Tarixin ən böyük kitab qətliamları
Bizi izləyin

Qırmızı.az

Tarixin ən böyük kitab qətliamları

Bəlkə də, bəşəriyyətin ən böyük cinayətlərindən biri kitab qətlləri, ən çox repressiyaya məruz qalan məxluqlardan biri də kitablardır. Onları məhv etməklə bir mədəniyyətin izini itirmək istəyiblər.

Mərhum akademik Ziya Bünyadov danışırdı ki, uşaq ikən nənəsi ona evin damındakı kitabları düşürüb buxarıda yandırmağı tapşırıbmış. Stalinizm dövründə SSRİ-də ərəb əlifbası ilə olan bütün kitablar məhv edilirdi. Bir müddət araşdırma aparıb yaxın və uzaq keçmişdəki tarixin ən məşum kitab qətliamları barədə məlumatları bir yerə toplamağa cəhd etdik.

İSGƏNDƏRİYYƏ KİTABXANASI. İlk dəfə eramızdan əvvəl 330-cu ildə yandırılıb. Deyilənə görə, yanan kitablar arasında 12 min inək dərisi üzərinə yazılmış "Avesta" da olub. Pifaqor, Evklid, Arximed bu kitabxanadan çox yararlanıb. Laertli Diogen və Porfiri yazır ki, Pifaqor üçün Samos tiranı Polikrat firon Amasisə təqdimat yazıbmış. Bu səbəbdən Pifaqorun başqa əcnəbilərə yasaq edilən kitabları oxumasına icazə verilib.

Bu kitabxana ikinci dəfə 48-ci ildə - Yuli Sezarın vaxtında yanıb. Sezarın günahını yumaq üçün Mark Antoni Kleopatraya Perqam kitabxanasından 200 min cild kitab ərmağan edib.

Üçüncü dəfə bu kitabxana 391-ci ildə "proletkultçu" hökmdar Böyük Feodosinin hakimiyyəti illərində yandırılıb. Feodosi Flavius hətta riyaziyyatı da küfr elan etmiş bir şəxs idi. Mənbələr deyir ki, yepiskop Aleksandr Feofilin moizələrindən vəcdə gələn xristian fanatikləri bütün "mürtəd və bütpərəst" kitablarını yandırıb. Kitabxanada 200 000 papirus və 700 000 sənəd olduğu iddia edilir.

TRİPOLİ KİTABXANASI. XI əsrdə ən böyük fond Tripolidəki "Elm evi" kitabxanasında olub. Bir sıra mənbələr hətta astronomik rəqəm deyir - 3 milyon cild! Burda 50 min Quran nüsxəsi, 80 min Quran təfsiri olduğu yazılır. Kitabxanada 180 nəfər çalışıb. "Elm evi" səlib yürüşü zamanı kitab əhli olan kitabsızlar tərəfindən yandırılıb.

BAĞDAD KİTABXANASI. Təxminən 1258-ci ildə o vaxt dünyanın ən böyük və sanballı kitabxanası məhv edilib. Monqol xaqanı Hülakü xan Bağdadı alanda kitabxanadakı bütün kitablar Dəclə çayına atılıb. Deyilənə görə, hamısı əl yazması olan kitabların mürəkkəbinin rəngindən Dəclənin suları həftələrlə mürəkkəb rəngində olub…

ƏNDƏLUS KİTABXANALARI. Mənbələrə görə, təkcə Kordova şəhərində hər il 16 - 18 min kitab hazırlanırmış. X əsrdə Kordova xəlifəsi əl-Hakimin kitabxanasında 400 min cild kitab olub. Onların yalnız adı və müəllifinin adı yazılan kataloqlar 44 kitabdan ibarət imiş. İspaniyada müsəlmanların və yəhudilərin kütləvi məhvi başlananda kitablar da nəsibini alıb. 1499 və ya 1500-cü ildə İspaniyada bir milyondan çox ərəbcə və ibranicə kitab yenə xristianlar tərəfindən yandırılıb. Fətvanı Qrenadanın baş yepiskopu Sisneros verib.

FRANSA KİTABXANALARI. Fransa inqilabının ən böyük simalarından olan Robespyer 1793-cü ildə dini kitablar və Fransa krallarını müsbət planda təsvir edən bütün kitabların yandırılmasını tapşırıb.

BERLİNDƏ KİTAB QƏTLİAMI. 1933-cü ildə Berlinin Opera Meydanında 70 min nəfər toplaşıb, yük maşınları və əl arabaları ilə gətirilən 20 minə qədər kitab ordaca yandırılıb. Onların arasında Henrix Mann, Erix Maria Remark və başqalarının da kitabları olub. Alman şairi Henrix Heyne hələ 1821-ci ildə yazırdı: "Bu gün kitabları yandıranlar sabah adamları da yandırar". Elə də oldu. Faşistlərin Osvensimdə bəzən bir gündə 10-12 min insanı sobalarda yandırdığı deyilir.

Yenə BAĞDAD KİTABXANASI. 9 aprel 2003-cü ildə Bağdad kitabxanası və tarix muzeyi Amerikadan olan kitab qaçaqçıları və bağdadlılar tərəfindən talan edildikdən sonra yandırılıb. Deyilənə görə, kitabxanada min ildən çox tarixi olan 17 min tarixi əsər və yüz minlərlə əl yazması olub.

Bir sıra müəlliflər kitablarını öz övladı adlandırır. Ona görə kitab qətlini "uşaq qətli" də adlandırmaq olar. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm