QHT sektorundakı problemlər müzakirə edildi
Bizi izləyin

Qırmızı.az

QHT sektorundakı problemlər müzakirə edildi

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev ölkədə fəaliyyət göstərən bir sıra QHT rəhbərlərinin müraciətini nəzərə alaraq onlarla görüş keçirib. Bu barədə musavat.com-a Şuranın mətbuat xidmətindən məlumat verilib.

Xəbərdə deyilir: “Görüşdə QHT qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda QHT-lərə verilən bildirişlər, təşkilatların bank hesablarına vəsaitlərin köçürülməsi və çıxarılması, eləcə də QHT gündəmi üçün aktuallıq kəsb edən digər məsələlərlə bağlı geniş müzakirələr oldu.

Şura sədri Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin möhkəmləndirilməsilə bağlı son illər həyata keçirdiyi tədbirlərin böyük ictimai səmərə verdiyini qeyd etdi. O, dövlətin QHT sektoru ilə bağlı siyasətinın tam şəffaf və açıq olduğunu və hər kəsə eyni münasibətin göstərildiyini vurğuladı.

Şuraya daxil olmuş müraciətlər və onların ümumi məzmunu haqqında Şuranın hüquq və monitorinq komissiyasının sədri Əliməmməd Nuriyev məlumat verdi. Qeyd edildi ki, QHT qanunvericiliyinə edilmiş son dəyişiklilərdən sonra qrant müqavilələrinin qeydiyyatı, bu haqda qrant almış təşkilatlara müvafiq bildirişlərin verilməsi və bank hesablarından istifadə məsələlərində bəzi QHT-lər müxtəlif çətinliklərlə üzləşməkdədir. Məsələlərin nizamlanması üçün Şura rəhbərliyi, eləcə də hüquq və monitorinq komissiyası Ədliyyə Nazirliyi, Mərkəzi Bank və digər qurumlarla birlikdə araşdırmalar aparır, QHT-lərin fəaliyyətinin mövcud qanunvericiliyə uyğun şəkildə nizamlanmasına çalışırlar. Şuranın və komitənin birgə səyi nəticəsində bir sıra anlaşılmazlıqlar və problemlər öz həllini tapmışdır.

Çıxış edən QHT sədrləri Mirvari Qəhrəmanlı, Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əvəz Həsənov, Hafiz Həsənov, Samir Əliyev, Razi Nurulla, Vüqar Bayramov, Fuad Həsənov, Səadət Bənənyarlı, Elçin Abdullayev, Mehriban Zeynalova, Şövkət Əlizadə, İlqar Hüseynli, Qalib Toğrul, İlham Səfərov, Sabit Bağırov və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikir və təkliflərini bildirdilər.

A.Quliyev irəli sürülən təkliflərin bir daha Şura tərəfindən nəzərdən keçiriləcəyini və ümimiləşdirilərək müvafiq qurumlarla müzakirə ediləcəyini diqqətə çatdırdı.

Sonda aşağıdakı məsələlər haqqında ümumi razılıq əldə edildi:

1. Gorüşdə qaldırılan məsələlər ətraflı araşdırılsın və onların həlli istiqamətində müvafiq addımlar atılsın. Qrant müqavilələrin qeydiyyatı ilə bağlı hazırlanan yeni qaydalarda QHT-lərin rəy və təklifləri nəzərə alınsın.

2. QHT-lərin həyata keçirdiyi layihələrdə Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş normaların gözlənilməsi və şəffaflığın artırılması, QHT-Hökumət əməkdaşlığının və qarşılıqlı etimad mühitinin gücləndirilməsi üçün QHT, hökumət və beynəlxalq təşkilatların təmsilçilərindən ibarət "ictimai monitorinq qrupu" yaradılsın.

3. QHT-lərin nizamnamədən kənar fəaliyyətinin və hakimiyyət uğrunda siyasi mübarizədə alətə çevrilməsinin qarşısının alınması, eləcə də QHT-lərin qanunlara əməl etməsi və milli maraqları daim uca tutması məqsədilə "QHT-lərin etik kodeksi" işlənib hazırlansın.

4. QHT-lərin xarici donorlardan asılılığının azaldılması və onların ictimai əhəmiyyətli problemlərin həllində daha səmərəli və davamlı iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına büdcədən ayrılan maliyyə yardımı vəsaitinin həcminin bir neçə dəfə artırılması üçün hökumət qarşısında məsələ qaldırılsın.

Görüşlə bağlı iqtisadçı Vüqar Bayramov facebook profilində öz fikirləini bölüşüb. O yazıb ki, Şurada məsləhətləşmələr formatında keçirilən görüşdə son zamanlar vətəndaş cəmiyyəti institutlarının qarşılaşdığı çətinliklər və həlli yolları müzakirə edildi. Müzakirələr kifayət qədər məhsuldar oldu və iştirakçılar mövcud çətinliklər qısa zamanda aradan qaldırılması üçün konkret fəaliyyətləri təqdim etdilər.

Görüşdə QHT-lərin banklarda üzləşdiyi problemlər o cümlədən onların həlli yolları, qrant müqavilələrinin qeydiyyatının asanlaşdırılması metodları ilə bağlı fikirlərimi bildirdim. Tədbirdə qeyd etdiyim kimi, hal-hazırda vətəndaş cəmiyyətinin ən ciddi problemlərindən biri bu sektorun siyasiləşməsidir. Avropa Birliyi o cümlədən ABŞ daxil olmaqla əksər inkişaf etmiş ölkələrdə Qeyri-Hökumət Təşkilatları (QHT) ilə siyasi partiyalar arasında kəskin sərhəd var. Hər bir sektorun özünün fərqli hədəfləri var. Vətəndaş cəmiyyəti institutları siyasi partiyaların görməli olduğu fəaliyyətləri həyata keçirməməlidir. QHT-lər “istefa” şüarları səsləndirməməlidirlər, onlar ya beyin mərkəzləri olaraq təkliflər paketləri və eləcə də dövlət siyasəti sənədləri vasitəsi ilə dövlətin müxtəlif sektorlar üzrə o cümlədən iqtisadi-sosial siyasətinə təsir göstərməyə çalışır, ya da ənənəvi QHT-lər olaraq maarifləndirmə və monitorinq fəaliyyəti həyata keçirirlər. Təəsssüf ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bir sıra hallarda siyasi partiyalara “inteqrasiyası” müşahidə edilir ki, bu da sözügedən sektorda gərginlik yaradır. QHT-lər hakimiyyətə gəlməyə deyil, hökumətin daha yaxşı işləməsinə çalışmalıdırlar. QHT-nin müstəqilliyi yalnız onun hökumətdən deyil eyni zamanda siyasi arenadan müstəqil olması anlamına gəlməlidir. Bu baxımdan müstəqil QHT eyni zamanda heç bir tərəfə söykənməyən və konstruktiv yollar ilə dövlət siyasətinə təsir göstətməyə çalışan qurum olmalıdır. Buna görə də, əslində QHT-ləri siyasələşməkdən qoruyan “Etik Kodeksin” hazırlanması və könüllü qəbuluna ehtiyac var.








Oxumağa davam et
Reklam
Reklam

Gündəm