Bu ölkələrə səfər edənlər dəhşətli xəstəliyə yoluxur
Bizi izləyin

Qırmızı.az

Bu ölkələrə səfər edənlər dəhşətli xəstəliyə yoluxur

Afrikanın qərbində ölümcül Ebola virusu qurbanlarının sayı 887 nəfərə çatıb. Syera Leon, Liberiya, Qvineya və Nigeriyada Ebola qızdırmasından 729 nəfərin öldüyü bildirilirdi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, fevral ayından bəri 1603 yoluxma halı qeydə alınıb.

Preventiv tədbirlər çərçivəsində Nigeriya aeroportlarında tibbi yoxlanış baxımından təhlükəsizlik tədbirləri gücləndirilib. Liberiyadan gələn turistdə Ebola virusu aşkarlandıqdan sonra Laqosun Beynəlxalq Aeroportunda sərnişinlər hərarət skanerindən keçirilir.

Bəs virus Azərbaycan üçün nə qədər təhlükəlidir?

Respublika Taun əleyhinə stansiyanın direktor müavini Şair Qurbanov Publika.az-a açıqlamasında bildirib ki, Afrika ölkələrində yayılmış Ebola virusu Azərbaycan üçün təhlükəli deyil. Onun sözlərinə görə, virusun Azərbaycana gəlməsi və yayılması üçün şərait yoxdur. Lakin ehtiyat tədbirləri də görülməlidir:

“Xəstəlik uçan yarasalar vasitəsilə yayılır. Bir çox Afrika ölkələrində bu heyvanların ətindən istifadə edilir. Onların qanı insan bədəninə keçəndə virusa yoluxur. Xəstəlik insandan insana qan vasitəsilə, həmçinin kontakt nəticəsində keçir. Xüsusən də həmin xəstələrə qulluq edən həkimlər diqqətli olmalıdır. Xəstə insana qulluq edənlər diqqətli olmalıdır, təhlükəsizlik qaydalarına riayət edilməlidir. Müalicə və peyvəndin olmaması onun sürətlə yayılmasına səbəb olur”.

Ş.Qurbanovun sözlərinə görə, son 20 ilin xəstəliyi olan Ebolanın xüsusiyyətləri tam öyrənilməyib. Onu təhlükəli edən əsas məqam müalicə və peyvəndinin olmamasıdır. Ona görə də Ebola yüksək səviyyəli qorxulu xəstəlik hesab edilir. Virusa yoluxmuş insanların 10% sağalma ehtimalı var. Bu da bədənin müqavimət gücü ilə əlaqədardır. İmmun sistemi zəif və xroniki xəstəliyi olanlar bu virusa yoluxduqdan qısa müddət sonra ölə bilərlər.

Ş.Qurbanovun sözlərinə görə, xəstəliyin təhlükəsi həmin ölkələrdə yoluxmuş insanların miqrasiyası ilə əlaqədardır:

“Virusun inkubasiya dövrü 21 gündür, həmin müddətdə insan tam sağlam olur. Ona görə də həmin ölkələrdən gələn insanlar azı 21 gün nəzarət altında olmalıdırlar. Afrika ölkələrindən Azərbaycanda təhsil alan tələbələr varsa, onlar da nəzarətdə saxlanmalıdırlar. Xəstəliyin yayıldığı müddətdə həmin ölkələrə getməmək məsləhət görülür. Səfər etmək fikirləri olanlar səfərlərini təxirə salsalar, daha yaxşı olar. Çünki həmin ölkələrdə virusla bağlı tam məlumatımız yoxdur. Ola bilər ki, heç də yoluxanların, ölənlərin hamısı qeydiyyata alınmır və rəqəmlər açıqlandığından daha çoxdur”.

Virusun qarşısını almağa gəlincə, müsahibimiz bunun yalnız sanitar maarifləndirmə ilə mümkün olduğunu bildirib:

“Təəssüf ki, xəstəliyin yayıldığı ölkələrdə maarifləndirmə çox aşağıdır. Onlar xəstəliyin uçan yarasalar vasitəsilə yayılmasına inanmırlar. Mifik fikirlər irəli sürürlər. Bu da mübarizə üsulunu çətinləşdirir. Virus yayılsa da, onlar həmin heyvanlarla ünsiyyətdə olur. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklə mübarizə aparmaq üçün ilk növbədə insanları maarifləndirməyə çalışır”.

Qeyd edək ki, müalicəsi və peyvəndi olmayan virus periodik olaraq aktivləşir. Ş.Qurbanov müxtəlif vaxtlarda aktivləşmənin səbəbinin tam bilinmədiyini deyib:

“Virusa yoluxma hallarının müəyyən dövrlərdə artması həmin uçan yarasaların aktivləşməsi, onlarla qidalanmanın artması ilə bağlı ola bilər. Bu heyvanların bişmiş ətindən yeyəndə yoluxma olmur. Çünki ət bişdikdə, virus ölür”.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist-parazitoloq Vüqar Cavadzadə virusun ilk dəfə 1976-cı ildə Sudanda baş verən epidemiyadan sonra yarandığını bildirib:

“Onun adı da Zairdəki çayın adından götürülüb. Virus əsasən gəmiricilərdə olur, tənəffüs yolları və dəri vasitəsilə ilə orqanizmə daxil olur. Virus yoluxmadan 4-6 həftə sonra şiddətli qızdırma, qusma, ishal, dəridə səpkilərlə ilə özünü göstərməyə başlayır. Sonrakı dönəmdə daxili qanaxmaya keçir. Beləliklə, qanaxmadan xəstə həyatını itirir. Simptomatik müalicə etməklə patalogiyanı yüngülləşdirmək olar”.

V.Cavadzadə virusun daha çox hava və su nəqliyyatı ilə yayıldığını bildirib. Hazırda isə turizm mövsümü olduğu üçün virusun sərhədləri aşma ehtimalı yüksəkdir:

“Turistlərin Afrika və yaxın ölkələrə səfərlərini təxirə salması məsləhətdir. Bundan başqa, aidiyyətı qurumların o istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə nəzarəti vacibdir”.

Sonuncu dəfə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə Konqoda virus 187 nəfərin həyatına son qoyub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm