• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Sevil” massivi ilə bağlı Turanın da adı hallanır

“Sevil” massivi ilə bağlı Turanın da adı hallanır

Minlərlə insanın ev almaq istəyini gözündə qoyan “Sevil” MMC tikinti şirkəti ilə bağlı araşdırmalar davam edir.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “Sevil” MMC və şirkətə məxsus yaşayış massivini möhürləyərək qapadandan sonra minlərlə müştəri biçarə durumda çıxış yolu axtarır. Onların bir çoxu baş verənlərdə ATV kanalını da suçlu bilir. Bu da səbəbsiz deyil. “Sevil” MMC-nin ən sərfəli şərtlərlə tikinti həyata keçirməsini sürəkli şəkildə reklam edən məhz bu kanal olub. “Sevil”ə üz tutanların böyük əksəriyyəti ən sərfəli şərtlərlə ev almaq arzularını gerçəkləşdirə biləcəklərini ATV-dən eşidiblər, ora gedib müqavilə bağlayıblar. İndi isə şirkət bağlanıb, minə yaxın vətəndaşın böyük pulları əllərindən çıxıb. Onların əli “Sevil” MMC-nin rəhbərinə çatmır - Aynur Zeynalov 3 ay müddətinə həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır. Qalır ATV.

Bu telekanalda “Sevil” MMC-nin reklamını təqdim edən Turan İbrahimov olub. Bu səbəbdən də “Sevil” müştəriləri onu suçlu bilirlər. Hər gün yüzlərlə müştəri israrla telekanala zəng edib “yalançı reklam” hesabına aldadıldıqlarını, böyük paralarının əllərindən bu yolla alındığını deyirlər.

Aldığımız məlumata görə, “Sevil” MMC-nin reklamı ATV efirinə Turan İbrahimovun əlaqələri hesabına ayaq açıb. Hazırda bu məsələnin Vergilər Nazirliyi tərəfindən araşdırılması xəbəri də var.

Qeyd edək ki, iyulun 25-də Baş Prokurorluq “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalovun və həmin kooperativin direktoru Elçin İsmayılovun həbsi haqda məlumat yayıb. Həmin məlumatda bildirilir ki, A.Zeynalov və digərləri qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Şirkətin yaşayış massivi salacağı ərazinin də qanunsuz əldə olunması da rəsmi məlumatda bildirilib.

Hazırda “Sevil Massivi” MTK-da tikinti və satış işləri dayandırılıb, törədilmiş cinayət nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın müəyyən edilərək onların hüquqlarının bərpa olunması, eyni zamanda, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməklə istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam etdirilir.

Xatırladaq ki, adıçəkilən MTK-nın işlərinin düyünə düşdüyü, alıcıların aldadıldığı və kooperativ rəhbərinin həbs edilməsi barədə ilk olaraq “Yeni Müsavat” qəzeti yazmışdı. Ancaq məlumat MTK-nın məsul işçiləri tərəfindən israrla təkzib olunurdu.

Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. (musavat.com)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR