• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İşçiləri müqaviləsiz işlədən sahibkarları həbs edəcəklər

İşçiləri müqaviləsiz işlədən sahibkarları həbs edəcəklər

Azərbaycanda kütləvi sayda işçini əmək müqaviləsi olmadan işlədən sahibkarlar üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

Azərbaycanda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edən fiziki və hüquqi şəxslər 3 manatdan 25 min manatadək çərimələnəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, Əmək Məcəlləsinə edilən son dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifələrinə aid edilib. Dəyişikliklərə əsasən, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sistemində qeydiyyatdan keçirməlidirlər.

Əmək Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlər və ya onların səlahiyyət verdiyi şəxslər gücləndirilmiş elektron imzaya malik olmalıdırlar.

Nazirlikdən bildirilib ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə "xeyli sayda" dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində edilən müvafiq dəyişikliklərin tələbləri ilə işəgötürənlərdən onların üzərinizə qoyulan öhdəliklərin icrası tələb olunur. Bu sahədə işəgötürənlərə əməli köməklik göstərilməsi məqsədi ilə regionlar üzrə Dövlət Əmək Müfəttişliklərində "Yardımçı masaları" və işçi qrupları yaradılıb. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - "Çağrı mərkəzi" əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı məlumatlandırma funksiyalarını gücləndirib. İşəgötürənlər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı www.e-gov.az və www.mlspp.gov.az portallarına, habelə 142-"Çağrı mərkəzi"nə müraciət edə bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR