• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlikdə Aİ-nin ekspertləri ilə görüş keçirilib

Nazirlikdə Aİ-nin ekspertləri ilə görüş keçirilib

Avqustun 4-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dəstək" tvinninq layihəsinin avropalı ekspertləri ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bu gün verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində respublikamızda əldə olunan dinamik iqtisadi inkişafın sosial rifah amilinin güclənməsi, əmək və sosial hüquqların təkmilləşməsi ilə müşahidə olunduğunu vurğulayıb.

Respublikanın əmək münasibətləri sistemində aparılan islahatlardan bəhs edən İ.İsayev bildirib ki, işçilərin əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin daha səmərəli şəkildə qurulmasına, onların gələcək sosial təminat hüququnun dolğun şəkildə reallaşmasına yönələn bu islahatlar həmçinin dövlət pensiya təminatı sisteminə də müsbət təsir göstərəcək: "Tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi (EİS) eyni zamanda sosial sığorta haqları üzrə daxilolmaların artımına səbəb olacaq. EİS qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasında, işçilərin gəlirlərinin düzgün rəsmiləşdirilməsində, bununla da sığorta-pensiya sistemində yığım komponentinin güclənməsində, vətəndaşların pensiya təminatı üçün vacib hüquqi və maliyyə təminatında effektli vasitədir".

Nazir müavini EİS-in DSMF-nin pensiya-sığorta sisteminə tam inteqrasiya olunduğunu, aparılan işlərin qeyri-dövlət pensiya fondlarının formalaşdırılması prosesini stimullaşdırmağa da imkan yaratdığını qeyd edib.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkədə həyata keçirilən məşğulluq siyasəti, aktiv məşğulluq proqramları, işsizliyin səviyyəsi haqqında məlumat verib, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində aparılan işləri, əldə olunan nəticələri diqqətə çatdırıb. DSMF-nin Aparatının Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova yeni Tvinninq layihəsindən söz açıb, layihənin dövlət pensiya təminatı sistemində real yığım komponentinin, həmçinin qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək dolğun normativ hüquqi bazanın hazırlanmasına xidmət etdiyini bildirib.

Tvinninq layihəsinin Avropa İttifaqı üzrə rezident müşaviri Aqrita Qroza və layihəni həyata keçirəcək qurumlardan olan Latviyanın Rifah Nazirliyinin sosial sığorta departamentin direktoru Yana Mujnieçe Azərbaycanın əmək münasibətləri və dövlət pensiya sistemlərində aparılan islahatların mahiyyətcə bir-birini tamamladığını vurğulayıblar. Onlar hər iki sahədə aparılan islahatların bir-birinə dəstək verdiyini, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin qeyri-dövlət pensiya fondlarının formalaşdırılması üçün də əhəmiyyətli rol oynadığını qeyd ediblər.

Görüşdə əmək münasibətləri və pensiya təminatı sistemlərində aparılan islahatlar, habelə qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı fikir mübadilələri aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR