• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dövlət Miqrasiya Xidməti "AmCham"ın üzvlərini yerli kadrları işə götürməyə çağırıb

Dövlət Miqrasiya Xidməti "AmCham"ın üzvlərini yerli kadrları işə götürməyə çağırıb

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") tərəfindən təşkil edilən aylıq işgüzar naharda iştirak edib.

Palatadan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən F.Nəbiyev Dovlət Miqrasiya Xidmətinin "AmCham"la əməkdaşlığından məmnun olduğunu bildirib və tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun ən yeni nailiyyətlərindən və Miqrasiya Məcəlləsinə 2013-cü ildə "AmCham" üzvləri tərəfindən təklif olunmuş dəyişikliklərdən danışıb: "AmCham"ın Azərbaycanda iqtisadi və biznes mühitini yaxşılaşdırmağını, onun üzvləri tərəfindən hazırlanmış və Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul olunan təklifləri və davam edən möhkəm əməkdaşlığımızı çox yüksək qiymətləndirirəm. Dövlət Miqrasiya Xidməti hər zaman "AmCham" tərəfindən təqdim olunan təklifləri dəstəkləyir. "AmCham"ın Dövlət Miqrasiya Xidmətinə yönəltdiyi hər bir sual cavablandırılacaq".

Tədbirdə çıxış edən Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirib: "Sizin rəhbərliyiniz altında iki təşkilat arasında yeni bir pilləyə qalxan əməkdaşlığımızı yüksək qiymətləndirirəm. Bizim mütəmadi əməkdaşlığımız, "AmCham" tərəfindən təklif olunan və Miqrasiya Məcəlləsinin sonuncu variantına daxil edilən dəyişikliklərin sayı, habelə bizim daim dialoqa hazır olmağımız bunun ən böyük göstəricilərindəndir. Ümidvarıq ki, bizim əməkdaşlığımız Azərbaycanın biznes mühitinə yaxşı təsir edəcək".

Tədbir zamanı F.Nəbiyev Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərini milli kadrları işə götürməyə çağırıb. O, Azərbaycanın işçi bazarında olan hazırlıq səviyyəsindən xəbərdar olduğunu bildirib və məhz buna görə bu şirkətlərin qəbul etdiyi kadrlar üçün təlimlər keçirməli olduğunu qeyd edib.

Biznes üçün istedadlı gənclərin sayının artırılması üçün "AmCham" Azərbaycan və Azərbaycan Təhsil Nazirliyi ilə birgə layihə irəli sürüb. Nahar zamanı təqdim olunan sorğu bu layihənin ilk addımı kimi təqdim olunub, Azərbaycanda Amerika Ticarət Palatasının üzvləri tərəfindən cavablandırılıb.

Palata Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham" 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. Palata Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Palatanın sahə komitələri vasitəsilə üzvləri məlumatlarla bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edirlər. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar Azərbaycan və ABŞ hökumətlərinin biznes, informasiya və əlaqələr üzrə geniş bazasına daxil olma imkanı qazanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR