• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Həbsdə olan hüquq müdafiəçisi Prezidentə müraciət etdi

Həbsdə olan hüquq müdafiəçisi Prezidentə müraciət etdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq Təcridxanasında saxlanılan şəxs Emil Məmmədov təcridxananın rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, "Demokratiyaya yardım" İctimai birliyinin sədri, hüquq-müdafiəçisi Emil Balamirzə oğlu Məmmədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətdə qeyd edilir: "Mənim 50 yaşım var. Salyan rayonunda ziyalı ailəsində böyümüşəm. 1987-2004-cü illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda müəllim işləmişəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra həm də ictimai fəaliyyətlə hüquq müdafiəçiəsi kimi məşğul olmuşam. 2007-ci ildə Sizə məktubla etdiyim səmimi müraciətdən sonra təsisçisi olduğum "Demokratiyaya yardım" İB heç bir çətinliksiz dövlət qeydiyyatına alınıb. Mən də çalışmışam ki, mənə göstərilmiş bu etimadı doğruldum. Fəaliyyətimin əsas məqsədi regionda yaşayan insanların sosial hüquqlarının müdafiəsinə təmənnasız köməklik etmək olub. Məhz Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına olan dövlət proqramının vətəndaş cəmiyyətinin təmsilçisi olaraq ictimai iştirakçı olmaq etimadını qazanmışam. Sizin fərmanınızla həyata keçirilən Açıq Hökumət və Korrupsiyaya qarşı Mübarizə Dövlət Proqramlarının monitorinqində Heydər Əliyev Fondunun Salyanda tikib imkansız ailələrə verdiyi 85 evin paylanmasında, Salyanda Kür daşqınlarından ziyan çəkənlərə yardım etmək üçün yaradılmış RİH yanındakı komissiyada vətəndaş cəmiyyətini təmsil etmişəm. Mən hüquq müdafiəçisi olaraq öz təcrübəmdən səmimi olaraq bilirəm ki, Sizə olunan haqlı müraciət heç vaxt köməksiz buraxılmayıb. Ona görə də fəaliyyətimdə Sizi bütün hüququ pozulanların ən böyük müdafiəçisi görürəm, məhz Sizə güvənirəm".

Daha sonra E.Məmmədov bildirir: "Son günlər cəbhə xəttində xain düşmənlərimiz tərəfindən atəşkəsin pozulması nəticəsində Milli Ordu əsgərlərinin, günahsız və qəhrəman övladlarımızın həlak olması xəbərlərini biz təcridxanalarda saxlanılanlar da böyük hüznlə qarşılayırıq. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzun, arxasında məkrli qüvvələrin dayandığı erməni işğalçılarına qarşı apardığı müharibənin qələbəmizlə bitəcəyinə əmin olmaqla, hamımızın ali baş komandan olaraq Sizin arxanızda olduğunu bildirirəm. Vətənini sevən hər kəs bu gün Sizin əsgərinizdir.

Hörmətli cənab Prezident!

Mən düşmən dəyirmanına su tökənlərdən fərqli olaraq Sizi Respublikamızın inkişafı və tərəqqisi naminə apardığınız siyasəti bir vətəndaş və hüquq müdafiəçisi olaraq həmişə dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR