Molla yas üstündə həmkarını qəbiristanlıqda bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Molla yas üstündə həmkarını qəbiristanlıqda bıçaqladı

Şəmkir rayonu, Qaracəmirli kəndində molla mollanı bıçaqlayaraq, ona ağır bədən xəsarətləri yetirib. Rasim Abdullayevi həmkarı, Şəmkir rayon sakini 46 yaşlı Səhman Həmzəyev dəfn zamanı kənd qəbiristanlığında bıçaqlayıb. Yaralı qol və kürək nahiyəsindən aldığı xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra həkimlərin səyi nəticəsində o, həyata qaytarılıb.

Hadisə ilə bağlı rayon polis şöbəsinin əməkdaşları əraziyə cəlb olunublar. Hadisə yeri müayinə olunub və cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlasalar da, günün-günorta vaxtı kənd sakinlərinin gözü qarşısında həmkarını bıçaqlamaqla xəsarət yetirən Səhman Həmzəyev qaçaraq istintaqdan yayınıb. Bir müddət sonra tutularaq istintaqa təqdim olunub.

Barəsində Şəmkir rayon polis şöbəsində 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb. Materiallar toplanaraq Şəmkir Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə Səhman Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Az qalırdı camaat desin ki, ay Allah, niyə anam-atam ölmür ki..."

Prosesdə dindirilən Şəmkir rayon Qaracəmirli kənd sakini Səhman Həmzəyev uzun müddətdir ki, kənddə mollalıq etdiyini, kənd əhalisi arasında böyük nüfuza sahib olduğunu bildirib. Lakin yenicə bu işin qulpundan tutmağa çalışan Rasim Abdullayevin ona mane olması qarşı tərəfin bıçağa əl atması ilə nəticələnib. S.Həmzəyevin sözlərinə görə, R. Abdullayevi bıçaqlamasına səbəb kənd sakinlərinin ona deyil, daha çox Rasimə müraciət edib, onu öz məclislərinə dəvət etməsi olub. Qısası, kənd sakinlərinin yas məclislərinə Rasimi çağırması onu əməlli-başlı cinayətə əl atacaq qədər özündən çıxarıb:

"Əvvəllər kəndin tək mollası mən idim. Bütün yas məclislərini özüm aparırdım. Amma Rasim başqa rayondan gəlib mənim işimə ortaq oldu. Buna bir iradım yoxdur. Amma öz elimdə mənə rişxənd etməsi əsəblərimi pozdu. O, camaatı hipnoz eləmişdi. Az qalırdı camaat desin ki, ay Allah, niyə anam-atam ölmür ki, gedim Rasimi çağırım, pul verim ona. Mən də bu səbəblərə görə, kənarda qaldım. Sonra dözə bilmədim, Rasimə bir neçə dəfə xəbərdarlıq etdim, amma o, yenə də mənə məhəl qoymadı. Camaatı hipnoz etməkdə davam elədi. Hətta son vaxtlar sakin kimi kənddə baş verən məclislərə də qatılmırdım ki, orda onu görüb əsəbiləşərəm, ya da əlimdən bir xəta çıxar. Qoy camaatın məclisinə qanqaraçılıq düşməsin".

"Məni arxamdan vurub, arzularımı puç elədi"

Səhman Həmzəyev Rasimə çox yaxşılıqlar etdiyini, məsləhətlər verdiyini iddia etdi. Bildirdi ki, ona qardaş kimi yol göstərsə də, bunun qarşılığında yalnız pislik görüb:

"Rayondan bizim kəndə təzə gələndə tez-tez evimə dəvət edirdim. Dini söhbətlər edirdik. Bundan başqa ona məsləhətlər verirdim. Kənd camaatının xüsusiyyətini başa salırdım. Əhalinin gözündə hörmətli olmaq üçün nə etmək lazım olduğunu izah edirdim. Sonra da dedim ki, çətinliyin, problemin olanda mənə de. Nə olsun ki, bura mənim kəndimdir, amma sənin xətrinə hər şeyi yoluna qoyaram. Heç kim sənə nə isə bir irad tuta bilməz. Sonra da bildirdim ki, bir il mənə möhlət ver, şərait yarat yas məclislərinə özüm gedim. Çünki bu işdən uzaqlaşmağa qərar vermişəm. Rasim isə mənə düşmən kəsildi. Məni arxamdan vurub, arzularımı puç elədi".

Sonra S.Həmzəyev R. Abdullayevlə mehribançılığının cinayətlə nəticələnməsinə aydınlıq gətirdi. Onu qəbiristanlıqda yasda vurduğunu etiraf edən müttəhim əməlindən qətiyyən peşman olmadığını da dilə gətirdi:

"Mən onu vurmağı əvvəlcədən planlaşdırmamışdım. Sadəcə olaraq, kənddə yas düşmüşdü, mən də məclisdə iştirak etdim. Amma molla kimi yox, kənd sakini kimi. Məclisi isə Rasim aparırdı, yəni ev sahibi onu dəvət etmişdi. Dua oxuyanda gördüm, gözaltı rişxəndlə mənə baxır. Mən uşaq deyiləm ki. O demək istəyirdi ki, yəni sənin daha "qatarın gedib", daha "sürüş" burdan. Elə dua oxuyan zaman üzərimdə gəzdirdiyim bıçaqla onu vurdum. Duanın sözlərini sona çatdıra bilmədi, ağzında qaldı. Vurduğum bıçaq zərbələri kürəyinə və qoluna dəydi".

"Deyirdi çörəyimi kəsmə, hətta bir dəfə mənə hədə-qorxu da gəldi"

Zərərçəkmiş qismində dindirilən Rasim Abdullayev əslən Göyçay rayonundan olduğunu, Şəmkirin Qaracəmirli kəndinə işləmək məqsədilə gəldiyini bildirdi:

"Burada bir müddət idi ki, mollalıq edirəm. Elə burada da ailə qurmuşam. Yəni işim, ailəm hamısı buradadır. S.Həmzəyevlə münasibətlərim çox yaxşı olsa da, sonradan hər şey yavaş-yavaş dəyişməyə başlayıb. Mən kəndə təzə gələndə dedi ki, sənə kömək edəcəm, etdi də. Məni özü ilə yas mərasimlərinə aparırdı. Getdikcə kənd arasında məni məclislərə aparanların sayı artmağa başladı. Mənim dəvətlərim artdıqca Səhmanda mənə qarşı kin-küdurət yaranmağa başladı. Hər dəfə məni kənddə və ya məclislərdə görəndə xəbərdarlıq edirdi. Dedi ki, yas mərasimlərinin hamısını niyə təkcə sən idarə edirsən? Niyə çörəyimi kəsirsən? Hətta bir dəfə hədə-qorxu da gəldi. Mən də ona başa salmağa çalışırdım ki, mən heç nə etmirəm. Camaat özü məni dəvət edir. 5 nəfər deyil, 10 nəfər deyil, bu qədər camaatın hamısını necə öyrədə bilərəm ki, onu dəvət etməyin, məni dəvət edin. Həm də camaata elə demək düzgün deyil. İndi mən nə edim ki, özləri məni çağırır. Bir sözlə, Səhman mənə paxıllıq edir. Bu məsələnin başqa səbəbi yoxdur".

"Onların hansını məclislərə aparmaq lazım olduğunu əhali özü seçir"

Şahid qismində ifadə verən kənd sakini Əvəz Əliyev bildirdi ki, Rasim Abdullayev əslində uzun illər hərbidə işləyib. Sonralar Göyçaydan Şəmkirə gələrək burada molla kimi fəaliyyət göstərməyə başlayıb. Ə.Əliyevin sözlərinə görə, kənd sakinləri nə Rasim Abdullayevi, nə də Səhman Həmzəyevi pis adam kimi tanıyıblar. Hər biri kəndin hörmətli mollalarıdır.

Şahid qismində ifadə verən kəndin digər sakini Asif Səmədov bildirdi ki, onların bir-biri ilə yola getmədiyini kənddə camaatdan eşidib. Amma din, iman adamları arasında məsələnin bu həddə çatmasını heç ağlına da gətirmək istəmir:

"Qəbiristanlıqda dua oxuduğu yerdə birdən-birə Rasimin yerə yıxıldığını gördüm. Heç gözlərimə inanmadım. Onların ikisinin də arasında problem yaşanmasına baxmayaraq, yaxşı insan kimi tanıyıram. Gərək belə bir hadisə baş verməyəydi. Onların hansını məclislərə aparmaq lazım olduğunu isə əhali özü seçir. Heç kim heç kimə təpki göstərmir. Kim hansını istəsə, onu da məclisinə dəvət edəcək".

(Davamı var)

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm