Taksilərin “işğal” etdiyi avtobus dayanacaqları...FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Taksilərin “işğal” etdiyi avtobus dayanacaqları...FOTOLAR

Şəhərdə taksilərin sayı artdıqca onların yaratdığı problemlərin miqyası da genişlənir. Son zamanlar paytaxtda müşahidə edilən taksi sıxlığı insanlar üçün rahatçılıq yaratmaq əvəzinə, problemə çevrilib. Yaşayış binalarının həyətini, səkiləri, ticarət mərkəzlərinin, mağazaların qarşısını, avtobus dayanacaqlarını sözün həqiqi mənasında zəbt edən taksilər insanlar üçün və avtobus sürücüləri üçün əməlli-başlı başağrısı yaradır. İnsanlar tez-tez avtobusların dayanacaqlarında deyil, birbaşa yolun ortasında, harada gəldi dayanmasından gileylənir ki, bunun da səbəbkarı taksilərdir. Belə ki, avtobus dayanacaqlarının, yol kənarlarının başdan-başa “işğal” edildiyini görən sürücülər avtobusları yolun ortasında saxlamaq zorundadırlar.

Bu isə real təhlükə mənbəyinin, qəza hallarının artmasına gətirib çıxarır. Bundan əlavə, yolun ortasında dayanan avtobuslar yollarda tıxacların artmasına da rəvac verir.

Ancaq problemin kökünə vardıqda görürük ki, burada avtobus sürücülərinin elə də böyük günahı yoxdur. Çünki onları buna vadar edən dayanacaqları zəbt etmiş taksilərdir. Elə avtobus sürücüləri də bu problemdən ciddi əziyyət çəkdiklərini deyirlər. Onların sözlərinə görə, dayanacaqlar taksilər tərəfindən zəbt olunduğu üçün böyük avtobusları dayanacaqlara salıb sərnişinləri düşürmək mümkün deyil:

“Bütün dayanacaqlar başdan-başa taksilər tərəfindən ”işğal" olunub. Biz də dayanacaqlara girə bilmədiyimiz üçün məcbur olub avtobusu yolun ortasında saxlayırıq. Buna görə də çox zaman insanlar bizi ittiham edirlər", deyə avtobus sürücüləri bildirirlər.

Elə paytaxtda apardığımız araşdırmalar da avtobus sürücülərinin haqlı olduğunu bir daha təsdiq etdi. Marşrutların metronun “20 Yanvar”, “Koroğlu”, “Neftçilər” , “Xalqlar dostluğu” , “Əhmədli” və digər stansiyalarının ətrafındakı dayanacaqlarda dayanması müşkül məsələyə çevrilib. Onlar dayanacaqlarda dayanıb avtobus gözləyən sərnişinlər üçün də əməlli-başlı əsəb gərginliyi, narahatçılıq yaradırlar. Problemin hansı həddə çatması rəsmi qurumlara da bəllidir. Ancaq hələ ki onların səsi çıxmır. Taksi sürücüləri isə bizimlə söhbətlərində dayanacaqlarda havayı dayanmadıqlarını bildirirlər. Bunun üçün haqq ödədiklərini deyirlər. Amma kimlərə...?

Bu suala isə heç bir taksi sürücüsü cavab vermək istəmir. Sadəcə, “guya xəbəriniz yoxdur ki” deməklə kifayətlənirlər.

Ayaz Səmədov adlı taksi sürücüsü vətəndaşların onları ittiham etməsi ilə razılaşmır: “Hər kəs bizi ittiham edir. İttiham etməyə nə var ki. Bu çox asan bir məsələdir. Amma heç kim maraqlanmır ki, biz niyə yay-qış, isti-soyuq demədən kəsdiririk buranı! 52 yaşım var, elə bilirsiniz, mənə xoşdur gəlib burda dayanmaq? Özüm də əzab çəkirəm, narahat oluram bu yaşda gəlib burda durduğum üçün. Amma nə edim, pulsuzluq məni bu işə vadar edib. Heç kim kefindən gəlib küçələrdə 5 manat üçün onun-bunun qabağına qaçmaz”.

Avtobus sürücüləri isə mövcud problemin həll olunmasının yolunu taksilər üçün xüsusi dayanacaqların ayrılmasında görürlər. Avtobus sürücüləri deyirlər ki, mövcud problemin həlli ərazidə onlar üçün xüsusi dayanacaqların təşkil olunmasından keçir:

“Belə olan halda da taksilər burda yox, onlar üçün ayrılan xüsusi dayanacaqda dayanıb öz müştərilərini gözləyərlər. Daha burada dayanıb bizim üçün əlavə problemlər yaratmazlar”.

Qeyd edək ki, bütün dünya ölkələrində ictimai nəqliyyatla yanaşı, taksi xidmətləri də fəaliyyət göstərir. Ancaq Azərbaycandan fərqli olaraq, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə də böyük şəhərlərdə taksilər onlar üçün ayrılan xüsusi dayanacaqlarda, parklarda dayanır və kimə lazımdırsa, taksini həmin dayanacaqlardan çağırır. Ekspertlər də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan adıçəkilən metodu ölkəmizə gətirməklə mövcud problemin aradan qalxacağını düşünürlər. Əks halda, hələ uzun illər bu problem aradan qalxmayacaq...

Hikmət Kərimoğlu

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm