• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb

3 avqust 2014-cü il tarixində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında baş vermiş yanğın 6 avqust 2014-cü il tarixində saat 19 radələrində söndürülüb. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bir neçə gün davam edən yanğın ucqar dağlıq ərazilərdə bir-birindən uzaq məsafələrdə yerləşdiyindən onun söndürülməsi xeyli çətinlik yaratmışdı.

Yanğın təhlükəsinin ciddiliyi nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Belə ki, ərazidə olan nazirliyin 300 nəfərdən artıq əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsinin səyləri nəticəsində artıq bir neçə gündür ki, davam edən yanğının tam olaraq qarşısı alınıb. Yanğının baş verdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilib.

ETSN-in müvafiq qurumlarının əməkdaşları yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, o cümlədən bel, kürək və sair avadanlıqlardan istifadə etməklə tədbirlər görüb. Həmçinin yaxın dağ çaylarından əl əməyi ilə su daşınıb. Yanğının söndürülməsi üçün bütün alternativ vasitələrdən, o cümlədən su çiləmək üçün tutumu 20 litr olan xüsusi bel çantalarından da itstifadə olunub.

Xatırladaq ki, artıq üçüncü gündür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 500-ə yaxın əməkdaşı çətin şəraitdə yanğının söndürülməsi üçün ciddi tədbirlər görüb.

Ümumilikdə bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 15 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 3 hektara yaxın quru ot və kol örtüyünə ziyan dəyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR