“Müharibəni başlasınlar, gedib Qarabağda ölək” - REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Müharibəni başlasınlar, gedib Qarabağda ölək” - REPORTAJ - FOTOLAR

Son günlər cəbhə bölgəsində baş verən hadisələr, atəşkəs rejiminin pozulması hər bir Azərbaycan vətəndaşının diqqətlə izlədiyi əsas hadisələrdən biridir. İndi hər kəs müharibədən, döyüşdən, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasından danışır. Bütün bunlar isə, təbii ki, insanlarımızın vətənpərvərlik ruhundan, vətənə, torpağa olan sevgisindən xəbər verir.

Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində öz doğma torpaqlarından, ev-eşiklərindən didərgin düşmüş soydaşlarımız çadır şəhərciklərində, yataqxanalarda və hətta binaların zirzəmisində, bir sözlə, normal insanın yaşaması üçün nəinki əlverişsiz, hətta təhlükəli olan yerlərdə yaşamağa məhkumdurlar. Cəbhə xəttində yaranan gərginliyi nəzərə alaraq yataqxanalara sığınan bu insanlarla söhbətləşmək, onların fikirlərini, gündəlik qayğılarını öyrənmək qərarına gəldik.

Yolumuz dünənin tələbə yataqxanası, bu günün isə “qaçqın şəhərciyi” olan İnşaat Universitetinin yataqxanasınadır. Yataqxananın həyətinə girən kimi dərhal başqa bir aləmdə olduğunu hiss edirsən. Öz doğma yurd-yuvalarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur edilmiş bu insanların hər birinin üzündə kədər dolu ümidlər boylanır, öz doğma torpaqlarına qayıtmaq ümidi...

Artıq səbirlərinin daşdığını dilə gətirən məcburi köçkünlər qaçqın adını daşımağın onlar üçün ağır olduğunu hesab edirlər: “Bizə qaçqın deyirlər, bu, bizim üçün təhqirdir. Müharibəni başlasınlar, gedib Qarabağda ölək”.

20 ildir tələbə şəhərciyinə sığınan 64 yaşlı Müslüm Hacıyev ağır şəraitdə yaşamağın onlar üçün işgəncə olduğunu söyləyərək cəbhə bölgəsində yaranan gərginliyə, atəşkəsin pozulmasına böyük ümidlər bəslədiyini dilə gətirdi:

“Mən o torpaqlarda doğulmuşam, elə o torpaqlarda da ölmək istəyirəm. 20 ildir atəşkəs şəraitində yaşayırıq, amma bu illər ərzində bir qarış da olsun torpağımız azad edilməyib. Ona görə də mən müharibənin başlanmasını istəyirəm. Ay oğul, mən özümü təhqir olunmuş hesab edirəm qaçqın adı daşıdığım üçün. Bu adı üstümüzdən götürməyin zamanı çatıb. Burda asfaltın üstündə, dörd divar arasında ölməkdənsə, elə gedib öz torpağımda, öz vətənimdə ölərəm. Bu ölüm mənim üçün şərəf olardı. Gələcək nəsillər buna görə bizə lənət oxuyacaq”.

Öz doğma yurd-yuvalarından didərgin düşüb tələbə şəhərciyində, ağır bir durumda yaşayan məcburi köçkünlər burada keçən hər günün onlar üçün işgəncə dolu bir gün olduğunu hesab edirlər. Bu barədə bizimlə söhbət edən Füzuli rayonundan məcburi köçkün düşmüş Niyazi kişi hesab edir ki, torpaqların azad edilməsi üçün müharibə mütləqdir:

“İşgəncədir, burada yaşamaq bizim üçün işgəncədir. Torpaqlarımızda ermənilər at çapır, qəbiristanlıqlar, məscidlər dağıdılıb. Biz də burda gözləyirik. Nəyi, kimi gözləyirik axı? Ali baş komandan əmr versə, birinci biz gedəcəyik, birinci biz uşaqdan-böyüyə silaha sarılıb öz torpaqlarımızı azad edəcəyik. Qanı qanla yuyarlar, ermənilər öz xoşları ilə o torpaqlardan çıxan deyil. Ona görə də yaranmış vəziyyətdən istifadə edib torpaqlarımızı azad etməliyik”.

Məcburi köçkünlər sosial şəbəkələrdə yazılan yazılardan da narazı olduqlarını dilə gətirdilər. Onların sözlərinə görə, bəzən sosial şəbəkələrdə “torpaqlar alınsa da, qaçqınlar qayıtmayacaq”, və ya “qaçqınlar torpaq yox, yeni tikilən binalardan mənzil istəyirlər” kimi yazırlar ki, bu da onlar üçün təhqirdən başqa bir şey deyil:

“Belə yazılara, bu kimi söz-söhbətlərə rast gələndə özümüzü təhqir olunmuş hesab edirik. Biz sürünə-sürünə, qaça-qaça ayaqyalın gedərdik öz vətənimizə. Heç kimə bu həyatı arzulamırıq, heç düşmənimizə də. Dövlətimiz nə qədər bizim problemimizlə maraqlansa da, vətənin şirinliyin, vətənin doğmalığın heç nə verməz. Biz Bakıda özümüzü qonaq kimi hiss edirik. Qonaq isə bir yerdə çox qalanda hörmətdən düşür”,- deyə məcburi köçkünlər bildirdilər.

Hikmət Kərimoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm