“Əgər Rusiya Azərbaycanı sındıra biləcəyinə inansa...” – Rəy
Bizi izləyin

Qırmızı.az

“Əgər Rusiya Azərbaycanı sındıra biləcəyinə inansa...” – Rəy

İyunun 31-dən avqust ayının 1-nə keçən gecə Azərbaycan-Ermənistan təmas xəttində gərginləşən vəziyyət dünən gecə də ciddiliyini saxlayıb. Dünən 8 hərbçisini itirən Azərbaycan ordusunun bugünkü itkisi isə 5 nəfər olub.

Publika.az-a açıqlamasında politoloq, Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev təmas xəttində baş verən son hadisələri şərh edib.

Politoloq erməni hücumlarının birbaşa Rusiyanın göstərişi ilə olduğunu bildirir: “Rusiyanın əsas tələblərindən biri Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlıdır. Dağlıq Qarabağla bağlı Moskvanın planı isə rus sülhməramlılarının burada yerləşdirilməsidir. Ancaq Rusiyanın Azərbaycanı genişmiqyaslı müharibəyə çəkmək istədiyinə inanmıram. Rusiya, sadəcə, Azərbaycanın gözünü qorxutmaq, Azərbaycanı sındırmaq istəyir”.

Azərbaycanın bundan sonra hansı addımlar atmalı olduğuna gəlincə, F.Mehdiyev hesab edir ki, rəsmi Bakı Qərblə diplomatik fəaliyyətini genişləndirməlidir: “Azərbaycan Qərbi başa salmalıdır ki, müharibə astanasındayıq, Rusiya bizə təzyiq edir. Amma bunu yalnız Qərb ölkələrindən diplomatik dəstək xatirinə etmək lazım deyil, müharibə ehtimalını da gözdən qaçırmaq olmaz. Bu, xüsusən silah-sursat və kəşfiyyat məlumatı almaq üçün lazımdır. Azərbaycanın “Azərspace-1” peykindən kəşfiyyat məlumatları almaq olmur. Aktiv kəşfiyyat məlumatları olmadan aktiv müharibəyə keçmək çox risklidir. Məlumdur ki, Rusiya müharibə olacağı halda Ermənistanı kəşfiyyat məlumatları ilə təmin edəcək. Hazırda ABŞ-dan başqa Fransa və İngiltərənin də bu cür peykləri var. Amma bu ölkələrin Azərbaycanı lazımi kəşfiyyat məlumatları ilə təmin edəcəyinə inanmıram. Bundan başqa isə, bu ölkələr texnologiya baxımından ABŞ-dan geridədir. Buna görə də bu məsələdə ABŞ-a üstünlük vermək lazımdır. Amma tam zəmanət də yoxdur ki, ABŞ-dan müsbət cavab alacağıq. Ən azından buna cəhd etmək lazımdır. Səfərbərlik elan oluna bilər və nümayiş oluna bilər ki, Azərbaycan geri addım atmaq fikrində deyil”.

Politoloq hesab edir ki, təmas xəttində vəziyyətin səngiməsi üçün Azərbaycan konkret addımlar atmalıdır: “Bu addımlardan biri o ola bilər ki, Azərbaycan Rusiyanın ayağına getsin. Yaxud da elə addımlar atılsın ki, Rusiya Azərbaycanı sındıra bilməyəcəyini görsün. Əgər Rusiya Azərbaycanı sındıra biləcəyinə inansa, bu cür təxribatlar da davam edəcək”.

Atəşkəş razılaşmasının imzalanmasından bu yana ən böyük itkilərlə qarşılaşdığımızı xatırladan müsahibimiz hesab edir ki, cavab istənilən halda verilməlidir: “Amma planlaşdırılan bir əməliyyatda itkinin minimum olmasına çalışmaq lazımdır. Digər halda isə ağır texnika və aviasiyanın iştirakı ilə irimiqyaslı əməliyyatlara başlamaq lazımdır. Bu isə müharibənin başlanmasıdır. Qərarı, hər halda, Müdafiə Nazirliyindəki müvafiq şəxslər verəcək. Amma hər halda müvafiq reaksiya verilməlidir. Məsələ, sadəcə, insan həyatını qorumaqdan ibarət deyil. Burada məsələ hərbi duruş, ölkənin imici, müdafiə qabiliyyətinin nə yerdə olması və ölkənin şərəfidir. Bu məsələdə şəhid verməyə xalqlar razı olmalıdır. Cəmiyyətdə bəzi insanlar var ki, qəti şəkildə əsgər ölümlərinə qarşıdırlar. Bəyəndiyimiz böyük dövlətlərin hamısı vaxtilə minlərlə, on minlərlə qurban verərək dövlətlərini genişləndiriblər. Amma istəməzdim ki, əsgərlərimiz səngərdə həlak olsunlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm