• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yolların kənarında çəkilən sarı xətt: qadağa, yoxsa bəzək?

Yolların kənarında çəkilən sarı xətt: qadağa, yoxsa bəzək?

Azərbaycanda qüvvədə olan bütün yol nişanları və nişanlama xətləri, demək olar ki, dünyanın bütün ölkələri üçün eynidir. Yol nişanlarının ifadə etdiyi simvollar elə seçilib ki, onları sürücülər daha asan şəkildə yadda saxlaya bilsin. Belə işarələrdən biri də 1.4 sarı rəngli bütöv nişanlama xəttidir.

Yolun hərəkət hissəsinin kənarına çəkilən bu xətt bütün dünyanın yol hərəkət qaydalarında dayanma və durmanın qadağan olduğunu bildirir.

Bu mənada son günlər Bakı şəhərində yolların kənarında Bakı Şəhər İcra hakimiyyəti tərəfindən avtomobillər üçün xüsusi ödəmə terminallarının qoyulması sürücüləri əməlli-başlı çaş-baş salıb.

Maraqlı cəhət isə ondan ibarətdir ki, belə ödəmə terminalları yolun hərəkət istiqaməti boyu çəkilən sarı xətlərin yanında qoyulub. Sürücülər yolun kənarında avtomobil dayanacağını görüb maşını saxlamaq istəyəndə yolun kənarında olan sarı xətti gördükdə nə edəcəklərini bilmirlər. Çünki yuxarıda qeyd etdiyimiz kimi dünyanın əksər ölkələrində yolun hərəkət istiqaməti boyu çəkilən sarı xətt olduqda qəza və ya bu kimi hallar istisna olmaqla, avtomobil saxlamaq olmaz. Qəza baş verən halda isə sürücü mütləq şəkildə qəza işıqlarını yandırmalıdır. Əks halda isə, o, yol hərəkət qaydasını pozmuş hesab edilir.

Hazırda paytaxt yollarında sarı xətlərin yanında qoyulan ödəmə terminallarına rast gəldikdə istər-istəməz belə bir sual ortaya çıxır: avtomobili saxlamaq olarmı?

2010-cu ilə qədər dünyada keçərli olan bu qayda Azərbaycan yolları üçün də bir qayda-qanun kimi qorunub saxlanılırdı. Ancaq təəssüf ki, 22 iyun 2010-cu ildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi və 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin yuxarıda qeyd etdiyimiz və az qala bütün dünyada qəbul edilmiş mənası dəyişdirildi.

Hazırda ölkəmizdə qüvvədə olan qaydalara əsasən, 1.4 sarı rəngli bütöv nişanlanma xətti yalnız 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma və durmanı qadağan edir. Başqa sözlə, 3.27 nişanı yoxdursa, 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin heç bir mənası yoxdur. Yəni faktiki olaraq hazırda 1.4 sarı rəngli bütöv nişanlanma xətti əhəmiyyətsiz bir şeydir ki, bu da sürücüləri çaş-baş salır. Ancaq sürücülərin nəzərinə çatdıraq ki, 1.4 sarı rəngli bütöv nişanlama xəttinin olduğu yerdə avtomobil saxlamaq olar. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yolların kənarında qoyulan ödəmə terminalları heç də “Yol hərəkəti haqqında” qanuna zidd deyil.

Hikmət Kərimoğlu

FOTOLAR: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR