“Payız gələnəcən buradan köçmək istərdik” - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Payız gələnəcən buradan köçmək istərdik” - REPORTAJ

Bakı şəhərinin baş planına uyğun olaraq paytaxtın Yasamal rayonu ərazisində, keçmiş “Sovetski”, indiki Nərimanov prospektində söküntü işləri sona yaxınlaşır. Bir neçə ay öncə start verilmiş proses bu günlərdə daha da sürətləndirilib.

Biz Bakının bu qədim məhəlləsində olarkən söküntü işlərinin aparıldığı ərazi hasara alınmışdı. Günün səhər çağı olmasına baxmayaraq, şıdırğı söküntü işləri gedirdi. Ekskovator divar qalıqlarını “Kamaz” maşınlarına yükləyirdi. Fəhlələr özlərinə kiçik bir evdə müvəqqəti məskən qurmuşdular.

Bizimlə söhbətlərdə bildirdilər ki, söküntü işləri əsasən bir istiqamətdə yerləşən evlərdə aparılır. Yola yaxın evlər sökülüb daşındıqdan sonra digər istiqamətdəki binalara “külüng vurmağa” başlayacaqlar.

Ərazidə olduğumuz zaman söküntü işlərinin getdiyi evlər sırasında yaşayışını davam etdirən ailələrin sayı heç də az deyildi. Onların kommunal probleminin olmadığı göz qabağında idi. Su, qaz və işıqla bağlı heç bir problem yox idi.

Salamat evlərdə yaşayan ailələrdən birinin xanımı bizimlə söhbətdə bildirdi ki, evləri sökülənlərin pulları artıq verilib və həmin ailələr hardasa öz şəraitlərini qurublar. Onların özünün bu dağıntılar fonunda hələ də qalmalarının səbəbinə gəlincə, xanım sənəd işlərində müəyyən problemlərin olduğunu dedi: “Sənədləşdirmə işlərində çətinliklər olduğundan hələ də burada qalmaq məcburiyyətindəyik”.

Öyrəndik ki, iki mərtəbəli evlərdə problem yaradan səbəb başqadır. Həmin binalardan birində yaşayanlarla məsələ öz həllini tapsa da, digəri vətəndaşla sənədləşmə işində olan problem ucbatından evi sökmək mümkün deyil. Bir ailənin razılığa gəlib, digəri isə razılaşmadığından həmin yerlərin söküntüsü dayanıb. “Sovetski”də belə evlər kifayət qədərdir.

Qəzalı evlərdə yaşayanlar

Bəzi evlər isə xarabalığın ortasında idi desək yanılmarıq. Dörd tərəfdə evlərin sökülməsinə baxmayaraq, onların arasında yaşayışlarını davam etdirən ailələr də az deyildi. Belə evlərdən birində yaşayan yaşlı xanım bildirdi ki, belə şəraitin təhlükəli olduğunu onlar da anlayır. Artıq söküntü arasında qalan xanım buradan köçmək istədiklərini dedi. Amma sənədlərdə olan problem üzündən iş uzanır: “Sökülməli olan evimizin kvadratmetri bizi razı salır. Hər evin 1 kvadratmetrinə 1500 manat pul verildiyini nəzərə alsaq, alacağımız məbləğə qane oluruq. Başqa nə edə bilərik? Payız fəsli gələnəcən buradan köçmək istərdik. Sentyabr ayında doğum günümdü. İstərdim bu yaşımı təzə evimdə qeyd edim”

Evin xanımı bildirir ki, yağışlar başlasa, onların evi daha da qəzalı vəziyyətə düşəcək: “Burada qalsaq, yağışlar evi yuyub aparacaq. Çünki ətrafdakı evlər söküləndə evin kənarlarında müəyyən çatlar əmələ gəlib. Yağış suları evimizə dolacaq. Tezliklə sənədləşdirmə işlərimiz yekunlaşarsa, buradan gedərdik”.

Uşaqlığı “Sovetski”də keçənlərin xatirələri “sökülür”

Uşaqlığının “Sovetski”də keçdiyini deyən Novruz dayı bizimlə söhbətində buradan köçməyin heç də ona asan olmadığını bildirdi. Amma aparılan söküntü işləri ilə bağlı qərarı da normal qarşılayırdı: “Artıq qərar qəbul olunub. Deyirlər ki, şəhərin görünüşü ilə əlaqədar hər yerdə köhnə binalar söküləcək. Biz nə edə bilərik? Sadəcə, alacağımız pulun məbləğindən narazılığımız var. İndi Bakı şəhərində evlərin qiymətindən siz də xəbərdarsız. O baxımdan düşünürük ki, şəhərin başqa bir yerində ev almağımız üçün lazımi məbləğ verilsin”.

Rusdilli yaşlı qadın da ona çatacaq pulun azlığından şikayət etdi. Buna səbəb isə söküləcək evə digər vərəsələrin də olmasıdır. Xanım həmin şəxslərin onun hazırda yaşadığı evdə heç bir vərəsəlik hüquqlarının olmadığını iddia edir: “Söküntü aparılacağını eşidəndə özlərinə sənəd düzəltdirdilər. İndi bizə veriləcək pul 2 yerə bölünəcək. Bu pula şəhərin harasında ev ala biləcəyimi düşünürəm...”

Vətəndaşlar üçün pulsuz hüquqi yardım göstəriləcək

Köhnə sovet küçəsində - “Sovetski”də hələ də inad eləyib qalan sakinlərlə söhbətimizdə onların əsas probleminin sənədlərlə bağlı olduğunu öyrəndik. Görünür, onlara hüquqi yardım göstərəcək mərkəz də bu yükü yüngülləşdirmək məqsədi ilə yaradılıb.

Məlumata görə, Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov evi sökülən vətəndaşlara pulsuz hüquqi yardım göstərən mərkəz yaradıldığını bildirib: “Sadə insanların çoxsaylı suallarına cavab vermək üçün hüquqşünaslardan ibarət qrup təşkil olunub. Bundan sonra vətəndaşlar hüquqi yardıma görə heç bir ödəniş aparmayacaqlar”.

Eyvaz Bağırov “Sovetski” ərazisində ev alqı-satqısı ilə əlaqədar müraciət edən sakinlərlə görüş keçirlməsi üçün komissiya təşkil edildiyini də vurğulayıb. Onun sözlərinə görə, həftənin tək günləri Cəfər Cabbarlı-12 ünvanda hər gün saat 14.30-dan 18.00-a qədər mütəxəssislər vətəndaşların çoxsaylı suallarına cavab verəcəklər: “Hüquqi baxımdan hər hansı anlaşılmazlıq varsa, ona aydınlıq gətiriləcək. Əgər mübahisələrdə məhkəmə predmeti ortaya çıxarsa, məhkəməyə müraciət ediləcək və vətəndaşlara hüquqi dəstək veriləcək. Həftənin 2-ci və 4-cü günləri isə alqı-satqıya dəvət olunan vətəndaşlarla görüş keçirilir və mülkiyyətin qiymətinin müəyyənləşdirilməsi kimi məsələlərə aydınlıq gətirilir”. (teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm