• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bakı küçələrində soyuqdan donmamaq üçün yatmırdım - Rəsulzadənin nəvəsi danışır

Bakı küçələrində soyuqdan donmamaq üçün yatmırdım - Rəsulzadənin nəvəsi danışır

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasının mülklərinin qaytarılmasını istəyir.

Görəsən, Allah insanı yaradanda ona deyib ki, insanları bir-birilərini didmək, parçalamaq, ölümünə hökm vermək, məhvinə fərman imzalamaq üçün müharibələrlə, işğallarla, sürgünlərlə insanı insanın qəsdinə durmaq üçün yaradıram... Yoxsa, sonradan hansısa günahlarımıza görə bu cəzaya məhkum edib bizi yaradan?

Yaşadığı zirzəmini emalatxana adı ilə alıb, iki maşınlıq zibildən təmizlədi

Müsibətlər bitmirdi, 1937-dən bəri ata-babasının, nəsil-kökünün çəkdikləri indi onun timsalında davam edirdi. Qazaxıstan düzlərində yaşadıqlarının təkrarı idi doğma Bakısında çəkdikləri: “Bakının sərt qışında yaşamağa yerim yoxdur, cibimdə üç qara qəpiyim. Uzun müddət rəssam dostumun emalatxanasında gecələyirdim, səhər durub gedirdim ki, onun işləməyinə maneə yaratmayım. Axşam küçədən pəncərəsinə zilləyirdim gözlərimi ki, görüm nə vaxt gedir, işıqları sönən kimi gəlib mənə verdiyi açarla qapını açıb, keçib içəridə iliyimə qədər işləyən soyuğu canımdan çıxartmağa çalışırdım. Belə-belə bir gün birtəhər bir evin zirzəmisində emalatxana adı ilə yer aldım. İki maşın zir-zibil daşıdım ordan, təmizlədim, palto əynimdə səhərə qədər oturub, siçovullara baxa-baxa səhəri diri gözlə açırdım. Yatsam soyuqdan donardım”.

Onun zirzəmisində yaşadığı ev onların ata-baba mülklərindən çox da uzaqda deyildi, amma indi o, mülkün işıqlı pəncərələrinin arxasında tamam başqa insanlar yaşayırdı, kim bilir kimin evində yaşadıqlarının fərqində idilər, ya yox...

Oxucumu çox intizarda saxladım deyəsən... Rəis Rəsulzadədən danışıram. Böyük Məhəmməd Əmin Rəsulzadənin nəslinin yadigarı, nəvəsi, Azər Rəsulzadənin oğlu Rəis Rəsulzadədən. Rəsulzadələrlə bağlı araşdırmalarım sonuca çatmaq üzrədir. Rəis bəylə ilk görüşümüzdə məlumatım çox deyildi, indi verəcəyim suallar daha çoxdur. Ona belə də dedim, razılaşdı görüşməyimizə. Emalatxanasında görüşdük, yeni təmirdən çıxmış, başqa rəssamların emalatxanalarında rastlaşmadığım bir səliqə-səhman var burda. Mizin üstünə şirniyyat, çay düzmüşdü. Rəis bəy, əsərlərinizdə Abşeron ənənəsi olduğu kimi süfrənizdən də Abşeron qonaqpərvərliyi var, siz axı Bakıda doğulub böyüməmisiniz, bakılı deyilsiniz, hardan öyrəndiniz bunları? – deyə qeyri-ixtiyari bir sual verdim. Müsahibim baxışlarını üzümdə süzdürüb – “Mənim qədər başqa heç kim, əslində, bakılı ola bilməz, Bakını, Azərbaycanı duya bilməz” – dedi. Sualım özümə bir az məntiqsiz göründü, amma bu cavabı almaq üçün o sualı verməyə dəyərmiş. Cavabda nələr yoxdur ki...

Atam Bakıya gəlməyimdən qorxurdu

“İlk dəfə Bakıya oxumağa gəldim, Əzim Əzimzadə adına rəssamlıq məktəbinə. Atam razı deyildi, əla qiymətlərlə bitirmişdim məktəbi, atam deyirdi istənilən başqa sənəti seçmək imkanın var, rəssam olma, həm də gizlində hardasa Bakıya gəlməyimi istəmirdi”.

İstəməzdi də, nələr yaşamamışdı Bakıdan sürgün olunmaqla, indi oğlunun, M.Ə.Rəsulzadənin nəvəsi olduğu üçün yenidən Bakıda tanınıb yeni bəlalar yaşamasını istəməzdi. Sürgündə dünyaya gəlmisiniz dedim, Rəis bəy, gözünüzü dünyaya açanda nələri gördünüz, nə yaşadınız, necə yaşadınız? – deyə soruşdum. Dedi ki, çox ağırdır mənə onları danışmaq, hər danışanda yenidən yaşayıram elə bil: “Ayrı-ayrı məqamları deyə bilərəm, üzdən, səthi. Karaqandada ana nənəmin ayaqyalın işə getdiyi gözlərim qarşısındadır kadr kimi. Üç yaşım olanda anam Şölənin rəhmətə getməyi qırmızı mələfəyə bürünmüş nə isə və o nə isəni harasa apardılar, o gündən mən anamı axtardım, tapmadım, nənəm məni ovundurdu ki, xəstəxanadadır, gələcək. Onun gələcəyi gün heç gəlib çıxmırdı, günlər keçdikcə anladım ki, əbədi bir yoldur o dönüşü olmayan. Məktəbdə hər millətdən uşaq vardı, bir yerdə oxuyurduq. Sonradan bildim ki, onlar hamısı mənim kimi sürgün olunmuş insanların övladlarıdır. Yaxşı olan bir o idi ki, müxtəlif dillər öyrənmişdim, o cümlədən, alman dilini, çünki yaxın dostum alman idi”.

Rəsulzadənin anası soyuqdan dondu

Rəis bəyin atası Azəri nənəsi, anası, iki bacısı ilə sürgün etdilər Bakıdan. Qardaşı Rəsulu istintaq zamanı inadına görə yerindəcə alnından güllələmişdilər. Nənəsi Karaqana düşdükləri gün oranın soyuğuna tab gətirməyib dünyasını dəyişib. Bir az sonra Azər anasını itirib. Nənəsinin və anasının dərdinə dözə bilməyən yeniyetmə bacısı Xalidə havalanıb evdən çıxıb ki, Bakıya gedirəm. Xalidədən o vaxtdan hələ də bir xəbər yoxdur. Onu axtaranda Azər bəy böyük bacısının qızı Firuzəni tapıb uşaq evindən. Onun da atasını qətlə yetiriblər, anası ilə qardaşı qucaqlaşmış formada soyuqdan donub ölüblər. Bütün bunları mənə Rəis Rəsulzadə göz yaşları içində danışır. Gah dayanır, danışmamaq qərarına gəlir, sonradan söhbət yenə həmin günlərə gedib çıxır: “Bakıya öz istəyimlə gəldim, sənədlərin qəbulunun bitməsinə bir neçə saat qalmış çətinliklə çatdım Bakıya, rəsmlərimə baxıb qəbul edən müəllim mənə dedi ki, bəlkə, fikrindən daşınasan, universitetə gedəsən? Dedim yox, bura, rəssam olacam. Əzimzadəni bitirəndən sonra da Moskvada yaşamaq şansım vardı, getmədim, bilmirəm hansı qüvvə isə içimdə Bakı deyirdi. Yəqin atamın Bakıdan uzaqda yaşadıqları mənə belə təlqin etmişdi”.

Atası Azər bəyin ilk dəfə Bakıya gəldiyini xatırlayır Rəis bəy. Deyir ki, atamı sürgündən ordu sıraların apardılar, ağır mədənlərdə işlədirmişlər orda: “Əsgərlikdə onunla bir yerdə İrana, Məşhədə sürgün edilmiş azərbaycanlılar da olub. Bir dəfə onlardan biri deyib ki, səni atanla görüşdürə bilərəm, Azər ani duruxub, sonra yox, istəmirəm – deyə cavab verib. Bu söhbət hardansa Almaniyada yaşayan M.Ə.Rəsulzadəyə çatıb. Ona deyiblər ki, oğlun Azər səninlə görüşməyə razılıq verməyib. M.Ə.Rəsulzadə: – “Oğlum düz edib – deyir. Oğlum anlayıb ki, bu tələ ola bilər”. Müharibədən qayıdanda atam yolunu Bakıdan salır, İçərişəhərdə bir vaxtlar rəssamlıqda bir yerdə oxuduğu dostunun evinə düşür. Bir saat keçmiş həyət darvazası döyülür, gələnlər pasportları yoxlamağa gəldiklərini deyirlər. Atam arxa qapıdan çıxıb, o qaçışla qaçır Bakıdan”.

Azər bəy özünü Xəzərin sularına atdı

1959-cu ildə ilk dəfə bəraət xəbərini eşidəndə Azər Rəsulzadə Bakıya gəmi ilə yola düşür, başqa birbaşa nəqliyyat yox imiş Qazaxıstandan Bakıya. 7 günlük yolu Xəzərin Bakı tərəfinə çatan gəmidən bir nəfər kostyum-qalstukda özünü dənizə atır, Xəzərin sularına baş vurub, o duzlu suyu bulaq suyu imiş kimi içir, özünü bu suya batırıb çıxarır. Gəmidəkilər hamısı bu dəlidir-nədir? – fikri ilə heyrətlə baxırlar. Bircə oğlu Rəis anlayırdı ki, bu atasının neçə illik həsrətinin yanğısını çıxartmasıdır.

Sonralar Azər bəy Bakıya oğlu Rəisin evinə, ata babasının məzarı üstünə gələrdi. Nədənsə birdəfəlik Bakıya köçüb gələ də bilmirdi, düzəni bir də yenidən dəyişmək, təbii ki, asan deyil, amma Bakısız da qala bilmirdi. Gəlişinin biri 1988-ci ilə təsadüf etmişdi: “Liftlə qalxıram mənimlə qalxan qonşu deyir ki, bilirsiniz, binamıza hansı məşhur adamsa köçüb bu gün bütün telekanallar, radiolar yığışmışdı bura. Atam mənə demişdi ki, gəlişimi heç kim bilməsin, hardansa xəbər tutub gəlmişdilər onu çəkməyə. Rəhmətlik Elçibəy özü də gəlmişdi, görüşdülər, sonradan dostlaşdılar atamla”.

1991-ci ildə Azər Rəsulzadə bir daha gəldi Bakıya. Axırıncı gəlişi bu oldu, sonra onun qaraciyərində problemlər başladı. 1993-cü ildə oğlu Rəis burdan Qazaxıstana gedib onun yanında qalmalı oldu: “Xəstə idi, sağlam, gümrah adam birdən-birə solmuşdu. Dedi apar məni Bakıda ölüm, sonra dərhal fikrindən daşındı ki, yox. Məni belə görməsinlər, Rəsulzadələrin ruhuna yaraşmaz belə xəstə görkəm, amma hökmən məni aparıb Bakıda, babamın məzarı yanında dəfn edərsən”.

Azər Rəsulzadə elə həmin il səhərə yaxın dünyasını dəyişir, o gecə oğlu Rəislə gecə yarısına qədər söhbət edir, Bakıdan, Naxçıvandan danışırlar. Axı, Rəis bəyin anası Şölə xanım Naxçıvandan sürgün olunmuş bir ailənin qızı olmuşdu, Naxçıvanda çoxlu qohumları vardı. Azər bəyin nəşi Heydər Əliyevin göndərdiyi təyyarə ilə Bakıya gətirilir, onu Novxanı məzarlığında ata babasının məzarı yanında doğma torpağa tapşırırlar.

1994-cü ildə Heydər Əliyev fərman verir ki, Rəsulzadələrin bütün mülkləri sahibinə, yəni varis Rəis Rəsulzadəyə qaytarılsın. O vaxtdan iyirmi il keçir: “Mənə ağır gələn odur ki, məmurlar fərmanın həyata keçirilməsində maneə yaradır. Adama öz haqqını vermirlər. M.Ə.Rəsulzadənin adı universitetə qaytarılsın. O, adi adam olmayıb, istiqlalın yeganə mücahidi olub. Hitler kimi dünyaya meydan oxuyan birinə belə, Azərbaycanın istiqlalını qurban vermək fikrində olmayıb. Ətrafında olanlar kimisi Azərbaycanın Türkiyənin müstəmləkəsi olmasına razı olub, kimisi Rusiyanın, M.Ə.Rəsulzadə isə Almaniyanın da boyunduruğu altına düşməsinə qol qoymayıb”.

İki ay əvvəl ölkə başçısı M.Ə.Rəsulzadənin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı yeni bir fərman verdi: “Çox ümid edirəm ki, məmurların özbaşınalığına bu fərmandan sonra son qoyulacaq, qəbullarına gedirəm, düşə bilmirəm. Babamın ailəsi sürgün ediləndə zorla əllərindən alınıb ruslara, ermənilərə verilmiş mülkləri geri qaytarılsın. Haqqı özünə qaytarılsın, adı layiqli yerini tutsun”.

Rəis bəylə emalatxananın qapısında ayrılıram, sağollaşırıq. Gözlərinin nəmini silib, əli ilə gözümün üstünə düşən saçımı geri sığallayır, qayğı və mehribanlıqla, ata nəvazişi ilə. Özü də bir qız atasıdır. Adam təpədən dırnağa zadəganlıq nümunəsidir. Bir vaxtlar bütünlüklə məhv edilmiş Azərbaycan zadəganlığının bir toxumu. Çox xoş, kövrək, amma gələcəyimizə ümidverən hisslərlə ayrılıram ondan. Böyük M.Ə.Rəsulzadənin yubiley tədbirlərində görüşüncəyə qədər.

Görəsən, Allah insanı yaradanda ona deyib ki, insanları bir-birilərini didmək, parçalamaq, ölümünə hökm vermək, məhvinə fərman imzalamaq üçün müharibələrlə, işğallarla, sürgünlərlə insanı insanın qəsdinə durmaq üçün yaradıram... Yoxsa, sonradan hansısa günahlarımıza görə bu cəzaya məhkum edib bizi yaradan?

Ramilə Qurbanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR