Bərdə İmamzadəsinin tarixi öyrəniləcək
Bizi izləyin

Qırmızı.az

Bərdə İmamzadəsinin tarixi öyrəniləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrə start verir.

Fondun ilk layihəsi “Dini abidələrdə tarixin izləri” adlanır. Fonddan Publika.az-a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.

Layihənin həyata keçiriləcəyi ilk məkan Bərdə İmamzadəsi olacaq.

Azərbaycan ərazisində qədim abidələrdən olan Bərdə İmamzadəsi kompleksinin tarixinin dərindən öyrənilməsinə, daş kitabələrin oxunmasına, abidə üzərində bərpa işlərinin aparılmasına ehtiyac var.

Fondun informasiya təminatı sektoruna açıqlama verən Bərdə İmamzadəsinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Ramazan Hüseynov lahiyənin gərəkli olduğunu vurğulayıb:

“Azərbaycandakı ziyarətgahlarda tarixin izləri gizlənib. Onları dəqiqliklə oxumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq olduqca faydalı işdi. Bu layihənin həyata keçirilməsində biz tərəfdən nə köməklik lazımdırsa, hazırıq”.

Fondun “Dini abidələrdə tarixin izləri” layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri, Bərdə ziyalılarının iştirakı ilə “Bərdə İmamzadəsi keçmişdə və bu gün” mövzusunda dəyirmi masa keçirələcək, elmi praktik konfrans təşkil olunacaq.

Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirlməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.

Bununla yanaşı, yaxın gələcəkdə Bilik Fondu müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyi planlaşdırır. Bu layihələr içərisində “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün xaricdə”, “Dünya elmi bu gün Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizodlar”, “Auditoriya +”, “Qardaşlaşmış məktəblər” layihələrinə hazırlıq prosesi gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm