• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

DİN-dən Sumqayıt olayı ilə bağlı açıqlama

DİN-dən Sumqayıt olayı ilə bağlı açıqlama

Avqustun 10-da Azərbaycan çempionatı çərçivəsində Sumqayıtda keçirilən futbol matçında fanatlarla polislər arasında qarşıdurma yaranmışdı.

DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov həmin olaylarla bağlı açıqlama verib.

Musavat.com həmin açıqlamanı diqqətinizə çatdırır: “Avqustun 10-da Sumqayıtda keçirilən futbol matçında yarışı izləmək üçün gələnlər arasında bir-iki nəfər idmana, futbola heç bir aidiyyatı olmayan şüarlar yazılmış plakatları stadiona keçirməyə cəhd edib. Qanunların aliliyini təmin edən polis əməkdaşları mövcud təlimata uyğun olaraq bu cür plakatlaın tribunalara daşınmasına haqlı olaraq imkan verməyiblər. Etiraf etmək lazımdır ki, idman arenalarını, müqəddəs məkanları, ziyarətgahları siyasət meydanına çevirmək məqsədə müvafiqdir sayıla bilməz. O ki qaldı, bəzi KİV-lərdə həmin məsələ ilə əlaqədar polisin hərəkətinin rüsvayçılıq kimi dəyərləndirilməsinə, bu ən azından ölkəmizin sürətli inkişafını, hökm sürən əmin-amanlığı, sabitliyi gözü götürməyənlərin bilərəkdən ortaya atdıqları bir təxribat xarakterli böhtandan başqa bir şey deyil. Cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi və vətəndaşlarımızın təhlükəsizliyini təmin edən polisi bu işdə əsassız olaraq “rüsvayçılıqda” ittiham edənlərin özləri rüsvay olunası ünsürlərdi.

Stadiona gətirilən “Şəhidlər ölməz, Vətən bölünməz” şüarına guya polislər tərəfindən sayğısızlıq göstərilib.... Yalan və böhtandır. Xalqımız yaxşı xatırlayır və bilir ki, doğma Qarabağda torpaqlarımızın, orada yaşayan vətəndaşlarımızın düşməndən müdafisinə ilk dəfə qalxan da, bu yolda ilk şəhidlər verən də məhz polis əməkdaşları olub. Yəni, şəhidlərimizin ölməzliyini, vətənimizin bölünməzliyini Azərbaycan polisi öz əməli, öz xidməti ilə dəfələrlə sübut edib. Ona görə də onları şəhidlərimizin ruhuna, vətənimizin bütövlüyünə hörmətsizlikdə günahlandırmağın özü ən böyük günah və ədalətsizlikdir. Biz Azərbaycan polisi olaraq şəhidlərimizin müqəddəs ruhları qarşısında həmişə baş əymişik və bundan sonra da canımız-qanımız bahasına olsa belə, vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparmağa hazırıq. Əfsuslar olsun ki, hələ də orda-burda rast gəlinən üzdəniraq siyasət dəllallarının, dil pəhləvanlarının təsiri altına düşən bir qrup gəncimiz şəhidlərimizin, vətənimizin müqəddəs adlarından siyasi məqsədlərlə istifadə olunduğunun fərqinə varmayıblar. İnanırıq ki, siysi işbazların toruna düşən vətəndaşlarımız nəhayət ki, aldandıqlarını başa düşəcək, doğru yolda olmadıqlarını anlayıb lazımi nəticə çıxaracaqlar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR