Prezident İlham Əliyev iki sərəncam imzaladı
Bizi izləyin

Qırmızı.az

Prezident İlham Əliyev iki sərəncam imzaladı

Prezident İlham Əliyev Sadıq Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, 2014-cü ilin sentyabr ayında Azərbaycanın tanınmış dövlət xadimi Sadıq Hacıyarəli oğlu Rəhimovun anadan olmasının 100 illiyi tamam olur.

Sadıq Rəhimov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə səmərəli xidmətləri və Azərbaycan hökumətinin rəhbəri kimi təqdirəlayiq fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişdir.

Sərəncama əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Sadıq Rəhimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

******

Azərbaycan Respublikası Prezidenti I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

1.1. I Avropa Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiya sisteminin təşkili üçün müvafiq tədbirlər görsün;

1.2. akkreditasiya olunacaq şəxslərin dairəsini müəyyən etsin, akkreditasiyadan keçmə qaydasını və akkreditasiya kartının formasını təsdiq etsin;

1.3. akkreditasiya sisteminin fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

2. Müəyyən edilsin ki:

2.1. müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər;

2.2. I Avropa Oyunlarına bilet əldə etmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər:

2.2.1. Oyunların açılışına 10 gün qalmışdan etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər;

2.2.2. viza üçün müraciət etdikdə I Avropa Oyunlarına bileti və ya biletin əldə olunmasını təsdiq edən sənədi təqdim etməlidirlər;

2.3. I Avropa Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb olunan və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Olimpiya Komitəsinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

4.2. I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Sərəncamın 2.1-ci bəndi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir".


Oxumağa davam et
Reklam
Reklam

Gündəm