• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Həkimlər və dərman firmalarının işbirliyi: qanı batan xəstələr - ARAŞDIRMA

Həkimlər və dərman firmalarının işbirliyi: qanı batan xəstələr - ARAŞDIRMA

Bir mədə şikayəti ilə əlaqədar bu qədər uzun bir resept…

Bir soyuqlamaya görə həkimə getdim, iki səhifə dərman, iynə yazdı…

Həkimin yazdığı dərmanların ən ucuzu 20 manat idi…

Aptekdən soyuqdəyməyə qarşı dərman istədim, verdiyi dərman heç kömək olmadı…

Yolu həkimdən düşənlərin bu halla qarşılaşmaması, demək olar ki, mümkünsüz hala çevrilib. Xəstələri ən yaxşı halda pul və vaxt itkisi gözləyir. Qaş düzəltmək istəyərkən, gözlərindən olanlar da az deyil.

Bəs həkimlərin bu qədər çox dərman yazmasına səbəb nədir?

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu suala cavab axtaracağıq.

Belə bir fikir var, bahalı dərman mütləq firma məhsuludur. Firma dərmanı məsələsi insanlar arasında bir xof yaradıb. Əslində, bu düşüncə heç də yalan deyil. Çünki eyni dərmanın alternativini 5 manata almaq mümkün olduğu halda, həkim 50 manatlığını yazırsa, artıq beynimizdə “niyə?” sualı yaranmalıdır.

Əslində, bütün dərmanlar firma məhsullarıdır. "Firma dərmanı baha olar" fikrini həkimlər formalaşdırıb. Çünki bizim həkimlər öz ciblərini doldurmaq hesabına ən bahalı dərman firmaları ilə əməkdaşlıq edirlər. Firmalar qarşısında götürdükləri planı yerinə yetirmək üçün resept blanklarını doldururlar.

“Həkimlər çörək ağacımızdır”

Həkimlərlə sıx “əməkdaşlıq” edən dərman firmalarından birinin əməkdaşı özünün və firmanın adının çəkilməyəcəyi halda tərəflərlə əlaqələrin necə qurulması, işbirliyi barədə sirləri açıqlayıb.

“Həkimlər bizim çörək ağacımızdır, onlarla işiniz olmasın”- deyən müsahibim hər bir firmanın həkimlərlə işləmək prinsipinin fərqli olduğunu deyib.

“Hazırda ölkədə 300-dən artıq dərman firması var. Hər bir firmanın həkimlərlə işləmək prinsipi, ödənişin edilməsi qaydaları fərqli olur. İlk növbədə, firma həkimlərə müraciət edir. Baş həkim razılıq verirsə, xəstəxanada, əks halda, həkimlərlə kənarda görüşürük. Baş həkimin icazəsi olanda işləmək daha rahatdır, xəstəxanadakı bütün həkimlərə müraciət edib, qiymətlərimizi və dərmanları təklif edirik. Məsələn, 5 ay ərzində həftədə 3 dəfə xəstəxanaya gəlmək üçün ayda 300 manat baş həkimə ödəyirik. Bu zaman o, bizə “peçat”lı kağız verir.

Hansı həkim razı olursa, əməkdaşlığa başlayırıq. Xəstəyə yazılan dərmanın müqabilində həkimə faiz çatır. Ona görə də həkimlər daha çox bahalı dərmanlar yazır. Həkimlərin 80-90%-i ön ödəmə tələb edir, çünki firma işçisi dəyişəndə problem yaranır”.

Müsahibim deyir ki, dərmanların qiymətinin yüksək olması firmalararası rəqabətin, həkimlərin bu dərmanları yazması da daha çox qazanmaq istəyinin nəticəsidir:

“Həkimlər bahalı dərmanlar təklif edən firmalarla işləməyə çalışırlar. Eyni dərmanı gətirən firma çalışır ki, o, rəqabətdə olduğu firmadan daha yüksək qiymətə satsın. Dərmanın qiyməti yüksək olanda həkimə çatacaq faiz də artır. Çünki o, yazdığı hər reseptə görə faizi alır. Həkimlərin uzun reseptlər yazması da gəlir əldə etməklə əlaqədardır”.

Xatırladaq ki, bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən bu əməkdaşılığın qarşısını almaq üçün vahid resept blanklarının tətbiqinə başlandı. Burada məqsəd həkimlərin dərman firmalarının reseptlərindən istifadəsinin qarşısını almaq idi. Çünki həkimlər həmin reseptlərlə firmalara hesabat verirlər.

Həkimlərin 85%-i maddi marağa işləyir

Müsahibim deyir, vahid resept blankı onların işinə çox da çətinlik yaratmayıb:

“Bəzi həkimlər hələ də, firmaların verdikləri reseptlərdən istifadə edir. Həm də firmaların öz apteklər şəbəkəsi olur, dərmanların alınmasına bu üsulla da nəzarət edə bilirik. Çalışırıq ki, həkimləri öz apteklərimizə yönləndək. Həkimlərin məhz bizim dərmanları yazmalarına bu üsulla nəzarət edirik”.

Bəs həkim dərmanı sata bilmirsə, o zaman əməkdaşlıq sona çatır, yoxsa faiz azalır?

Müsahibimiz zərər ehtimalının əvvəldən hesablandığını deyir:

“Həkimin potensialı əvvəldən nəzərə alınır. Xəstənin həkimin yazdığı bütün dərmanları almaması və digər itki faizi nəzərə alınır, orta rəqəm çıxarılır, həkimin faizi və nə qədər dərman sata biləcəyimiz bununla müəyyən edilir”.

Onun sözlərinə görə, həkimlər əlavə qazanca maraqlı olsalar da, onları işbirliyinə dəvət etmək asan olmur. Ona görə yox ki, onlar satmaq istəmir, sadəcə, daha çox qazanmaq istəyirlər:

“Bəzən həkimlərə müraciət edəndə deyirlər ki, “filan firma daha yüksək qiymət təklif etdi, yaxud xaricdə istirahət təşkil etdi”. Elə həkimlər də var ki, keyfiyyətsiz dərman yazmırlar, hətta bir milyon təklif etsək də. Daha çox Hindistan dərmanlarından imtina edirlər. Lakin həkimlərin 85%-i maddi marağa görə firma ilə işləyir”.

Apteklərlə firmaların əməkdaşlığı

Əczaçı və uzun müddət aptekdə çalışmış Balazər İsmailov bizdən fərqli olaraq xarici ölkələrdə həkimlərin dərman firmaları ilə qanuni şəkildə əməkdaşlıq etdiklərini bildirib:

“Hansı firma həkimə pul ayırırsa, bunun vergisi ödənilir. Bu həm də həkimin işinə nəzarət etmək üçün atılmış addımdır. Azərbaycanda bu əməkdaşlıq nəzarətsizdir, ona görə hansı həkim necə istəyir əməkdaşlıq qurur, istədiyi dərmanı da yazır. Aptekdə işlədiyim vaxtlarda dərman firmaları tərəfindən müraciətlər olurdu. Firmalar məhz onların dərmanlarının satılması, reklamlarını qurmaq üçün əməkdaşlıq təklif edirdilər. Reseptsiz satılan tibbi məhsullarda firma dərmanlarını satmaq daha asan olur. Məsələn, “analgin” üçün aptekə müraciət edən xəstəyə əməkdaşlıq etdikləri firmanın dərmanını məsləhət görürlər. Onun daha baha, lakin keyfiyyətli olduğuna inandırırlar”.

B.İsmailov bir neçə il əvvəl vahid resept üsulunun tətbiq edilməsinin effektinə də toxundu:

“Vahid reseptdən istifadə 5-6 ay effekt verdi, amma sonradan əvvəlki üsula keçdilər. Həkimlər işbirliyi qurduqları firmaların dərmanlarını bacardıqları qədər çox yazırlar, təki pul alsınlar. Aptekdə işlədiyim vaxtda müxtəlif xəstəliklərlə bağlı eyni dərmanın yazılmasının şahidi olmuşam. Bu da məhz həkimin hansı firma ilə işlədiyini sübut edir.

Onsuz da apteklərdə olan məhsulların 85%-i firma məhsullarıdır. 70 qəpiyə olan dərmanın əvəzinə 12-15 manatlıq dərman yazılırsa, burada həkimin öz marağı var. Bunu heç kim inkar edə bilməz, lakin prosesə nəzarət edəcək yeganə qurum Səhiyyə Nazirliyidir”.

Firma ilə işləyirəm

Genekoloq Naibə Həsənova həkimin dərman firmaları ilə əməkdaşlığının normal olduğunu deyir. Onun sözlərinə görə, əsas məsələ düzgün firmanı seçməkdir:

“Başqa həkimlərin necə işlədiyini deyə bilmərəm, mən hər firmaya etibar etmirəm. Bəzi firmalar gənc əməkdaşlarının əlinə kağızları verib, həkimlərin yanına göndərirlər, onlar çox vaxt dərmanın adını düzgün bilmir, vaxtımızı alır. Özünə hörmət edən şirkət heç vaxt həkimin yanına gəlib, dərmanını broşurla təqdim etməz. Normal firmalar xüsusi yerdə məclis təşkil edir, həkimlər həm istirahət edir, həm də peşəkarlar tərəfindən dərman barədə məlumat alır. Bu firmalara hörmət edirəm, xəstələrimə də dərmanlarını yazıram, effektini görürəm”.

Dərmanın qiymətinin bazara uyğun müəyyən edilməsinə gəldikdə, N.Həsənova bununla razılaşmadı:

“Dərmanın molekulasını istehsal edən firma baha, ona oxşar, lakin daha aşağı keyfiyyətdə hazırlayanlar isə ucuz satır. Qiymət fərqi bu zaman yaranır, həkim də həm xəstənin sağalması, həm də öz peşəkarlığını təsdiq etmək üçün keyfiyyətli dərmanı seçməlidir. Əks halda, xəstələrini itirə bilər. Amma əvvəldən dərman firmasında yazacağı dərmanlar qarşılığında pul alan həkim xəstəyə əşya kimi baxır. Bəzi şirkətlər isə həkimə heç nə vermir, sadəcə, dərmanın keyfiyyətini başa salır. Bu firmaların sayı azdır və mən onlarla işləyirəm. Ümumiyyətlə, firmalar özləri də iki qrupa bölünür. Bir qismi hər hansı dərmanın molekulunu xarici ölkədən alıb gətirir. Bəziləri isə həmin molekulun daha az keyfiyyətlisini, eyni ad altında satır. Həkimlər bunları bir-birindən ayırmağı bacarmalıdır”.

Bəzi firma dərmanları xəstələrdə allergiya, ürəkbulanma kimi narahatlığa səbəb olur, bir çox hallarda isə xəstələr xeyrindən çox ziyanını görürlər.

N.Həsənova isə dərmanların bir çoxunun əks-təsirinin olduğunu və buna xəstənin diqqət etməsini məsləhət görür:

“Həkim hər xəstəyə maksimum yarım saat vaxt ayıra bilir. Bu zaman bəzən xəstə digər xəstəliklərini demir, ya da unudur. Ona görə də dərmanı qəbul etməzdən əvvəl dərmanın içlik vərəqində əlavə təsirləri barədə oxumaq lazımdır. Digər xəstəliklərə ziyandırsa, bu barədə həkimə məlumat verməlidir”.

Həkimlə firma arasında sağlam əməkdaşlıq olmalıdır

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli həkimlərlə dərman firmalarının əməkdaşlığının inkaredilməz fakt olduğunu təəssüflə qeyd etsə də, bununla mübarizə aparıldığını bildirib:

“Bu məsələ Səhiyyə Nazirliyinin nəzarətindədir. Bununla bağlı vahid resept kağızlarından istifadə edilməsinə başlanılıb. Monitorinq apararkən hansı aptekdə fərqli blanklar aşkarlanırsa, ona qarşı cəza tədbirləri görülür. Bu həm profilaktik, həm də əsas mübarizə üsullarından biridir. Vahid resept blanklarının tərtibi həkimlərlə firmaların əməkdaşlığına böyük zərbə idi və effektini verdi, həmin faktların sayı azaldı. Bu problemlə bağlı insanlar da ayıq olmalıdır, firma blanklarına yazılmış reseptlərlə bağlı nazirliyə məlumat verməlidir”.

Nazirlik rəsmisi bildirib ki, həkimlə firma arasında yalnız sağlam əməkdaşlıq olmalıdır ki, yeni dərmanlar barədə məlumatlı olsun.

“Həkim firmadan müəyyən məbləğ alaraq xəstəyə dərman yaza bilməz. Xəstəyə lazım olmayan 200-300 manatlıq dərmanların yazılması faktları ilə qarşılaşmışıq. Başqa bir həkimə müraciət edəndə məlum olur ki, bunların çoxu oxşar dərmanlardır və həkim məqsədli şəkildə yazıb. Bu həm maliyyə qaydalarını pozur, həm də həkimə inamı azaldır”.

A.Qədirli bəzən baş həkimlərin xəstəxanalarda firma əməkdaşlarına şərait yaratması ilə razılaşmadığını deyib:

“İş vaxtı firma əməkdaşlarının xəstəxanalara daxil olaraq həkimlərlə münasibət qurmalarına icazə verilmir. Iş vaxtından sonra həkimləri təşkil etdikləri tədbirlərə dəvət edə bilərlər. Həkimlərin firma ilə əməkdaşlığı aşkarlandığı halda onlara qarşı yalnız inzibati tədbirlər görülə bilər”.

Qeyd edək ki, həkimlərin dərman firmaları ilə əməkdaşlığı yalnız Azərbaycanda müşahidə edilmir. Digər ölkələrdə əməkdaşlığın əsas məqsədi şirkətin alimin elmi tədqiqatına dəstək verməsidir. Həkim də həmin firmanın dərmanlarından xəstələrinə məsləhət görür. Bizdə isə həkim elmi kəşflər üçün deyil, aylıq kreditləri bağlamaq, daha yaxşı yaşamaq üçün bu əməkdaşlığa can atır. Ona görə də xarici həkimlərdən fərqli olaraq, bizimkilər xəstəyə keyfiyyətli yox, daha baha dərman satmaqda maraqlıdır.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR