• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kəlbəcərli girovların ailələri üsyan etdi

Kəlbəcərli girovların ailələri üsyan etdi

“Nə Dilqəm Əsgərovun, nə də Şahbaz Quliyevin ailəsi ilə bir nəfər də maraqlanmır. Halbuki hər iki ailənin də dəstəyə, köməyə ehtiyacı var”.

Bu sözləri Axar.az-a açıqlamasında ermənilərin girov götürdüyü kəlbəcərli Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev bildirib.

N.Quliyev sözlərinə görə, özləri maraqlanmasa, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) onlarla əlaqə saxlayıb məlumat vermir:

“BQXK bir dəfə də olsun bizimlə əlaqə saxlamayıb. Özümüz narahat olduğumuz üçün tez-tez zəng edirik. Zəng etməsək, bir dəfə də olsun əlaqə saxlayıb məlumat verməzlər. Rusiya prezidentinə göndərdiyimiz məktuba da ailələri rahatladacaq cavab gəlməyib. Ümidimiz prezidentlərin görüşünə idi, ancaq görüşdən sonra da heç bir müraciət, zəng olmayıb”.

O, əlavə edib ki, erməni diversantın ölümü ailələri narahat edib:

“Biz istəməzdik ki, erməni diversantı ölsün. Onun ölümündən sonra ailələr daha da narahat olmağa başlayıb. Erməni təxribatçı ələ keçiriləndə ümidimiz vardı ki, Dilqəm və Şahbazla dəyişdiriləcək. Onların durumu hər iki ailəni narahat edir. Haqlarında heç bir məlumatımız yoxdur və bu hal hər keçən gün bizi daha da narahat etməyə başlayır”.

N.Quliyev diqqətə çatdırıb ki, ailələrin durumu ilə bağlı maraqlanan olmayıb. Kəlbəcər rayonundan seçilən deputat Cavid Qurbanov da indiyə qədər ailələrlə əlaqə saxlamayıb:

“Dilqəmin ailəsini bilmirəm, ancaq Şahbazın ailəsində heç kəs işləmir. Həyat yoldaşı və qızından başqa ailəsində heç kəs yoxdur. Şahbazın həyat yoldaşının qardaşları və biz bacardığımız qədər köməklik edirik. Ancaq başqa maraqlanan heç kəs yoxdur. Kəlbəcərdən olan deputat özü də bir dəfə maraqlanmayıb ailələrlə. Nəinki Kəlbəcər, heç Qarabağdan seçilən bir deputatı belə, Dilqəm və Şahbazın ailəsinin durumu narahat etmir. Yalnız Prezident İlham Əliyev özü şəxsən bildirib ki, bu işlə məşğul olacaq. Deputat Zahid Oruc da parlamentdə məsələni müzakirəyə çıxarmışdı. Ancaq nə millət vəkilləri, nə də digər hökumət nümayəndələri bir dəfə də ailələrlə maraqlanmayıb”.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilər tərəfindən girov götürülüblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR