İlham Əliyev: “Biz Ağdam şəhərini bərpa edəcəyik”
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev: “Biz Ağdam şəhərini bərpa edəcəyik”

“Bizim işimiz haqq işidir. Biz öz torpağımızda yaşayırıq. Bura Azərbaycan torpağıdır. Buradan bir neçə kilometr məsafədə yerləşən Ağdam şəhəri də Azərbaycan torpağıdır, Xankəndi də, Şuşa da, bütün digər işğal edilmiş torpaqlar da. Ağdam şəhərini erməni quldurları, vəhşiləri yerlə-yeksan edirlər. Buradan Ağdam şəhərinin qalıqları açıq-aydın görünür. İki binadan başqa bütün binalar dağıdılıb. Biz Ağdam şəhərini bərpa edəcəyik. İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq. Münaqişə öz həllini tapmayana qədər daim öz prinsipial mövqeyimizi nümayiş etdirəcəyik və təmas xəttində üstünlük daim bizdə olacaqdır”, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı "N" saylı hərbi hissədə hərbçilər qarşısında çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir:

"Son hadisələr də bunu göstərir. Hətta hərb işindən kənarda olan insanlar da öz fikirlərini, istəklərini bildirirlər, könüllü olaraq cəbhə bölgəsinə getmək istəyirlər. Bu, məni çox sevindirir və onu göstərir ki, Azərbaycanda vətənpərvərlik ruhu yüksəkdir. Mənəvi üstünlük bizim tərəfimizdədir. Ermənistandan isə son hadisələrdən sonra əhali kütləvi köçə başlamışdır. Onsuz da son illər ərzində Ermənistanı orta hesabla ildə 70-80 min vətəndaş həmişəlik tərk edirdi. Ancaq son günlər ərzində bu köç daha da güclü olmuşdur. Yəni onlar bizdən qorxurlar, panikadadırlar. Özləri etiraf edirlər ki, xarici yardım olmadan Ermənistanın müstəqilliyini saxlaya bilməzlər. Açıq şəkildə etiraf edirlər ki, xarici qüvvələrə güvənirlər. Biz isə öz xalqımıza, öz gücümüzə güvənirik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və etməliyik. Azərbaycan xalqı öz ordusunu sevir, ona inanır, güvənir. Siz ordumuzun inkişafında böyük xidmətlər göstərmisiniz. Bizim, əlbəttə, bütün hərbi hissələrimizdə xidmət edən əsgər, gizir və zabitlər çox böyük qiymətə layiqdirlər. Ancaq sizin əməliyyatlarınızın, xüsusi təyinatlı bölmələrdə xidmət edən əsgər və zabitlərimizin xüsusi xidməti vardır. Siz hər an öz həyatınızı risk altına salırsınız, böyük qəhrəmanlıq göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və istəyirəm Azərbaycan xalqı da bilsin ki, bizim necə gözəl döyüşçülərimiz, qəhrəmanlarımız var.

Göstərdiyiniz qəhrəmanlığa görə sizi bir daha təbrik edirəm, sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Ancaq bu gün gəlmişəm ki, sizinlə birlikdə bu səngərlərdə olum, sizə öz sözümü deyim və Azərbaycan xalqını buradan əmin edim ki, Azərbaycan Ordusu Azərbaycan dövlətini qoruyur və öz məqsədinə çatacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Sizi şərəfli xidmətinizdə bir daha salamlayıram və sizə bu şərəfli işdə yeni uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm