Aşıq Ələsgərdən sonrakı solaxay sazəndə
Bizi izləyin

Qırmızı.az

Aşıq Ələsgərdən sonrakı solaxay sazəndə

Aşıq Ələsgərdən sonra Azərbaycanda sol əllə sazı ifa edən ikinci aşıqdır Aşıq Gəncəli. Deyir, solaxay ifa Allahdan verilən paydır və bu payı layiqincə dəyərləndirməyə çalışır. 1993-cü il Kəlbəcər torpaqlarından didərgin düşüb. O, torpaqlar üçün hər gün, hər an darıxır. “Kəlbəcər alındı desələr, dizin-dizin, ayaqyalın, sürünə-sürünə gedərəm o bulaqlara, o dağlara...”, - deyir aşıq.

1968-ci il may ayının 24-də Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olub. 1993-cü ildə hamı kimi o da Kəlbəcərdən qaçqın düşüb, əvvəl Şamaxıda məskunlaşıb, sonra Bakıya köçüb. Teleqraf.com aşığın sorağına düşüb onu Şamaxıda tapdı.

O dəhşətli günlər

“O günlər dəhşətli günlər idi. Murov yolunda 80 kilometr yolu üç günə gəldik. Çünki yük maşınlarının hamısı yolda idi, bəziləri xarab olmuş, bəziləri aşmışdı. Mənim öhdəmdə 105 və 95 yaşlı babam-nənəmi də gətirmək var idi. Murovdağın başında babamın vəziyyəti pisləşdi, rəhmətə getdi. Bizi güllə-borana tutdular, qızım altıaylıq idi, onu öz yanımızda elə gizlətmişdik ki, güllə bizə dəysə də körpəyə bir şey olmasın. İndi Kəlbəcər alındı desələr, dizin-dizin, ayaqyalın, sürünə-sürünə gedərəm o bulaqlara, o dağlara. Kəlbəcər dünyanın ən gözəl yeri idi mənim üçün. İndi də ən yaralı yerimdir. Sazda nə ifa etsəm, Kəlbəcər yadıma düşür. Şair Şücaətin şeirlərini oxuyanda isə bəzən gözlərim dolur”.

Sənətə gəlişi

“Əmimin bir sazı var idi. Ondan çox xoşum gəlirdi. Hər dəfə onlara gedəndə sazı əlimə alıb çalmağa çalışırdım. Elə o vaxtdan saz mənim üçün həmişə sevimli olub. Hərbi xidmətdən qayıdandan sonra böyük ustad kəlbəcərli aşıq Qardaşxanın dörd il şagirdi oldum. O vaxtdan indiyə kimi el şənliklərində, dövlət müsabiqələrində, tədbirlərində iştirak edirəm”.

Saz

“Biz müsəlmanıq, əgər evimizin bir tərəfindən “Quran”ı asırdıqsa, o biri tərəfində mütləq xalçanın üzərindən saz asılardı. Saz çox müqəddəsdir, o saflıq, təmizlik deməkdir. Ona görə də aşıq məclisləri hamını nəsihətli sözlərlə düzlüyə, saflığa çağırır. Tarixən aşıqlar elin carçısı olub. Şah İsmayıl Xətainin dövründə, elə öncələr də döyüşdən əvvəl aşıqları çağırırmışlar ki, döyüşçülərə ruh versinlər. 10 il bundan öncə saz sənəti demək olar ki, itib-batmışdı. İndi müəyyən qədər sazla məşğul olmaq istəyənlər artıb, bu sənəti sevənlər, yaşadanlar çoxalıb. Küçələrdə əlində saz gəzdirənlər də var ki, onlara heç aşıq demək olmaz. Amma bütün hallarda Kəlbəcərdə olan aşıq sənəti indi yoxdur”.

Kəlbəcərin aşıqlı günləri

“Kəlbəcərdə aşığa çox böyük hörmət var idi. Bu hörmət el şənliklərində, məclis deyil, el içində idi. Çətin problem olanda ağsaqqal kimi aşığa müraciət edərdilər. Aşıq deyəndə hamı fikirləşirdi ki, görən kim gələcək... Adını çəkəndə sanki müqəddəs bir insan kimi baxırdılar ona. Bizdə toy məclisləri aşıq və qara zurna ilə keçirdi. Aşıq girərdi meydana orada da toy əhlinin bütün sifarişlərini ifa etməli idi. Sanki bununla aşığı imtahana çəkildilər. Toy qurtarana yaxın aşıq bəy tərifi deyərdi. Bu toyun çox möhtəşəm hissəsi idi. Əvvəllər məclisi aşıq aparar, dastan danışardı. İndi isə toyda bir-iki üç mahnı qoşurlar, vəssalam. Elə mənzərə yaranır ki, heç kimin aşıq sənətindən xəbəri yoxdur. Kütləvi şəkildə maraq indi yoxdur. Avropa musiqilərinə meyillənəndən sonra sazın da dinləyicisi azaldı. Müsabiqələr keçirilir, bununla gənclər həvəslənirlər. Amma demək olar ki, əksəriyyəti sazın asan variantına qaçır. İki-üç mahnı, xalq, türk mahnılarını ifa etməklə iş bitmir. Saza öz dədə-baba havaları yaraşır”.

“Toy sazı ayrı, bu saz ayrı”

“Mənim indiyə kimi beş sazım olub. Zaman-zaman sazlarımı dəyişmişəm. Toy sazı başqadır, bilirsiniz ki, o sazlar aparata qoşulur. O sazımdan əsasən toylarda, el şənliklərində istifadə edirəm. Amma ustad aşıqların sazı aparatsız, mikrofonsuz istifadə olunan sazdır. Bu cür saz ifa olunan məclislər əsl saz məclisləridir”.

Sazı bağlatdırmaq

“Biz sazı almırıq, “bağlatdırırıq”. Yəni almağa aşıqlar belə deyirlər. Sazı “bağlatdırmaq” da hər aşığın özünə uyğun şəkildə olur. Olur ki, sazı “bağlatdıranda” istədiyin kimi alınmaya bilər. Sazın qiyməti isə 50-60 manatdan başlayır və 300 minə kimi yüksəlir”.
Sazın başını aşağı salanlar kimlərdir?

“Bilirsiz, kimin sinəsində olub-olmamağından asılı olmayaraq saz elə sazdır... Saz öz qürurunu itirmir, sınmır, tarixən necə məğrur idisə, indi də elədir. Əsas məsələ sazı kimin ifa etməsində və onu hansı vəziyyətə salmasındadır. Elələri var ki, sazın “başını” aşağı salır və bu hamının da narazılığına səbəb olur. Ustadlar tapşırıblar ki, saz aşıqdan yuxarıda olmalıdır. Fikir verin, mərifətli saz ifaçısında sazın qol hissəsi aşığın başından yuxarıda durur. O mənada saz hər zaman ucadır. Amma indi sazın başını aşağı salırlar, arxada ifa edirlər, o qədər başına oyun açırlar ki hamı kimi mən də buna qarşıyam”.

Solaxay aşıq

“Yazını sağ əllə yazıram, amma məişət işlərində solaxayam. Özünü dərk edəndən solaxay olduğumu bilmişəm. Ona görə də sazı da solaxay çalıram. Mənə belə rahat və asandır. Bir-iki dəfə sazı sağ əllə ifa etməyə çalışdım, amma alınmadı. Təsəvvür edin ki, elə vəziyyət yarandı ki, sanki mənim sazla heç bir bağlılığım yoxdur. Allah belə məsləhət bilib, buna görə ona minnətdaram. Sazda əsas olan mizrablardır. Barmaqlar ona kömək edir. Amma bütün hallarda əsas mizrab tutan barmaqdır, əldir. Bu da mən də ürək tərəfə düşür. Solaxay olmağın fərqini o zaman daha çox hiss edirəm. Sanki ürəkdən gələnlər mizrab tutan ələ tez çatır. Və həmin dəqiqə də o hissləri dinləyicilərə ötürür. Mənim üçün solaxay saz çalmağın mənası budur. Aşıq Ələsgər də solaxay idi. O bir dəryadır, biz isə onun damlaları...”

Kimlərə qulaq asır?

“İndi bir neçə aşığın ifasına qulaq asıram. İkisi mənim yerlimdir – aşıq Əhliman və aşıq sənətini təmiz əzbər bilən aşıq Xalıqverdi. Bunlardan başqa Qardaşxan Mehdiyev, aşıq İmran, aşıq Əkbər. Demək olar ki, əsasən ustadlara qulaq asıram. Gənclərə isə kömək etməliyik. Tələbələrim var, onlara bu sənəti aşılayanda mənən rahatlıq tapıram. Onları tələbə kimi götürəndə musiqi duyumlarına fikir verirəm. Saz havalarından xəbərdar olub-olmadığını soruşuram, barmaqlarına diqqət edirəm. Yalnız ondan sonra ona sazın müqəddəsliyini aşılayıram. Və hər bir uşağa, gəncə sazı əlinə almamışdan öncə öpüb gözünün üzərinə qoymağı məsləhət görürəm. Çünki mən də elə eşitmişəm, elə görmüşəm, elə edirəm. Saz müqəddəsdir”.

Mütaliə

“Ədəbi nümunələrin aşıqlığa çox aidiyyəti var. Ən azı söz ehtiyatın olur. Tez-tez bildiyim dastanı belə təkrarlamağı özümə borc bilirəm. İndi üzdə olan aşıq sənətinə aidiyyəti olan əsərlər yazan şairlərimizin yaradıcılığını oxuyuram. Qəzəli xoşlayıram, oxuyuram, amma ki, aşıq sənətində qəzəl istifadə olunmur. Rəhmətlik Bəhmən Vətənoğlu, Şücaəti çox sevirəm. Aşıqların 80 faizini demək olar ki, onların əsərlərini oxuyur. Allah şəfa versin Zəlimxan Yaqubun da şairlərini tez-tez vərəqləyirəm. Hazırda müasir yazarların aşıqlığa aidiyyəti olan şeirlərini tapıb öyrənməyə çalışıram. Aşıq olmaq üçün dörd il universitet oxumaq lazım deyil. Aşıq ölən günə- sazı əlindən yerə qoyan kimi oxumalıdır. Çünki həyat davam edir, şairlərimiz yazırlar, yeni-yeni şeirlər yazılır. O mənada aşıq ömrünün sonuna kimi mütaliə etməlidir”.

Səs

“Səsimi hər zaman qoruyuram. Gündəlik qidalandığım qidalardan tutmuş havadan, soyuqdan, sudan, hər bir şeydən qoruyuram. Hətta yuxuma da diqqət yetirirəm. Səsim üçün ziyanlı olan qidanı yemirəm. Bəlkə elə bir qida var ki, 20 ildir onu dilimə vurmamışam”.

Efirlər

“Məndən pul istəməyən televiziyaların verilişlərinə hər zaman gedirəm. AzTV, Mədəniyyət, İctimai kanal məni verilişlərə dəvət edirlər, gedirəm. Onlar məndən pul tələb etmirlər. Amma pul istəyən kanallar da var. Onları başa düşə bilmərəm. Axı aşıq sənin elinin sənətidir. Necə ola bilər ki, efirdə oxuması, bu sənəti təbliğ etməsi üçün aşıq sənə-kanala pul versin. Söhbət o pulu verməkdən getmir, bu, aşıq üçün təhqirdir”.

“Aşıq Zülfiyyədən başqasına qulaq asmıram”

“Qadından necə müğənni olursa, demək aşıq da olur. Tarixən qadın aşıqlardan Pərini tanımışıq, bilmişik. Qadın aşıq olar amma daha yaxşı olar onlar müəyyən çərçivədə, mərifətlə, qabiliyyətlə bu sənətlə məşğul olsunlar. Çünki sinələrində saz var. Qadın aşıqlardan Zülfiyənin saz ifasından xoşum gəlir. Ondan başqa qadın aşıqlara qulaq asmıram. Çünki xəbərim var, məclislərdə bəzən rastlaşırıq, hamısını tanıyıram. Bilirsiniz, sənət başqadır, sənəti sındırıb ifa etmək başqa…”


Ailə

“Bir oğlum, bir qızım var. İkisi də universitetdə oxuyur. “Yoldaşınızla tanış olanda ona sazda nə ifa etmişiniz?” sualıma aşığın cavabı maraqlı olur “Yoldaşım da kəlbəcərlidir, qohumumuzdur. Atamın- anamın məsləhəti ilə evlənmişəm. Ona görə sazda heç nə ifa etməmişəm ona”.

Nərmin Muradova

Nərmin Muradova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm