Küçələrdə gecələyən ailəyə kömək edən tapılacaqmı? VİDEO
Bizi izləyin

Qırmızı.az

Küçələrdə gecələyən ailəyə kömək edən tapılacaqmı? VİDEO

“Artıq bir həftədən çoxdur küçədə qalan Sayadovlar ailəsi ilə bağlı Uşaq Hüquqları üzrə QHT Alyansının hüquqşünasları tərəfindən araşdırma başlanılıb. Məlumata görə, uşaqlar artıq Qara Qarayev adına xəstəxanaya yerləşdiriliblər. Ailəni klinikaya dəvət edəcəyik ki, onların vəziyyəti ilə daha dəqiq məlumat alaq”. Bu barədə Publika.az-a “Ümidli gələcək” Gənclər təşkilatının icraçı direktoru Kəmalə Aşımova məlumat verib.

Onun sözlərinə görə, dövlət qurumlarının vasitəsi ilə onların sığınacağa yerləşdirmək planlaşdırılır.

“Uşaqların ailədən kənar düşməmələri, həm də valideynlərə sosial yardım göstərilməsi istiqamətində işləyirik. Uşaqların ailədən kənarlaşdırılması ən son variant hesab edilir. Hazırkı durumda əsas məsələ bütün ailənin bir yerdə məskunlaşması üçün sosial sığınacağa yerləşdirilməsidir. Üstəlik, ailə başçıları əlildir. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ailəyə kömək göstərilməlidir. Təəssüf ki, son zamanlar həm bizim, həm də digər təşkilatların nəzdində olan sosial sığınacaqlar dövlət dəstəyi almayıblar. 7-8 aydır sığınacağımız tam fəaliyyət göstərə bilmir. Lakin istisna hal kimi bu ailənin sığınacağa yerləşdirilməsi ilə bağlı ƏƏSMN-ə müraciət edəcəyik. Bizi maraqlandıran əsas məsələ uşaqların küçəyə düşməməsidir”.

K.Aşımova ailənin torpaq sahəsinin olduğunu, lakin icra hakimiyyəti tərəfindən tikintiyə icazə verilmədiyini bildirib. Onun sözlərinə görə, bu məsələ də araşdırılacaq.

“Ailəyə sosial müavinətlərin ayrılmasına çalışacağıq. Ailənin problemi ilə bağlı həm ƏƏSMN-yə, həm də onların torpaq sahələrinin qeydiyyatda olduğu rayonun icra hakimiyyətinə müraciət edəcəyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Sayadovlar ailəsi ilə bağlı məsələni araşdırdıqlarını bildirib:

“Bizim hər hansı araşdırma aparmağımız üçün rəsmi müraciət olmalıdır. Amma buna baxmayaraq, məlumat əldə edən kimi, araşdırmaya başlamışıq. Bu gün səhər saatlarında komitənin əməkdaşları onların qaldıqları əraziyə göndərilib. Ailə barədə ətraflı məlumat əldə etdikdən sonra səlahiyyətimiz daxilində kömək göstəriləcək. Ailə hansı bölgədəndirsə, həmin bölgədə yaradıla biləcək şərait araşdırılacaq. Ananın problemləri olduğundan uşaqlar sığınacağa yerləşdirilə bilər. Bundan başqa, dövlət tərəfindən ailələrə sosial yardım nəzərdə tutulur. Ailənin həmin proqrama düşməsi, həmçinin evsiz qalmalarının səbəbləri araşdırıdıqdan sonra onlara necə kömək edə biləcəyimizi müəyyənləşdirəcəyik”.

Qeyd edək ki, ANS TV-nin məlumatına görə, 5 nəfərlik Sayadovlar ailəsi bir həftədən çoxdur Füzuli parkında gecələyir. Ailə başçısı Tarverdi Sayadov vərəm xəstəsi, yoldaşı isə birinci qrup gözdən əlildir. Ailənin üç azyaşlı uşağı – 6 yaşlı Əfsanə, 2 yaşlı Fatma və 3 aylıq Miryusif bir neçə gündür daş üstündə yatır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm