Plastik əməliyyatların məşum sonu: donuq üzlər, silikon dodaqlar - ARAŞDIRMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Plastik əməliyyatların məşum sonu: donuq üzlər, silikon dodaqlar - ARAŞDIRMA - FOTOLAR

XV əsrdə yaşamış Fransa kralı II Henrinin sevgilisi Diana de Puatıe öləndən sonra sümüklərini müayinə edən alimlər qeyri-adi halla qarşılaşıblar. Onun sümüklərində qızıl normadan 250 dəfə artıq olub. Araşdırmalar nəticəsində məlum olub ki, buna səbəb Diana de Puatıe nin qızıl tozunu suya qatıb içməsidir. O, bu yolla gənc qalmağa çalışıb və istəyinə də nail olub. 60 yaşında üzündə heç bir qırış olmayıb. Sarayda gözəllikdə heç kimin rəqabət apara bilmədiyi bu qadın özündən 20 yaş kiçik olan II Henrinin ömür boyu bir nömrəli zövcəsi olub.

Qədim Misirdə qadınlar gənc qalmaq və gözəl görünmək üçün süddə çimirdilər.

Tarixən qadınlar gənc və gözəl qalmaq üçün bu kimi üsullardan istifadə ediblər. Zaman keçdikcə, gözəlləşmək üsulları da çoxalıb.

İndi qadınlarla yanaşı, kişilər də gözəlliklərini qorumaq, ya da mövcud qüsurlarından xilas olmaq üçün min cür üsullara əl atırlar.

Publika.az-ın “Qırmızı xətt” layihəsində gözəlləşməyin müasir üsulu və onun fəsadlarını araşdıracağıq.

Ölümlə nəticələnən gözəllik

İndi qadınların, eləcə də kişilərin gözəlləşmək üçün seçdikləri ən sadə və rahat üsul plastik əməliyyatdır. Heç bir əziyyət çəkmədən bədəninin istənilən yerini yeniləmək, dəyişdirmək, arıqlayıb, kökəlmək çox asandır. Lakin heç də həmişə nəticə xəstənin istədiyi kimi olmur. Bu əməliyyatlarda da ölüm riski digərlərindən az deyil.

Əslində, azacıq araşdırma aparsaq, həvəslə qol qoyduğumuz bu əməliyyatların orqanizmə vurduğu dəhşətli zərərlərdən asanlıqla xəbərdar ola bilər. İstər yerli, istərsə də xarici təcrübədə gözəlləşmək istəyərkən daha bərbad görünən məşhur və ya sadə insanlar barədə çox yazılıb.

Tanınmış müğənni Reyhan Müslümovanın artıq çəkidən azad olmaq istəyərkən dünyasını dəyişməsi bir çoxlarımızın xatirindədir. Şəkər xəstəsi olduğundan bir çox həkimlər əməliyyat aparmaqdan imtina etsələr də, riskin altına girməyə hazır olan cərrah tapıldı. 2002-ci ildə mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksələrək komaya düşüb və həyatını itirib. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılıb.

Yerli və xarici müğənnilər arasında bu cür əməliyyatlardan ölənlər çox olmasa da, fəsadlarını yaşayanlar az deyil. Yerli müğənnilərdən Rəqsanə İsmayılova üzünü və dodaqlarını dolğunlaşdırmaq üçün girdiyi əməliyyatlardan uğursuzluqla üzləşməsi, Röya Ayxanın burnunu dəfələrlə əməliyyat etdirməsi, Flora Kərimovanın gözündə aparılan əməliyyatın fəsadlarının uzun müddət davam etməsi və s. faktları sadalaya bilərik.

Xaricilər arasında Coan Rivers, Karla Bruni, Silvester Staloninin anası Jalkin, Cenis Dikinson, Meq Rayan əməliyyatları uğursuz nəticələnib.

İngiltərənin 34 yaşlı modeli Alisiya Douvall 71 dəfə plastik əməliyyata girib və 1 milyon funt sterlinq xərcləyib. O, anesteziya olmadan 260 dəfə botoks etdirib. Lakin istədiyi nəticəni hələ də əldə edə bilməyib. Model xanım bu qədər əməliyyatdan sonra özünü gözəl hesab etmədiyini deyib. Model onu dayandırmadığına görə həkimləri günahlandırıb.

Sadə vətəndaşlar

Bir vaxtlar sənətçilər arasında dəbdə olan plastik əməliyyatlar, indi sadə vətəndaşların daha çox marağındadır. Küçədə eyni burun, dodaq, yanaqlı qızlar və oğlanlar görmək adi hal alıb.

Çoxsaylı cərrahi müdaxiləyə məruz qalan xanımlar var ki, gözəl olmaq əvəzinə donuq baxışlara sahib olublar. Üz dərisini gərdirən xanımlarda isə, adətən, mimik işarələr olmur. Nəticədə, donuq və ifadəsiz sifət quruluşu əmələ gəlir ki, bu da ətrafdakılara xoş təsir bağışlamır.

9 yaşlı Linda Peres sinəsini böyütmək üçün plastik əməliyyata yollanıb. Lakin bu əməliyyat onun həyatını puç edib. Belə ki, komaya düşən qız sonradan özünə gəlsə də, danışmaq və gəzmək qabiliyyətini itirib.

Əməliyyatı istədiyi kimi keçməyən, dəfələrlə eyni əməliyyatı etdirmək məcburiyyətindən qalanların sayı az deyil. Xəstələr bunu həkimlərin bacarıqsızlığı ilə əlaqələndirir. Hər dəfə yeni həkimin yanına üz tuturlar. Azərbaycan Tibb Universiteti plastik cərrah yetişdirmədiyinə görə, bu sahədə çalışan həkimlər ya xaricdə təhsil alıb, ya da ümumi cərrahlar olur. Əksəriyyətinin bu sahə üzrə ali təhsilinin olmaması xəstələrin yaxşı həkim axtarışını çətinləşdirir.

Klinikalar nə vəd edir?

Hazırda bütün klinikalarda plastik və rekonstruktiv cərrahiyə əməliyyatları aparılır. Klinikaların saytlarına və telefonda bizə verilən məlumatlara inansaq, əməliyyatlar çox rahat keçir və mütəxəssislər də sahələrində bir nömrədirlər. Əməliyyatların qiyməti isə bir-birindən fərqlənmir. Burun çəpəri əyriliyi və plastik əməliyyatı 1000-1500 manata qədər. Burun daxilində başqa problemlər olsa, əməliyyatın qiyməti 2 min manatadək artır. Göz ətrafında qırışları gərdirmək üçün tələb olunan məbləğ isə 800 manatdır. Bədəndən artıq yağların götürülməsi xanımlara azı 1500 manata başa gəlir. Süd vəzisinə silikon qoydurmağın qiyməti 2 min manatdan az deyil. Dodaqlarının həcmindən razı qalmayanlar vurulan gelin təbii və ya süni olması, həmçinin miqdarına görə ödəniş edirlər. Maddənin süni olmasını istəyənlər qramına görə 50 manat, təbiiliyə üstünlük verənlər isə 250 manat ödəniş etməlidirlər. Əlbəttə, bu tam dəqiq qiymətlər deyil. Həkimin yerli və ya xarici olması, onun baxışından sonra qiymətdə artım ola bilər.

Klinikalardan birindən məlumat verdilər ki, əvvəl plastik cərrahlar xaricdən gətirilirdi, indi isə yerli həkimlərə daha çox etibar edirlər. Çünki xarici həkimlərin əməliyyat edib, pullarını alıb, ölkəni tərk edirlər. Bu da xəstəxana rəhbərliyi üçün sərfəli olmur. Xəstəxana rəhbərliyinin yaxası burnu, çənəsi, sinəsində istədiyi nəticəni görməyən xəstələrin əlində qalır. Həkim pulunu ölkəsində xərcləyərkən, onlar xəstəni yenidən əməliyyat edərək vəziyyətini düzəldəcəklərinə razı salmağa çalışırlar. Bu da klinika üçün əlavə xərc deməkdir. Əlbəttə, xəstə qarşısında heç bir öhdəlik daşımadığını düşünən klinikalar az deyil və onlar xaricilərlə işləməkdə davam edirlər.

Xatırladaq ki, ölkəmizdə fəaliyyət göstərən özəl klinikalar bütün plastik, rekonstruktiv əməliyyatlar həyata keçirir. Bura cinsin dəyişdirilməsi də daxildir, düzdür, onların heç birinin saytında əməliyyat siyahısında belə bir məlumat əks edilməyib. Cinsi dəyişdirmək qanunla qadağan edilən əməliyyatlar sırasında daxil deyil. Lakin bunun üçün tək həkimin qərarı yetərli deyil.

Təkrar əməliyyat həkim səhvidir

Plastik cərrah Tale Nemətzadə estetik əməliyyatlara marağın artdığını deyir. Onun sözlərinə görə, bunun əsas səbəbi əməliyyatın daha rahat, qısa müddətdə olmasıdır.

“Müraciət edənlərin yaş məhdudiyyəti də azalıb. Əvvəl ortayaşlı qadınlar daha çox müraciət edirdilərsə, indi 18-20 yaş qrupunda olan insanların sayı artıb. 18 yaşdan aşağı plastik əməliyyat etmirik. Müraciət edənlərin sayının daha da artacağını düşünürəm. Çünki əməliyyat və sağalma dövrü azalıb. Əvvəl üzdartma əməliyyatı 8-10 saat olurdusa, indi daha qısa zamanda başa çatır. Müraciətlərdə qadınlar üstünlük təşkil edir, buna səbəb onların gənc qalmaq istəyidir. Xüsusən qarın, üz gərmədə qadınlar, burun əməliyyatında isə kişilərin sayı az deyil”.

Estetik əməliyyat etdirmiş şəxslər sonra yenidən bu prosedurlardan istifadəyə təkrar ehtiyac duyurlar. Həkimin sözlərinə görə, bu əməliyyatın düzgün aparılmaması ilə əlaqədardır:

“Lakin üzgərdirmə əməliyyatında 10 il sonra yenidən bu prosedura ehtiyac duyulması yaşlanma ilə əlaqədardır. Çünki estetik əməliyyat, sadəcə, insanı olduğu yaşdan daha gənc göstərmək üçündür. Amma bu yaşlanmanın qarşısını ala bilmir. Ona görə də bir neçə il sonra yenidən eyni əməliyyat etdirməyə ehtiyac duyurlar”.

Uğursuz əməliyyatların bir səbəbi də Azərbaycanda plastik cərrahların hazırlanmaması ilə əlaqədardır.

T.Nemətzadə həkimin səhvinin bu sahədə ali təhsilin verilməməsi ilə əlaqədar olmasına münasibət bildirib:

“Tibb Universitetində plastik cərrahiyə kafedrasının yaradılması ilə bağlı işlər aparılır. Bu cür təhsil verilmədiyinə görə mən Türkiyədə oxumuşam. Yaxın bir zamanda Azərbaycanda bu cür təhsil yaradılacaq. Hazırda plastik cərrah olmadan qarın gərmə, burun əməliyyatı etməsi yanlış nəticələrə səbəb olur. Ona görə də xəstələr həkim seçimində diqqətli olmalı, onun harada, hansı ixtisas üzrə təhsil alması ilə maraqlanmalıdır”.

Cinayət məsuliyyəti nə zaman yaranır?

Hüquqşünas Aqil Lahıcov bildirib ki, əməliyyat nəticəsindən narazı qalanların məhkəməyə müraciət etməsi çox azdır. Bunun əsas səbəblərindən biri məhkəmələrə inamsızlıq və onların verdiyi qərarlarda təzminatın az olmasıdır:

“Sonuncu işim Anar Niftəliyevin həyat yoldaşı ilə bağlı iddiası idi ki, ona 10 min manat mənəvi təzminat verildi. Bu Azərbaycan təcrübəsindən bu vaxta qədər kəsilmiş yüksək təzminat olsa da, dünya təcrübəsində çox aşağı hesab edilir. Ən azı həmin qadının aylıq gəliri və onun bundan sonra neçə il işləmək qabiliyyətinin olacağı nəzərə alınsa, təzminat dəfələrlə çox olmalı idi. Təzminat hesablanarkən, xəstənin sonrakı müalicəsi və əməliyyat nəticəsində əmək qabiliyyətinə dəymiş ziyan da nəzərə alınır.

Qanunvericlikdə tibb müəssisəsinin yanlış diaqnoz və şəxsin səhhətinə vurduğu zərərin nəzərə alınması göstərilib. Müqavilə bağlanıbsa, ona uyğun olaraq, bağlanmayıbsa, Mülkü Məcəlləyə görə əməliyyata girən həkim və tibb müəssisəsinə qarşı iddia qaldıra bilər. Onlar birgə məsuliyyət daşıyır. Xəstənin səhhətinə daha böyük zərbə vurulubsa və bu, həkimin səhlənkarlığına görə baş veribsə, cinayət məsuliyyətinə səbəb olur”.

Müqavilə imzalanmır

Hüquqşünas onu da vurğuladı ki, əvvəldən xəstənin klinika ilə müqavilə bağlaması mütləq şərt olmasa da, bu, sonradan yaranan problemin həllini asanlaşdırır:

“Bizdə xəstələr çox vaxt müqavilə imzalamır. Müqavilə olmasa belə, o, iddia irəli sürə bilər. Amma reallıq göstərir ki, insanlar məhkəmələrə inanmadığından, klinikaların təzminat əvəzində təkrar əməliyyat təklifi ilə razılaşmalı olurlar. Məhkəmələr bu işlərdə yüksək məbləğdə təzminat qərarı versələr, həm klinikalar, həm də həkimlər işlərinə daha məsuliyyətlə yanaşarlar. Həkimlərdən narazı qalanlar da ikinci əməliyyata girməkdənsə, məhkəməyə müraciət etməyə meyilli olarlar. Bu zaman da zərərçəkən həm ona dəyən maddi zərəri, həmçinin mənəvi zərəri tələb edə bilər. Əməliyyatdan istədiyi nəticəni almayan xəstələr ödədiyi pulun geri qaytarılmasını tələb edə bilər”.

Qeyd edək ki, plastik əməliyyatlar həm də insanların xarici görünüşlərində müsbət və ya mənfi cəhətdən müəyyən dəyişikliklərə səbəb olur. Bu zaman onlar əvvəlki görünüşlərindən tamamilə fərqlənə bilirlər. Cinayətkarların məsuliyyətdən qaçmaq üçün bu cür əməliyyatlardan istifadə etməsi qaçılmazdır. Necə ki, plastik əməliyyatların yarandığı vaxtlarda məhz bu üsuldan istifadə ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, klinikalar əməliyyatdan sonra xəstəyə hansı orqanlarında, nahiyələrində dəyişiklik edilməsi ilə bağlı sənəd təqdim edir:

“Klinikalar tərəfindən əvvəldən hər hansı sənəd tələb edilmir. Lakin üzərində əməliyyat edilmiş şəxslər ölkədən çıxmaq istədikləri halda problemlə qarşılaşa bilərlər. Ona görə də çox zaman özləri əməliyyatdan sonra şəxsiyyət vəsiqələrini dəyişdirməkdə maraqlı olurlar. Şəxsiyyət vəsiqələrini dəyişdirmədiyi halda problem yarana bilər”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm