Allahşükür Paşazadə II Qareginin müraciətinə cavab verdi
Bizi izləyin

Qırmızı.az

Allahşükür Paşazadə II Qareginin müraciətinə cavab verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginin son günlər cəbhə bölgəsində baş verən gərginliklə bağlı müraciətinə cavab verib. QMİ-dən Publika.az-a verilən məlumata görə, cavab müraciətində deyilir:

“Biz Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə bağlı sizin məktubunuzla tanış olduq. Hərbçilərin ölümünə və sərhədyanı ərazilərdə yaşayan insanların dinc həyatının pozulmasına gətirib çıxaran bu gərgin vəziyyətdən narahatlığınızı tam bölüşürük. Lakin təəssüflə diqqətinizə çatdırmaq istəyirik ki, sizin dediyiniz bütün bu atışmalar və təxribatlar Azərbaycan ərazilərində baş verir. Ermənistan qoşunlarının atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərləri və bizim dinc sakinlərimiz həlak olur və ağır yaralanırlar. Ürək ağrısı ilə sizə xəbər veririk ki, son günlərdə erməni hərbçiləri Azərbaycanın sərhəd kəndlərində 3 uşağı ağır yaralayıblar. Əlbəttə ki, Tanrı tərəfindən bəxş olunan insan həyatına qəsd etmək böyük günahdır. Ona görə də, nəinki bu tip təxribatlara, ümumiyyətlə, uzun sürən müharibəyə və ərazi münaqişəsinə son qoymaq lazımdır. Uca Yaradanın iradəsi ilə qonşu olmuş xalqlarımız arasında ədalətli və möhkəm sülhün bərqərar olması üçün erməni siyasətçiləri nəhayət, konstruktiv mövqe tutmalı və bunun üçüm lazımi iradəni göstərməlidir. Bu cür yanaşma, ən əvvəl erməni xalqının öz mənafeyinə uyğundur. Bizim xalqımız birmənalı şəkildə sülhün, mehriban qonşuluq münasibətlərinin eləcə də beynəlxalq hüququn bütün bölgədə bərpa olunmasına tərəfdardır. Bunun üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qaldırıla və çoxdan gözlənilən daimi sülh bərqərar oluna bilər. Azərbaycan xalqı artıq 20 ildən çoxdur təmkin və hövsələ nümayiş etdirərək Qarabağ probleminin həllini gözləyir. Təəssüf ki, Azərbaycan dövlətinin sülhməramlı çağırışları hələ də Ermənistan tərəfindən eşidilməyib. Əksinə, Ermənistan qoşunları nəinki işğalı davam etdirir, həm də sistematik olaraq atəşkəsi pozur və dinc sakinləri öldürürlər. Azərbaycan və erməni xalqları arasında sülh və etimadın bərpası üçün biz sizi öz nüfuzunuzdan istifadə edərək Ermənistan hakimiyyətinə təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam mövqe tutsunlar. Biz bu gün Uca Yaradana üzümüzü tutaraq bölgədə möhkəm sülh və sabitliyin yaranması üçün dua edirik və ümid edirik ki, din xadimlərinin sülhsevər təşəbbüsləri xalqlarımıza fayda gətirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm