlər barədə danışdıq.

- İzvestiya.az saytı yaranmamış mətbuatda müxtəlif fikirlər səsləndirilir. Bəzi mətbu orqanlar saytın yaranma səbəbləri, kursu barədə sensasion xarakterli məlumatlar yayıblar. Bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı.

- İzvestiya.az saytı ilə bağlı sualları adekvat hesab edirəm. Fəaliyyətə başlayan hər bir sayt gərək yaranma zərurətini izah etsin. Azərbaycanda çoxlu rusdilli saytlar var. Bəziləri uzun müddətdir ki, fəaliyyətdədir. Bizim mövqeyimizə görə, Azərbaycandakı rusdilli mətbuat oxucuların təlabatını tam ödəyə bilmir. Mən digər media qurumlarının peşəkarlığına şübhə etmək istəmirəm. Lakin Azərbaycanda elə bir rusdilli toplum var ki, onların informasiya məkanına istinad olunan təlabatları məncə tam ödənilmir. İkincisi, rusdilli auditoriya daha genişdir, çünki rus dili beynəlxalq və regional dildir. Geniş informasiya meydanında fəaliyyət göstərmək daha məsuliyyətlidir. Məqsədimiz birincilər sırasında olmaqdır. Çalışacağıq buna nail olaq.

- Azərbaycanda oturuşmuş rusdilli saytlar var. Onlarla rəqabət aparmaq çətin olmayacaq ki?

- Təbii ki, çətin olacaq. Amma necə deyərlər, çətinlikdən qorxan işə qoşulmaz. Peşəkar mediaya hər zaman ehtiyac var. İzvestiya.az saytında ictimai-siyasi xarakterli yazılar dərc olunacaq. Mədəniyyət, ədəbiyyat və digər sahələrlə bağlı da xəbərlər qoyacağıq. Eyni zamanda, elə mövzulara toxunacağıq ki, onlar Azərbaycan mediası üçün yeni olacaq. Bu, elmi, tarixi-kulturoloji, fəlsəfi, sosial-psixoloji, geosiyasi mövzular ola bilər. Dünyada baş verən siyasi proseslərə fərqli prizmadan baxışımız olacaq. Dünya, o cümlədən, Azərbaycan mətbuatı maarifçilik məqsədilə yaradılıb. Həsən bəy Zərdabi "Əkinçi"ni yaradanda xalqı maarifləndirməyi qarşısına məqsəd qoymuşdu. Təəssüf ki, müasir mediamız bu prinsiplərə həmişə əməl etmir. Cəmiyyətdə isə maariflənmə ilə bağlı boşluqlar hələ də qalmaqdadır. Təhsildə boşluqlar var, siyasi mədəniyyət aşağıdır, sosial-iqtisadi proseslərə primitiv yanaşmalar var. İstəyərdik ki, bu sahədəki boşluqların aradan qaldırılması üçün biz də töhfəmizi verək.

- İzvestiya.az-da tanınmış imzalardan kimlər olacaq?

- Kollektivimiz tam formalaşmayıb. Əməkdaşlarımız var. Digər tanınmış jurnalistlərlə danışıqlar aparırıq. Bir neçəsi ilə razılığa gəlmişik. Daha çox gənc jurnalistlərə üstünlük verəcəyik. Bəlkə də, pafoslu səslənir, amma çalışacağıq ki, gənc jurnalistləri işə cəlb etməklə onlarda peşəkar keyfiyyətləri formalaşdıraq.

- Saytınızın siyasi kursu barədə məlumat verərdiz. -

Qeyd etdiyim kimi, ictimai-siyasi proseslərə daha həssas yanaşacağıq. Analitik yazılar, eksklüziv müsahibələrimiz olacaq. Siyasi kursumuz, təbii ki, müstəqil olacaq. Digər saytlardan fərqli olaraq fəaliyyətimizi əsasən "copy past" üzərində qurmayacağıq. Fəaliyyətə başlayandan sonra işmizə qiymət vermək daha asan olacaq. Bizim üçün ən düzgün qiymət oxucu məmnunluğudur. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm