Xüsusi istedadlı 2500 uşaq qeydiyyatdan keçib
Bizi izləyin

Qırmızı.az

Xüsusi istedadlı 2500 uşaq qeydiyyatdan keçib

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbul edilməsi ilə bağlı hazırda 2500 nəfər qeydiyyatdan keçib. Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir.

Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır. (www.bakuedu.az) Elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.

Avqust ayının 5-dən etibarən öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə müsahibələrə başlanılıb. Proses 10 sentyabra qədər davam edəcək. Hazırda 8 komissiya fəaliyyət göstərir. Hər komissiya 5 nəfərdən ibarətdir (komissiya sədri, iki nəfər ibtidai sinif müəllimi, 1 psixoloq, 1 həkim-defektoloq). Hər uşağa 4 sual verilir və hər sual 5 ballıq sistemlə qiymətləndirilir. 15 və daha yüksək bal toplamış şagirdlərin məktəbə getməsinə icazə verilir. Suallar uşaqların dünya görüşünü, məntiqini və nitq qabiliyyətini yoxlayır.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm