• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ailənin 4 üzvünü amansızlıqla öldürdü, meyitləri yandırdı – QİSAS

Ailənin 4 üzvünü amansızlıqla öldürdü, meyitləri yandırdı – QİSAS

Nərimanov rayonunda üçü qadın, biri uşaq olmaqla 4 nəfəri xüsusi amansızlıqla qətlə yetirib, sonra da mənzili yandıran 1985-ci təvəllüdlü Niyaməddin Nuriyev törətdiyi cinayət əməlinə görə mühakimə olunub.

Xatırladaq ki, Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, mənzil 26 ünvanında yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Onlar hündürmərtəbəli binada baş vermiş yanğının qarşısını aldıqdan sonra mənzildə üçü qadın, biri uşaq olmaqla 4 nəfərin yanmış meyitini aşkar ediblər. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verilib. Əraziyə prokurorluq orqanları əməkdaşları və tibbi ekspertlər cəlb olunub. Meyitlərin üzərində aşkarlanan xəsarət izlərindən hadisənin qəsdən törədildiyi, ailə üzvlərinin küt alətlə öldürüldüyü müəyyən edilib. Evin mətbəxinə, dəhlizə, pilləkənlərə, qapının dəstəyinə sıçrayan qan ləkələri, stolun üzərində nalayiq ifadələr yazılmış karton kağız, istifadə olunan bıçaq və dəmir parçası – bütün bunlar cinayətin tamah və ya qisas məqsədilə törədilməsi barədə düşünmək üçün polisə əsas verib.

Bununla da əməliyyat tədbirləri başlayıb. Mənzildə xüsusi amansızlıqla öldürülərək yandırılan şəxslərin Ofeliya Abbasova, onun qızları – Sevinc və Xanım Abbasovalar, Xanımın 7 yaşlı oğlu Fərid Mehdizdənin olduğu aşkarlanıb. Ekspertiza hər 4 meytin üzərində çoxsaylı bıçaq və yanıq xəsarətləri aşkar edib. Hadisədən bir neçə gün sonra hüquq-mühafizə orqanları cinayəti törədən 1985-ci il təvəllüdlü Yardımlı rayon sakini Niyaməddin Nuriyevin yerini aşkar edərək onu saxlayıblar. O, tutularkən mənzildən oğurladığı 40 min manat pulu və 39 min manatlıq qızıl-zinət əşyalarını, eləcə də, cinayəti törədərkən üzərində qan ləkələri olan şalvarı polisə təqdim edib. Cinayət işinin materialları toplanaraq birbaşa Bakı Şəhər Prokurorluğuna göndərilib və Niyaməddin Nuriyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. Sonra da cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

120 manata görə cinayət..


Müttəhim qismində ifadə verən Niyaməddin Nuriyev məhkəmədə Abbasovlar ailəsi ilə tanışlığından danışdı. Bildirdi ki, işləmək üçün rayondan Bakıya gəlib. Burada fəhləliklə məşğul olan N.Nuriyev Abbasovların qonşuluğunda mənzil təmir edib. 10-cu mərtəbədə yaşayan Sevinc Abbasova Niyaməddinə onların da mənzilində xırda təmirə ehtiyac olduğunu bildirib: “Sevinc mənə dedi ki, evin pəncərəsini suvamaq lazımdır. Razılaşdım, 120 manat pul istədim. Beləliklə, təmir başa çatandan sonra pulumu tələb etdim. Sevinc dedi ki, indi üstümdə pul yoxdur, get, sabah gələrsən. Mən növbəti gün də pula görə onlara getməli oldum. Sevinc məni evlərinə dəvət etdi. Anası Ofelya, bacısı Xanım və bacısının azyaşlı oğlu Fərid də evdə idi. Beləliklə, onlarda yemək yedim və Sevinclə bərabər içki qəbul etdim. Artıq bu dəfə Sevincin anası Ofelya dedi ki, sənin pulunu evimizin təmiri başa çatdıqdan sonra verəcəyəm. Onun bu fikri ilə razılaşmadıqda qadın mənimlə kobud danışdı. Dedi ki, “çıx get də, niyə baş-beynimi xarab edirsən?” Mən də dedim ki, gecə saat 3-dür, hara gedim bu vaxt? Aramızda mübahisə yarandı. Buna baxmayaraq, onlarda gecələməyim üçün mənə mətbəxdə yer saldılar. Amma əsəbdən gözümə yuxu getmədi. Öz-özümə düşündüm ki, gör nə günə qalmışam ki, qadın da mənə “atır”. Artıq ikinci dəfə idi, məni aldadıb “yola verirdilər”, bunu özümə sığışdıra bilmədim”.

Aldadıldığı üçün “ölüm planı” hazırlayan cinayətkar

N.Nuriyev ailə üzvlərindən qisas almaq üçün onları öldürüb pulları ələ keçirməyi planlaşdırıb. O, qonaq qaldığı ailə üzvlərinin yuxuya getməsini gözləyib və bundan istifadə edərək dərhal hərəkətə keçib. Yuxarı mərtəbədə yaşayan qonşunun qapısının ağzından dəmir parçasını götürüb evə qayıdıb, sonra da evdəkilərin yatdığı yerdə sıra ilə başlarına zərbələr endirib: “Başıma papaq keçirtdim ki, məni tanımasınlar. Dəmiri götürüb bir-bir onlara xəsarət yetirdikdə yuxudan oyandılar. Ofelya dəhşət içərisində qışqırırdı. Sevinc üzərimə hücum etməyə çalışırdı ki, mane olsun. Onu da vurdum, başı yarıldı. Xanım isə qorxusundan yorğanın altında gizləndi. Onu da dəmir parçası ilə vurdum. Gördüm Sevinc yenə də qışqırır. Növbəti dəfə vurdum ki, səsi kəsilsin, birdən hay-küyə qonşular gələr. Yorğanı qaldırıb ona baxdım ki, görüm diridir, ya yox. Öldüklərinə əmin olandan sonra bir az oturdum və özümə gəldim”.

Dəmir parçasından sonra bıçaq...

N.Nuriyev yan otağa keçib, qızılları və pulları götürüb. Onun sözlərinə görə, ələ keçirmək istədiyi pulların və qızılların yerini təxmini bildiyi üçün axtarışa o qədər də vaxt sərf etməyib. Evdən 40 min ABŞ dollarını və 39 min manatlıq qızıl-zinət əşyasını ələ keçirib. Evdən çıxmaq istəyəndə Xanımın oğlu Fəridin yuxudan oyanaraq qışqırıb ağladığını eşidib. O, geri qayıtmalı olub: “Gördüm, heç qadınlar da ölməyib, yalnız ağır xəsarət alıblar. Cünki ağrıdan zarıyırdılar. Artıq bu dəfə mətbəxdən bıçağı götürərək növbəti dəfə qadınlara xəsarət yetirdim. Fəridin də baş nahiyəsinə coxsaylı zərbələr vurdum, o da öldü”.

N.Nuriyev törətdiyi cinayətin izini itirmək üçün eyvanda olan qaz balonu ilə evi yandırıb. Qadınların guya evdə baş vermiş partlayış nəticəsində öldüyü görüntüsünü yaradan N.Nuriyev dəmir parçası ilə evin pəncərələrini də sındırıb. Bu zaman özü də bilək nahiyəsindən yaralanıb. Hadisəni tamah məqsədilə deyil, qisas məqsədilə törətdiyini iddia edən N.Nuriyev yaşadığı Yardımlı rayonuna gedərkən yolda cinayət zamanı üzərində qan ləkələri olan şalvarı kolluğa atıb. Heç nə baş verməmiş kimi evlərinə gedərək qızıl və külli miqdarda pul olan bağlamanı həyətdə ağacın altında basdırıb.

“Sonra bildik ki, o, Bakıda tükürpədən cinayət törədib”

Məhkəmədə şahid qismində dindirilən N.Nuriyevin anası Rəfiqə Hətəmova bildirdi ki, oğlu ona Bakıda tikinti şirkətlərin birində çalışdığını deyib. Evə gələndə ona 1100 ABŞ dollar pul, həyat yoldaşına isə 1 ədəd qızıl üzük verib: “Gördüm barmağı və biləyi zədələnib. Soruşdum ki, nə olub. Dedi, işdə yıxılmışam. Əlində olan bağlamadakı pulları və qızılları göstərib dedi ki, yıxıldığım üçün mənə kompensassiya veriblər. Pulun yarısına bu qızılları almışam. Bir neçə gün sonra Niyaməddinin qayınatası evə zəng edərək onu soruşdu. Mənə dedi ki, bilmirsən, nə məsələdir, Yardımlı Rayon Polis Şöbəsindən onu axtarırlar. Sonra bildik ki, Bakıda tükürpədən cinayət törədib. Bu barədə hüquq-mühafizə orqanları rayona məlumat veriblər. Onlar da Niyaməddini tutdular”.

Ömürlük həbs

N. Nuriyev həbs olunduqdan sonra polis əməkdaşları evə baxış keçirib. Onun həyətdə, ağacın altında bağlamada gizlətdiyi qızılları və külli miqdarda pulu maddi sübut kimi götürüblər.

Zərərçəkmiş qismində ifadə verən Ofelya Abbasovanın qardaşı Əzizağa Cabbarov bacısı və bacısı qızlarının ölümü ilə bağlı məlumatı polisdən öyrəndiyini, hadisədən sarsıldığını bildirib. O, N.Nuriyevə ömürlük həbs cəzası istəyib.

Dövlət ittihamçısı da şəxsiyyət əleyhinə xüsusi ağır cinayət törətdiyinə görə, N.Nuriyevin ömürlük həbs olunmasını irəli sürüb. Beləliklə, 4 nəfəri xüsusi amansızlıqla qətlə yetirən N.Nuriyev ömürlük azadlıqdan məhrum edilib.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR