• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uşaqları kitaba alışdırmağın yolu

Uşaqları kitaba alışdırmağın yolu

Hazırlıq kursu” layihəsində: II dərs

Həftəlik elektron qəzet “Vikers Vekli” uşaqlarda mütaliə vərdişinin necə formalaşdırmağın yollarını öyrənmək məqsədilə silsilə araşdırmalar aparıb. Məsələnin bizim cəmiyyətimiz üçün də aktuallığını nəzərə alan Axar.az bu araşdırmaların nəticələrini öxucuları ilə bölüşür.

Nəqletmə, “kitabla inprovizə edilmiş ünsiyyət” mərhələsi körpəni müstəqil mütaliəyə hazırlayan ən mühüm pillədir. “Kitab yolu”nun başlanğıcında uşaqlar üçün elə kitablar seçmək lazımdır ki (DİQQƏT!) valideynin şifahi improvizasiyası üçün etibarlı mənbə ola bilsin. Yəni elə kitablar tapmalıyıq ki, böyüklər, ilk növbədə isə ana onun şəkillərinə baxıb müəyyən bir əhvalatı nəql edə bilsin. Hətta kitabın özündə mətn olsa belə, bu, ancaq şifahi söyləniləcək hekayətlərə istiqamət verə bilər.

Ancaq məxsusi bunun üçün, yəni nəql edən böyüklər üçün hazırlanmış kitablar çox azdır. Naşirlər bu mərhələni, təəssüf ki, nəzərdən qaçırırlar. Onlar ən çox “bir yaşından üç yaşınadək” olan uşaqları düşünürlər. Bu isə ağla gələn ən mənasız ünvanlamadır. (O, sanitar norma və qaydalardan əxz edilib, ancaq çətin ki, müxtəlif sanitar normaları işləyib hazırlayan qabaqcıl səhiyyə institutlarını uşzqların psixoloji özəllikləri sahəsində aparıcı ekspert hesab etmək olar.) Bir yaşlı və üç yaşlı uşaqlar arasında nitq inkişafının vahidləri ilə ölçülən uçurum var. Bu baxımdan üç müxtəlif insan tipi mövcuddur: danışmayanlar, danışmağa başlayanlar və yaxşı danışanlar. Danışmayanlara və ya yenicə danışmağa başlayanlara daha çox söyləyirik, danışanlara isə artıq oxuyuruq. Və yaşa görə münasib kitabların kriteriyaları da tamamilə fərqlidir.

Nə qədər ki, körpə danışmağa başlamayıb, özünüzü çətinə salıb onun anlaya biləcəyi mətni axtarmağa gərək yoxdur. Mətnin məna və məzmun yükü nə qədər sadə, qısa və aydın olsa da fərq etməz, bu mərhələdə oxumaq “havaya gedir”. Təkrar edirəm: elə kitab axtarıb tapmaq lazımdır ki, ona baxa-baxa (araşdıraraq) uşaqla ünsiyyət qurmaq mümkün olsun. Bunun üçün ən yaxşı seçim oyuncaq kitablardır. Onlar hər hansı bir fəaliyyət tələb edirlər: ipi çəkmək, düyməciyi basmaq, qapağı çəkib açmaq, çarxı fırlatmaq, nəyisə sığallamaq. İlk baxışda doğru yol təəssüratı oyadır: körpəyə onun üçün təbbi və cəlbedici olan təqdim edilməlidir. Ancaq əgər ünsiyyət yalnız elə bununla tamamlanarsa, onu “kitab bölməsinə” aid edə bilmərik. Çünki bu fəaliyyət digər əşyalarla münasibətdən heç nə ilə fərqlənmir. Əgər uşağın hər hansı bir “ikişaf etmiş” fəaliyyət göstərməsini istəyiriksə, bunun üçün kitab olmasa da, xususi nəzərdə tutulmuş oyuncaqların istifadəsi daha çox effekt verər.

Kitabla ünsiyyətdə hərəkət (açmaq-örtmək, çarxı fırlatmaq, əllə toxunmaq, yoxlamaq və s.) yalnız və yalnız yardımçı olmalıdır: onun funksiyası uşağın diqqətini şəkillərə yönəltmək, onun fikrini toplamağa xidmət etməkdir. Belə bir fəaliyyət bizim nitqimizlə, söylədiyimiz əhvalatlarla çox asanlıqla uyuşmalıdır. Əgər işlər bu yöndə gedərsə, deməli, seçim düzgündür. Əgər oyuncaq elementi kitabı üstələyərsə və məqsədimizə kömək etməkdənsə mane olarsa, deməli, səhv yoldayıq. Bizim üçün ən başlıcası odur ki, uşaqda baxmaq, gözdən keçirmək təcrübəsi formalaşmağa başlasın. Bəlkə hətta heç düşünmürük ki, bu təcrübə nə qədər vacibdir və onun nə qədər uşaqgörən nəticələri ola bilər. Axı “şəkillərə baxmaq” nə deməkdir? Xüsusilə, ilkin dövrdə, yəni nitqin yeni formalaşmağa başladığı vaxtlarda, körpə, sözün həqiqi mənasında “mədəniyyət pilləsinə” qədəm qoyanda, iki ayaq üstə dayana biləndə dünyanı əşyalarla dərk etmək yolunda ilk addımlarını atır. Şəkillərə baxmaq – işarələri görmək deməkdir. Bax bunu böyüklər pişik adlandırır, ancaq bu, “təbii” pişik, yəni bizim ona həyətdə göstərdiyimiz pişik deyil. Bu, pişiyin şəkli və ya işarəsidir. İşarəsi isə “konvensiyanın” – bir mədəniyyətin nümayəndələri arasındakı sazişin nəticəsidir. Səslərlə də eynilə bu cürdür. Bunuçün də işarələr – hərflər var.

Başqa sözlə desək, körpə ilə birlikdə şəkilləri gözdən keçirəndə o, işarələri “oxumaqda” ilk təcrübə qazanır. Bu uşağın gələcəkdə mütaliəyə yiyələnməsi yolunda özünəməxssus bir hazırlıqdır. Həm də yalnız texniki mütaliəyə deyil... Heç təsadüfi deyil ki, biz uşaqlara “çılpaq” işarələri deyil, şəkilləri göstəririk. Şəkillər – bədii obrazlardır. Onlar sadəcə, hər hansı bir əşya bildirməklə qalmayıb, həm də rəssamın emosional münasibətini də ifadə edir. Bu münasibət yoluxucudur (incəsənətin təsiri də məhz bundan ibarətdir). Biz “mənalı şəkil”, “parlaq obraz” deyəndə obrazın öz xüsusiyyətləri ilə bizim emosiyalarımıza etdiyi təsiri nəzərdə tuturuq. Körpənin emosiyaları, bir tərəfdən, hələ çox sadədir və “mənə yaxşıdır – mənə pisdir” düsturuna uyğun gəlir. O, hələ inkişaf edəcək, mürəkkəbləşəcək, onları idarə etmək lazım gələcək. Digər tərəfdən də uşaq – emosiyaalarla hərəkətə gələn varlıqdır. Emosiya isə - “emal mərkəzinə” ən müxtəlif informasiyaları daşıyan lokomotivdir. Körpəyə göstərdiyimiz şəkillər onda emosiya doğurmalıdır, həm də müsbət emosiyalar, onun şüurlu fəaaliyyətini stimulladıran emosiyalar... bu isə o deməkdir ki, şəkil obrazlar uşağın təcrübəsinə uyğun olmalıdır, çünki ən başlıca emosional “ötürücü” – tanımaqdır. Ancaq bu məqamda məsələ onda deyil ki, uşaq şəkildə ancaq real həyatda gördüklərinin şəklinə baxmalıdır. O, hələ çox şeyləri görməyib və ondan azının şəklini görüb. Məsələ bir qədər fərqlidir.

Tanımaq hiss, duyğu, həyəcan təcrübəsinə əsaslanır. İlkin dövrdə başlıca həyəcan isə hərəkət, fəaliyyətlə bağlıdır. Körpə uşaq – “fəaliyyətdə olan subyektdir”. Hərəkət – onun ən müxtəlif sahələrdə (fiziki, əqli, emosional və s.) inkişafının göstəricisi və mənbəyidir. Uşağın diqqətini də şəklə yönəldən məhz hərəkətdir. Əslində, kitabda oyun elementlərinin tətbiqi də məhz buna əsaslanır. Lakin bu, “zahiri” hərəkətdir. Bundan başqa şəklin özündə də gizlənən hərəkət olmalıdır. Uşaq kitablarında təsvir olunmuş personajlar mütləq hansısa bir hərəkət icra etməlidirlər. Biz, tamaşaçılar isə onun hərəkətini və gördüyü işi asanlıqla anlamalıyıq.

Əgər biz böyüklər bu hərəkəti sözlə ifadə edə biliriksə və bu hərəkətlər kifayət qədərdirsə, deməli, kitab “əsl biz istəyəndir”. Başqa sözlə, nə qədər çox “fel görünərsə”, o qədər yaxşıdır. Təbii ki, şəkillər də gözəl çəkilməlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR