İyirmi məktəb qardaşlaşacaq
Bizi izləyin

Qırmızı.az

İyirmi məktəb qardaşlaşacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu sentyabrın əvvəllərindən “İlboyu bilik” şüarı ilə start götürəcək “Qardaşlaşmiş məktəblər” layihəsinə başlayır. Bilik Fondundan Publika.az-a verilən məlumata görə, layihə ilk mərhələdə 15 sentyabr - “Bilik günü”nə qədər Azərbaycanın 20 rayonundakı orta ümumtəhsil məktəblərini əhatə edəcək.

Layihənin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan ye­niyetmə və gənclərin biliyə marağının artırılması, Azərbaycan tarixinin və mə­­dəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir. Layihənin vəzifələri isə aşağı­da­kı­lar­­dan ibarətdir: müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yara­dıl­ma­sı, onların bir-birinə yaxınlaşdırılması, şagirdlərin intel­lek­tual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsi, istedadlı gənc­lərin aşkarlanması, həmçinin fəallarla yanaşı, passiv şagirdlərin də layihəyə cəlb olunması.

Layihənin rəhbəri Bilik Fondunun baş məsləhətçisi, sosiologiya elmləri doktoru, professor Rəfail Həsənovun sözlərinə görə, layihədən gələcəkdə respublikanın bütün bölgələrində təhsil alan orta ümumtəhsil məktəb şagirdlərinin faydalanması nəzərdə tutulur. Respublikanın 10 rayonunda yerləşən 10 məktəbə ölkənin 10 digər bölgəsindəki 10 məktəbdən şagirdlər dəvət olunacaq, onlar bir-biri ilə tanış olacaq, birgə tədbirlər keçirəcəklər. Bütün məktəblərdə eyni saatda məktəb və rayon rəsmilərinin iştirakı ilə gələcək əməkdaşlığın əsasını qoyacaq “Qardaşlaşma haqqında Saziş” imzalanacaq. Sənədə əsasən, qardaşlaşmış məktəblərin birgə konfranslar, dəyirmi masalar, sərgilər, konsertlər, muzey və tarixi yerlərə ekskursiyalar, hər iki rayon rəsmiləri, mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

“Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 15-də “Bilik günü” münasibəti ilə respublikanın bütün rayonlarında keçiriləcək “İlk dərs”lə davam edəcək. Bilik Fondunun layihəsinə əsasən, Azərbaycanın istedadlı alim və pedaqoqları yeni tədris ilinin ilk günü məktəblilər qarşısında dövlətçiliyimiz, azərbaycançılıq və vətənpərvərlik mövzusunda məruzə edəcəklər.

Tədris ilinin ikinci yarısında layihənin davamı olaraq qarşı tərəfin ev sahibliyi edəcəyi nəzərdə tutulur. Növbəti tədris ilində Bilik Fondu “Qardaşlaşmış məktəblər” layihəsini digər regionlarda da davam etdirəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm