• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlik: "Hətta qocalar da döyüşmək üçün müraciət edir"

Nazirlik: "Hətta qocalar da döyüşmək üçün müraciət edir"

Azərbaycanda əsl şəhidlik bayramı yaşanır. Onlarla insan, gənc, qoca könüllü olaraq birbaşa döyüşə getmək üçün Silahlı Qüvvələrin hərbi hissələrinə yazılmaq istəyir. Döyüşə getmək istəyənlər arasında hətta yaşı 80-90-nı ötmüş qocalar da var.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən son günlər erməni kəşfiyyat-təxribat qrupu tərəfindən cəbhənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti basqın zamanı şəhid olmuş və göstərdikləri şücaət və rəşadətə görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilən 12 hərbi qulluqçunun ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil edilir.

Artıq bir neçə belə mərasimdə şəhidlərin medallarını ölümündən sonra ailələrinə təqdim edən Müdafiə Nazirliyinin Hərbi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani Trend-ə bildirib ki, o, bu mərasimlər zamanı əsl şəhidlik bayramının şahidi olub: "Masallı rayonunun Həsənli inzibati ərazi dairəsində şəhid əsgər Rəhimov Əli Fətulla oğlunun ailəsinə medalı təqdim etmə mərasimi kənd məscidinin həyətindəki böyük meydanda yas mərasiminin 3-cü günü oldu. Qeyd edim ki, Əli özü də əmisinin oğlunun adını daşıdığı orta məktəbdə təhsil alıb. Onun əmisi oğlu Sərhəddin Yədulla oğlu Rəhimov da 1992-ci ildə I Qarabağ savaşı zamanı Ağdərə bölgəsində şəhid olub. İndi isə hər iki şəhidin qəbri yan-yana yerləşir. Kənddə izdihamlı mərasimdə 500 nəfərdən çox insan iştirak etdi. Mərasim zamanı onlarla gənc könüllü olaraq birbaşa döyüşə getmək üçün Silahlı Qüvvələrin hərbi hissələrinə yazılmağı xahiş ediblər. Onlar şəhidin məzarı üstündə and içdilər ki, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər an hazırdırlar. Hətta qocalar belə döyüşə getməyə hazır olduqlarını bildiriblər. Şəhid Əli Rəhimovun atası rəhmətə gedib. Onun 90-dan çox yaşı olan və artıq bir övladını şəhid vermiş əmisi Yədulla Rəhimov deyib ki, şəhid oğlunun və qardaşı oğlunun intiqamını almaq üçün o biri övladlarını da Vətən yolunda qurban verməyə hazırdır".

A.Qurbani qeyd edib ki, şəhid əsgər Məmmədov Səftər Əlihüseyn oğlunun medalı Salyan rayonunun Seyidsadıqlı kəndində üç mərasimində ailəsinə təqdim edilib. Həmin mərasimdə də tükürpədici hadisələr yaşanıb: "Şəhid Səftər Məmmədov iki bacının yeganə qardaşı olub. Bu gün onun ad günüdür. Onun medalını ad günü ərəfəsində ailəsinə təqdim etdik. Orada 1994-cü ildə oğlunun cəsədi döyüş bölgəsindən çıxarılmayan bir ana vardı. O medalı təqdim olunan şəhidin anasına dedi ki, sən bəxtəvər insansan. Sənin oğlun şəhid olub və onun cənazəsi gətirilib, mənim oğlumun isə ölümündən 20 il keçməsinə baxmayaraq, cəsədi ailəmə təqdim olunmayıb. Bizə bildirdilər ki, həmin ana çox ağır təbiətli, qaradinməz, çox danışmayan qadındır. Onun səsini kənddə demək olar ki, eşidən olmayıb. Amma orada həmin qadın tükürpədici bir səs çıxararaq dedi: "Oğlum Vətən uğrunda şəhid olub. Mən onunla fəxr edirəm. Təki Vətən sağ olsun!".

İdarə rəisinin müavini bildirib ki, bir neçə saat bundan öncə onlar Biləsuvar rayonunun Nərimankənd kəndində olub və şəhid əsgər Qarazadə Anar Vidadi oğlunu son mənzilə yola salıblar: "Bu gün dəfn edilən Anar Qarazadə kəndin sayca 6-cı şəhididir. Anar idmançı olub və həmişə döyüşə can atıb. Hətta əsgərliyə gedərkən deyib ki, mən ya milli qəhrəman, ya da şəhid kimi qayıdacağam. Onun dəfn mərasimində minə yaxın adam iştirak edirdi. Onlar da cənazə üstündə şəhidlərimizin intiqamını almağa, Ali Baş Komandanın əmrini hər an yerinə yetirməyə hazır olduqlarına and içdilər. Bu mərasimlər xalq-ordu birliyini bir daha sübut etdi. Şəhidin evi ilə qəbiristanlıq arasında məsafənin çox olmasına baxmayaraq, tabut avtomobilə qoyulmadı, yol boyu insanların çiyni üstündə daşındı. Bu sadəcə ölü dəfn edilməsi deyildi. Bu, əsl şəhidlik bayramı idi. Təsəvvür edin ki, qəbiristanlıq alqış səslərindən lərzəyə gəlirdi".

Qeyd edək ki, medalların şəhidlərin ailələrinə təqdim olunması mərasimlərində I Qarabağ savaşı və Əfqanıstan müharibəsi veteranları, şəhidlərin xidmət etdiyi hərbi hissələrin, yerli icra hakimiyyətinin nümayəndələri, ziyalılar və digər şəxslər iştirak edirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR