Yüzlərlə azərbaycanlı döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət edib
Bizi izləyin

Qırmızı.az

Yüzlərlə azərbaycanlı döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət edib

Azərbaycanda yüzlərlə şəxs, o cümlədən xaricdə yaşayan azərbaycanlılar könüllü olaraq cəbhədə döyüşmək üçün Müdafiə Nazirliyinə müraciət edib. Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, son dövrlər ictimaiyyət tərəfindən Müdafiə Nazirliyinə, Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstək var: "Orduya, cəbhə bölgəsində döyüşlərə qatılmağa can atan həddindən çox könüllü var. Müxtəlif şəhər və rayonlardan Qarabağ müharibəsi veteranları məktubla müraciət edərək ön xəttə getmək istədiklərini ifadə ediblər. Hətta xaricdə yaşayan azərbaycanlılar da Müdafiə Nazirliyinə müraciət edib orduya çağırılmalarını istəyirlər. Təkcə Rusiyanın Komi Respublikasının Uxta şəhərindən bizə zəng edib deyirlər ki, 60 nəfər azərbaycanlı adbaad gəlib Ordunun tərkibində döyüşmək istəyirlər. Bunların hamısı çox müsbət haldır. Amma hal-hazırda Silahlı Qüvvələrimizin buna ehtiyacı yoxdur".

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, onlara müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmək üçün hərbi hissələrə müraciət etmələri tövsiyə olunur. Çünki hazırda Silahlı Qüvvələrimiz silah-sursat və texnika, döyüş əzmi baxımından düşməni yerində oturtmağa, torpaqlarımızı azad etməyə hazırdır, düşmənin istənilən hərəkəti isə nəzarət altındadır.

V.Dərgahlı həmçinin qeyd edib ki, yerli təşkilatlar, eləcə də ictimaiyyət tərəfindən Müdafiə Nazirliyinə çoxsaylı telefon zəngləri edilir. Onlar KİV-lərdə döyüşlərin gedişi, cəbhəyanı ərazilərdəki vəziyyət barədə gedən yanlış məlumatlara etirazlarını bildirirlər.

Xidmətin rəhbəri onu da əlavə edib ki, digər dövlətlərdən, xüsusən qardaş Türkiyədən, onların Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusuna böyük mənəvi dəstək gəlir, şəhid ailələrinə başsağlığı verilir, yaralılara şəfalar dilənir, Silahlı Qüvvələrimizlə həmrəy olduqları bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm