• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tanınmışlar televiziyaların çal-çağırından danışır - RƏYLƏR

Tanınmışlar televiziyaların çal-çağırından danışır - RƏYLƏR

Fazil Mustafa: "Televiziya musiqini dayandırsa, vəziyyət düzələcək" kimi yanaşmalar doğru deyil

Nizami Cəfərov: "Desək ki, ümumiyyətlə, musiqi səslənməsin, bu da olmaz"

Zeynal Məmmədli: "Onsuz da, oynayan yenə də oynayacaq"

Məlum olduğu kimi, son günlər Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət xeyli gərginləşib. Belə ki, baş verən intensiv atışmalar nəticəsində Azərbaycan ordusunun 13 nəfər hərbçisi şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin itkiləri bir neçə dəfə çoxdur.

Hərbçilərimizin şəhid olması onların yaxınları ilə bərabər, hər birimiz tərəfindən hüznlə qarşılanır. Amma ölkəmizdə fəaliyyət göstərən bir çox televiziya kanallarında bu hüznü görmək mümkün deyil. Bu gün də daxil olmaqla bir neçə gündür ki, televiziya kanallarında şou proqramlar, musiqili verilişlər dayandırılmır. Sosial şəbəkələrdə əsas mövzulardan biri məhz elə belə günlərdə telekanalların bu tip verilişlər verməsidir.

Bəs, son günlər cəbhədə baş verən itkilərə rəğmən, televiziya kanallarının çal-çağırlı, musiqili verilişlər verməsi nə dərəcədə düzgündür?

Millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlamasında bildirib ki, hər bir televiziya kanalının müəyyən bir yayım siyasəti var. Milli Məclis üzvünün sözlərinə görə, bu günlərdə çal-çağır və digər əyləncəli məsələləri şəhidlərimizə görə gündəmdən qaldırmaq lazımdır:

“Amma savaşla bağlı məsələlərdə daha çox məsuliyyət Müdafiə Nazirliyinin üzərinə düşür. Belə ki, onlar vəziyyətin nə yerdə olduğunu bildirməlidirlər. Çox vaxt televiziyaların özləri bunları bilmir. Həmçinin indi hamı nəyin xoşa gəlib, nəyin xoşa gəlməyəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Ola bilsin ki, hansısa musiqi verilə bilər və həmin musiqi vətənpərvərlik üçün daha faydalı ola bilər. Amma kiminsə xoşuna gəlməyə də bilər ki, niyə ümumiyyətlə, musiqi verirsiz?”


Millət vəkili qeyd edib ki, belə ağır məsələlərdə biz daha çox əlimiz çatan yerləri hədəfə almağı xoşlayırıq.


“Bəzən dəqiq məlumatların olmaması müəyyən problemlər yaradır. Ümumiyyətlə, televiziyalar siyasətlərinə yenidən baxmalıdırlar. Amma bununla belə televiziyaların üzərinə bu qədər yüklənmək olmaz. Sanki orduda, döyüşlərdə baş verənlərin səbəbkarı televiziyalardır. "Televiziya musiqini dayandırsa, vəziyyət düzələcək" kimi yanaşmalar doğru deyil. Televiziyalar sadəcə, dəqiq informasiyalar verməlidirlər. İnsanların bir az ruh düşgünlüyünün yaranmasına imkan verən halları ortadan qaldırmalıdırlar. Bunlar olarsa, heç bu qədər ittiham obyektidə olmazlar”, - deyə F.Mustafa vurğulayıb.

Media eksperti Zeynal Məmmədli məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında bildirib ki, öncə daha çox cəbhədən gələn xəbərlərin doğru olub-olmadığına diqqət yetirilməlidir: “Əsas bu məsələlərə fikir vermək lazımdır. Bu məsələ ilə bağlı rəsmi açıqlamalar yubanır, bu isə şaiyələrə yol açır. Jurnalistlər daha çox buna diqqət etməlidir. Yoxsa hansısa telekanalda konsert və yaxud digər bu tipli verilişlər gedir deməklə iş bitmir?”

Media eksperti qeyd edib ki, vətəni müdafiə etmək, ağlamaq demək deyil: "O, başqa məsələdir ki, şəhid olanlara sayğılı yanaşmaq lazımdır. Cəmiyyət də bunu sorğulamalıdır ki, bu ölümdə komandirlərin, əməliyyatı təşkil edənlərin nə dərəcədə günahı var? Əsas jurnalist işi budur. Yoxsa konserti yığışdırıb əvəzində matəm musiqisi versinlər, bu nəyə aparıb çıxaracaq? Onsuz da oynayan yenə də oynayacaq”, - deyə Z.Məmmədli vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Teleqraf.com-a açıqlamasında televiziyaların bu məsələyə həssas yanaşmalarının vacibliyini bildirib. Millət vəkilinin sözlərinə görə, burada söhbət şadlıq etməkdən və yaxud kədərə bürünməkdən getmir.

“Müharibədir və hər iki tərəfdə əsgər dayanıb. Bir əsgər işğal etdiyi ərazini qoruyur, bizim əsgər isə çalışır ki, işğal olunmuş torpaqlarını geri qaytarsın. Sözsüz ki, itkilərimiz olacaq. Burada təhlillər aparmaq lazımdır, fikirlər söylənməlidir, ağıllı, təmkinli, yeri gələndə vətənpərvərlik hisslərini coşduran məsələlər olmalıdır. Təbii ki, dərhal kədərlənmək də olmaz. Desək ki, ümumiyyətlə, musiqi səslənməsin, bu da olmaz. Bunun əks tərəfini bilirəm ki, deyəcəklər, gəlin, oturaq ağlaşaq. Onu da qeyd edək ki, son günlər bizim televiziyalarda kifayət qədər hərbi vətənpərvərlik verilişləri və filmləri verildi. Yəni bu məsələyə reaksiya verildi. Görünür ki, bundan da daha yaxşı eləmək olardı”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR