• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ermənilər ölü və yaralılarını Dağlıq Qarabağda gizlədir

Ermənilər ölü və yaralılarını Dağlıq Qarabağda gizlədir

Cəbhə xəttində təxribat cəhdləri həyata keçirən Ermənistan Ordusunun xüsusi təyinatlı dəstələri cəbhənin Tərtər-Ağdam istiqamətində ciddi itkilər verib.

APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Ordusunun postlarından birinə basqın edən ermənilər əsgərlərimizin atəşi altına düşüblər. Nəticədə ermənilərin diversiya qrupunun hərbçiləri arasında xeyli sayda yaralanan və ölən olub. Düşmən bölmələri yaralıları və meyitlərini götürərək geri çəkilməyə nail olublar.

Ağdərə istiqamətində Azərbaycan hərbçilərinin keçirdiyi preventiv tədbir nəticəsində isə ermənilərin xüsusi təyinatlı qrupu məhv edilib. Ötən gecə baş vermiş həmin döyüşdə Azərbaycan tərəfi də itki verib.

Məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyindən iyulun 30-da Dağlıq Qarabağdakı ordu birləşmələrinə göndərilmiş raidoteleqramda ölən və yaralanan əsgərlərin Dağlıq Qarabağdakı hərbi hospitallarda saxlanılması, maksimum şəkildə itkilərin açıqlanmaması və itkilər barədə məlumatların verilməsində «ehtiyatlı olmaq», həlak olanlar barədə məlumatların fasilələrlə açıqlanması göstərişi verilib. Daha bir xüsusi göstəriş isə ölən və yaralanan hərbçilərin Dağlıq Qarabağda saxlanılması, hələlik Ermənistana göndərilməməsi barədədir.

Ermənistan Müdafiə Nazirliyinin bu qərarının son günlər cəbhə xəttindəki kəskinləşən vəziyyət fonunda ölkədə əhalinin təşvişə düşməsinin qarşısını almaq məqsədilə verildiyi bildirilir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı real itkilərin sayının açıqlanmasının ölkədə sosial-siyasi vəziyyəti gərginləşdirəcəyindən ehtiyat edir.

Xatırladaq ki, Ermənistan tərəfi bundan əvvəl də Qarabağda verdiyi itkiləri maksimum gizlətməyə çalışıb. Lakin sonradan müxtəlif mənbələr tərəfindən açıqlanan rəqəmlər ermənilərin rəsmi orqanları tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi son 3 gündə cəbhədə 3 nəfərin öldüyünü açıqlayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR