“Sədərək”də yolda yığılan milyonlar hara gedir?
Bizi izləyin

Qırmızı.az

“Sədərək”də yolda yığılan milyonlar hara gedir?

Bir aydan çoxdur Bakı dairəvi yolunun təmirə bağlanması həmin istiqamətdən rayonlara gedənlərin işini çətinləşdirib. Belə ki, Lökbatan yolu təmirə dayandığından sürücülər “Sədərək” Ticarət Mərkəzinə aid yoldan istifadə edirlər. Ticarət mərkəzinə daxil olan hər bir sürücü 0,5 manat (50 qəpik) ödəniş etməlidir.

Qeyd edək ki, 0,5 manat ticarət mərkəzində maşınların saxlanması üçün ödənilir. Yəni ora daxil olan sürücü girişdə ödəniş edərək, gün ərzində avtomobilini ərazidə saxlaya bilir. Rayona gedən maşınlar isə oradan sadəcə keçid kimi istifadə edir. Buna görə isə 0,5 manat ödəməklə haqlarının pozulduğunu iddia edirlər. Sürücülərin narazılığı yalnız 0,5 manatda deyil. Belə ki, ərazidən keçmək istəyən hər bir sürücü məntəqəyə yaxınlaşıb ödənişi edib, sonra yoluna davam edir, bu da uzun növbə yaradır. Bu da puldan əlavə, həm də saatlarla vaxt itkisi deməkdir.

Sürücülərin bu narazılığını bir neçə gün əvvəl millət vəkili Fazil Mustafa da feysbuk səhifəsində gündəmə gətirmişdi.

Bəs məsələdə cavabdeh olan “Azəryolservis” ASC nə düşünür? Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Publika.az-a açıqlamasında sürücülərə alternativ yol təklif edildiyini bildirib:

“Bakı dairəvi avtomobil yolunda təmir işlərinin aparılması ilə əlaqədar olaraq, nəqliyyat vasitələri Xocahəsən-Lökbatan yolundan istifadə edə bilərlər. “Sədərək” Ticarət Mərkəzinə aid yolun yol təsərrüfatına heç bir aidiyyəti yoxdur. Sürücülər ora girmədən Xocahəsən-Lökbatan yolundan alternativ yol kimi istifadə edə bilərlər.

Yolun yalnız gediş hissəsi bağlıdır, gələndə isə problem olmur. Yol bağlanmamışdan əvvəl sürücülərə xəbərdarlıq etmişdik və alternativ yol təklif etmişdik. Buna görə də sürücülərin şikayəti əsassızdır”.

P.Mürsəliyev yolun təmirinin hələ bir neçə ay davam edəcəyini deyib.

DİGESTA hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, məsələdə “Azəryolservis” məsuliyyət daşısa da, sürücülərin də təqsiri var.

“İlk olaraq yolun təmiri ilə məşğul olan “Azəryolservis” işlərin niyə bu qədər uzanması ilə bağlı cavab verməlidir. Təmir edilən yolun uzunluğu bir kilometrdən azdır. Orada təmir işləri bir həftəyə yekunlaşa bilərdi. Yolun açılması, yatağın möhkəmləndirilməsinin bu qədər uzanması normal deyil. Üstəlik, “Yol hərəkəti” və “Avtomobil Yolları” haqqında qanunlarda göstərilib ki, xüsusən istismarda olan yollarda aparılacaq təmir işləri barədə plan, qrafik əvvəldən müəyyən edilməlidir. Həmin plan müvafiq orqanlar - Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Müəyyən edilmiş qrafikə əsasən işlər başa çatdırılmalıdır. Lakin işlərin bu qədər uzanması istehlakçılara qarşı hörmətsizlikdir və onların hüquqları pozulur”.

Ekspert əlavə pul ödəmək istəməyən sürücülərin Xocəvənd yolundan istifadə etmələrinin mümkün olduğunu deyib. Onun sözlərinə görə, sürücülərin həmin yoldan imtina etmələrinin də səbəbləri məlumdur:

“Xocavənd yolundan istifadə edənlər təxminən 3-4 kilometr itirirlər. Bundan başqa, həmin yolda da yarımçıq təmir işləri olduğundan, müəyyən narahatlıq yaradır. “Sədərək” Ticarət Mərkəzində həm yol rahatdır, həm də təxminən 1 kilometr gedirlər. Əlavə xərc çəkmək və rahatlıq istəyən sürücülər bu yoldan istifadə edirlər. Rayona gedənlərin alternativ yoldan istifadə etməmələri özlərinin günahıdır”.

Bundan başqa, təmir bir aydan artıqdır başlanıb, nə vaxt başa çatacağı bəlli deyil. Hər gün insanların kütləvi şəkildə “Sədərək” TM-nin yolundan 0,5 manat verərək keçməkləri nəzərə alsaq, heç də az məbləğin olmadığını görərik. Ə.Hüseynovun sözlərinə görə, “Azəryolservis” istəsə, “Sədərək” Ticarət Mərkəzi ilə razılığa gələ bilərdi.

“Belə ki, həmin keçidlərin ikisi yalnız bölgələrə gedən maşınlar üçün nəzərdə tutula bilərdi və onlar əlavə ödəniş etməzdilər. Ərazidə sıxlıq ödəniş prosesi ilə əlaqədardır”.

Sürücülərin yoldan istifadəyə görə ödədikləri pullar hara gedir? Bunu nə bilən var, nə də həmin pulların hesabını soruşan.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm