Arvadını azyaşlı övladının gözü qarşısında bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Arvadını azyaşlı övladının gözü qarşısında bıçaqladı

Binəqədi rayonu, Novxanı qəsəbəsində həyat yoldaşını azyaşlı övladının gözü qarşısında qətlə yetirən 37 yaşlı Nəsir Hüseynov mühakimə olunur.

Publika.az xəbər verir ki, Binəqədi rayonunun Novxanı qəsəbəsində "Sarıqaya Şəfəq" düşərgəsində məskunlaşan Şuşa rayon sakini 37 yaşlı Nəsir Hüseynov həyat yoldaşı 27 yaşlı Bərdə rayon sakini Aygül Hüseynovanın ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Özü də hadisəni 3 yaşlı övladının gözü qarşısında törədib. Sonra da Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib hadisə barədə polisə məlumat verib və könüllü olaraq təslim olub.

İstintaq prosesində Nəsir Hüseynovun 2004-cü ildə Füzuli Hərbi Məhkəməsi tərəfindən 2 il, 2006-cı ildə isə Füzuli-Qubadlı Hərbi Məhkəməsi tərəfindən 3 il 8 ay müddətinə azadlıqdan məhrum olduğu aşkarlanıb.

Arvadını qətlə yetirən kişi barəsində Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (120.1) qəsdən adam öldürmə maddəsi ilə başlanan iş Cinayət Məcəlləsinin (120.2.4) xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə əvəzlənib. Beləliklə, hadisəni törədən şəxs barəsində ittiham elan edilib. Materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Dəhşətli dərəcədə qısqanc adam idi, məni çox qısqanırdı"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsir Hüseynov hadisənin məqsədli şəkildə deyil, ehtiyatsızlıqdan baş verdiyinin bildirdi. N.Hüseynovun sözlərinə görə, onu daim qısqanan həyat yoldaşı Aygül Hüseynova ilə aralarında yaranan mübahisə ağır faciəyə yol açdı:

"Dəhşətli dərəcədə qısqanc adam idi. Məni çox qısqanırdı. Elə ona görə də evimi yıxdı, bu vəziyyətə gətirdi məni. Evə bir az gec gələn kimi söz-söhbət yaradırdı. Hadisə baş verən gün işlərimin çox olduğunu əsas gətirib icarəyə götürüb işlətdiyim dükanı arvadım Aygülə tapşırdım. Özüm isə maşınımın cərimə hesabını ödəmək üçün banka, oradan da evə bazarlıq etmək üçün alış-verişə getdim. Qayıdanda Aygül də, uşaqlar da dükanda idilər. Dükana daxil olan kimi Aygül üstümə qışqırdı və haradan gəldiyimi, niyə gec gəldiyimi soruşdu. Mən də ondan sakitləşməyini tələb etdim və işlərimin çox olduğunu izah elədim. O, isə başa düşmək istəmədi. Yenə deyinməyinə davam etdi. Elə bildi ki, yeyib-içməkdən, ya haradansa əyləncədən gəlirəm. Əlimdə olan bazarlıq çantasını ona göstərib alış-verişdən gəldiyimi sübut etməyə çalışdım. Yenə də inanmadı, əksinə, səsinin tonunu qaldıraraq bir neçə ay əvvəl rəhmətə getmiş atamın goruna söydü. Söyüşdən sonra ona heç nə demədim. Sadəcə bildirdim ki, qonşular eşidir, sən get evə, mən gəlirəm".

"Onda gördüm ki, bıçağın sapı əlimdədir"

Aygül Hüseynova uşaqlarını götürüb evə gəlsə də, söz-söhbəti yenə də davam etdirib. Nəticədə ər-arvad arasında yaranan söz-söhbətə bıçaq son qoyub:

"O, elə başa düşdü ki, mən arxasınca evə gedib onu döyəcəm. Ona görə də qışqır-bağır salıb stolun üstündəki bıçaqla özünü öldürəcəyini bildirdi. Mən bıçağı onun əlindən almağa cəhd göstərdim. Yəni bilək nahiyəsini tutub sıxdım və bıçaq əlindən düşsün. Buna baxmayaraq Aygül yenə də bıçağı götürdü, o, öz tərəfinə çəkdi, mən də öz tərəfimə. Bu zaman o çevrildi və kürəyini sinəmə dayadı. Həmin anda bıçaq ürəyinə dəyib. Onda gördüm ki, bıçağın sapı əlimdədir. Hadisədən sonra qonşuluğumuzda həkim yaşayır, onu çağırdım. Amma o, gələnə kimi Aygül artıq keçinmişdi. Bildirmək istəyirəm ki, mənim onu öldürmək fikrim olmayıb. Həyatım boyu Aygülün nazı ilə oyamışam".

"Cehiz verdiyim əşyaları belə satıb içkiyə verirdi"

Zərərçəkmiş qismində dindirilən A Hüseynovanın anası İradə Mədətova bildirdi ki, qızı Aygül Nəsirin ikinci həyat yoldaşı olub. Nəsir 4 il əvvəl birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra Aygüllə bir-birini sevib rəsmi şəkildə ailə həyatı qurublar. Qadının sözlərinə görə, Nəsirin onun qızına qarşı münasibəti əvvəllər yaxşı olsa da, sonradan kəskin şəkildə dəyişməyə başlayıb. Bir sözlə, İ.Mədətova kürkəninin sonda dediyi fikirlərlə razılaşmadı:

"O, deyir ki, guya Aygülün nazı ilə oynayıb. Amma elə deyil. Nəsir spirtli içki düşkünü idi. Qızımı incidirdi, döyürdü, söyürdü. Hətta qızıl-zinət əşyalarını, cehiz verdiyim əşyaları belə aparıb satıb, içkiyə verirdi. Maddi imkanları aşağı olduğundan dükan işlədirdilər. Bir tərəfdən də özüm köməklik edirdim. Hər ay rayondan onlara ərzaq, pul, uşaqlara geyim göndərirdim. Nəsir isə verdiyim pulun hamısını qızımın əlindən alırdı ".

İ.Mədətova qızının Nəsiri qısqanması məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, Aygülün onu qısqanması əbəs yerə deyildi:

" Bildiyimə görə, Nəsir son vaxtlar bir qadınla yaxınlıq edirdi. Evə gec gəlirdi, mağazadan əldə olunan qazancı aparıb ona xərcləyirdi. Hətta qızıma gün vermirdi, döyürdü, söyürdü, evdən çıxıb getməsini tələb edirdi" deyən İradə Mədətova Aygülün ona verilən ölüm xəbərindən danışdı:

"Qızımın ölüm xəbərinin Nəsirin qardaşı arvadı Mənsurədən eşitdim. Ona zəng eləmişdim, dedi ki, bəs bilmirsən, Aygül ölüb. Yoldaşımla yaşadığım Bərdə rayonundan Bakıya gəldim. Qızımın meyitini dəfn eləmək üçün yaşadığım rayona apardım. Onda öyrəndim ki, Aygüllə Nəsirin arasında möhkəm dava olub. Ona görə də Nəsir qızımı öldürüb".

"Ay Allah öldüm deyə qışqırır və barmaqlarının arasında qan axırdı"

Şahid qismində ifadə verən N.Hüseynovun anası Nəcibə Rüstəmova oğlu ilə gəlini arasında tez-tez mübahisə düşdüyünü bildirdi. Onun sözlərinə görə, bir evdə onlarla birlikdə yaşadığınadan baş verənləri görürdü. Hadisə günü oğlu Nəsir dükanda haqq-hesab apararkən Aygülə hansısa malı düzgün qiymətə satmamaqda irad tutub: "Həmişə onunla dalaşırdı ki, sən ziyana işləyirsən. Bir gün mağazanı ümidinə qoyub getdim, onda da məni xərcə saldın. Beləcə, mağazada mübahisə edirdilər. Mən də onları mağazada qoyub, 2 yaşlı nəvəmi gəzməyə apardım. Evə qayıdanda gördüm Aygülün səsi eşidilir, böyük nəvəm 4 yaşlı Cəlalə isə ağlayır. Yan otağa keçdim, gördüm Aygül əli ilə sinəsini tutub " ay Allah öldüm, ay Allah öldüm" deyə qışqırır və barmaqlarının arasından qan axırdı. Soruşdum ki, nə oldu, dedi Nəsir bıçaqlayıb. Həkim çağırsaq da o artıq keçinmişdi. Oğlumdan onu niyə öldürməsinin səbəbini soruşanda dedi atamın goruna söyüb".

14 il cəza

Məhkəmə zalında digər hadisə şahidlərinin də ifadəsi alınıb. Sonra söz yenidən müttəhim Nəsir Hüseynova verilib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etməyib və bildirib ki, cinayəti ehtiyatsızlıqdan törədib. Lakin şahid ifadələri və ekspert rəyləri N.Hüseynovun arvadını qəsdən öldürdüyünü, özünü isə müdafiə etdiyi üçün ittihamlarla razılaşmadığını sübuta yetirib. Beləliklə, keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nəsir Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm