Xandan nökərə qalan şəhər - XANKƏNDİ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Xandan nökərə qalan şəhər - XANKƏNDİ - FOTOLAR

Bura xanların və ailələrinin istirahəti üçün salınmış şəhərdir. Gözəlliyi, yerləşdiyi əraziyə görə xanlara, bəylərə layiq olan bu məkan indi erməni işğalçılarının məskəninə çevrilib. İndi bu torpağın əsl sahibləri ondan kilometrlərlə uzaqdadır. Doğma vətəndən uzaqda doğulan yeni sakinlər isə artıq bu şəhərin sakini hesab olunmur.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Xankəndi kəsirini araşdırıb.

Xanların məskəni

Xankəndi XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır.

Əhalinin tərkibi SSRİ dövründə dəyişməyə başlayıb. Həmin dövrdə Xankəndidə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. Bu tərkibin dəyişməsi sonradan şəhərin adına da təsir edib.

1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra erməniləşdirilmə siyasəti aktivləşib. 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də, Xankəndi erməni işğalı altına düşüb.

Bütün bu proseslərə baxmayaraq, azərbaycanlılar xan babalarından onlara qalan bu torpaqlarda yaşamaqda davam edirlər. Lakin SSRİ-nin xüsusi siyasəti onların Xankəndidən uzaqlaşdırılmasına hesablanıb.

1988-ci il hadisələri başlayanda Xankəndidə erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edib. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdı.

1988-89-cu ildə Xankəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Moskvanın himayəsi ilə güclənən erməni separatizmi sonuncu azərbaycanlıları dekabrın 23-ü 1991-ci ildə Xankəndidən qovmağa nail oldu. Şəhərin işğalı tam başa çatdırıldı.

Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunub.

Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf edir.

İnzibati cəhətdən Xankəndi şəhərinin əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən, Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda ərazi erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Bu gün təqdim edilən siyahıda azərbaycanlıların sayı ayrıca göstərilmir. Təəssüf doğuran məqam isə, bu siyahının Azərbaycan tərəfindən də aparılmamasıdır. Bunun səbəbini isə sonra aydınlaşdıracağıq.

Rayonun sənayesi

Xankəndidə tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Bu şəhərdə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutub.

Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzlərindən biri olub. Burada yüngül və yeyinti sənayesi inkişaf edib. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları vardı. Şəhərdə 3 sovxoz və 1 kolxoz fəaliyyət göstərirdi. Bu sovxozlarda müxtəlif bitkilər əkilib. Şəhərdəki yeganə kolxozda isə əsasən atçılığa və maldarlığa çox üstünlük verirdilər. Burada Qarabağ cins atları yetişdirilirdi.

Rayonda ehtiyatı 7280 min kub metr olan (Əskəran qrupu) qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatı 9 min kub metr/gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur.

Həmçinin şəhərdə nəşriyyat da çox inkişaf edib. SSRİ dönəmində şəhərdə üç qəzet ("Qarabağ", "Xankəndi" və "Komsomolçu gənclər") fəaliyyət göstərirdi. 1978-ci ildə Xankəndi Gənc Jurnalistlər Evi də açılıb.

Xankəndi şəhərində bir çox mədəniyyət yerləri olub. Şəhərdə 2 mədəniyyət evi, 2 musiqi məktəbi, 1 rəqs məktəbi, 1 rəsm məktəbi fəaliyyət göstərirdi. SSRİ dönəmində şəhərin mədəniyyət evi V.İ.Leninin adını daşıyırdı. Qarabağda ilk rəqs məktəbi Xankəndi şəhərində 1972-ci ildə istifadəyə verilib. Şəhərdə 1936-cı ilə qədər qızlar və oğlanlar birlikdə təhsil almırdılar.

Avropa şəhərlərindən fərqlənmirdi

Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyevanın sözlərinə görə, şəhər Qarabağın elm, mədəniyyət mərkəzi olub. Xankəndi işğaldan əvvəl Avropanın inkişaf etmiş şəhərlərindən geri qalmırdı:

“Şəhərdə Xankəndi Aqrar Sənaye Birliyi, Zona təcrübə Stansiyası, Kənd Təsərrüfatı Texnikumu təcrübə mərkəzi, Qarabağ elmi-təcrübə bazası, AMEA-nın Dağlıq Qarabağ Filialı, Dövlət Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti), Kənd Təsərrüfatı, Musiqi, Tibb Texnikumu, Azərbaycan Yazıçılar İttifaqının filialı, 14 orta məktəb, 2 səkkizillik, 2 musiqi, 10 peşə məktəbi, 22 uşaq bağçası, 3 internat məktəbi, Tarix Diyarşünaslıq Muzeyi, Qorki adına Xankəndi Dram Teatrı, 8 kitabxana, Vərəm dispanseri, Dəri zöhrəvi xəstəxanası, Onkoloji xəstəxana və s. tibb məntəqələri var idi.

Burada fəaliyyət göstərən sənaye və digər obyektlərdə azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələri də işləyirdi. Həmin dövrdə şəhərdə 12-14 min azərbaycanlı yaşayırdı, həmçinin erməni, rus və digər millətlərdən də yaşayanlar az deyildi”.

X.Vəliyeva onu da bildirib ki, şəhər əhalisi sənaye məntəqələrində çalışsa da, şəhər ətrafında maldarlıq, əkinçiliklə məşğul olurdular, həmçinin quşçuluq fabriki var idi, arıçılıqla məşğul olurdular. Xankəndi həm də yaxşı turizm mərkəzi ola bilərdi.

O, hazırda Xankəndi sakinlərinin əsas problemlərinə toxundu:

“Hazırda Stepanakert adlandırılan Xankəndidə yaşayanlar erməni əsilli azərbaycanlılardır. Xankəndi respublika tabeli rayondur. İnzibati ərazisinə Kərkicahan qəsəbəsi daxildir, heç bir rayonun tərkibində deyil, şəhər statusu olaraq qalıb. 1992-ci ildən şəhər sakinlərinin problemlərinin həlli şifahi şəkildə Xocalı Rayon İcra Hakimiyyətinə həvalə edilib. Artıq 20 ildən çoxdur ki, rayonun yeni doğulan vətəndaşlarının sənədində Xankəndi sözü yazılmır. Hazırda vətəndaşlar pasport alarkən digər rayonların qeydiyyatında gedirlər, bu da əhalinin hazırkı sayının müəyyən edilməsində çətinlik yaradır. Ona görə nümayəndəlik yaradılsa, yaxşı olar. Heç olmazsa, sənədlərə Xankəndi adı və nümayəndəliyin yazılması mümkün olsun”.

Hazırda Xankəndi sakinləri əsasən Gəncə, Ağcakənd, ümumilikdə 35 rayonda məskunlaşıblar.

Qonşu rayon sakinlərinin iş yeri

Uzun müddət rayonda Nizami Gəncəvi adına 4 nömrəli məktəbin direktoru Sabir Əliyev Xankəndini digər rayonlardan fərqləndirən əsas xüsusiyyətin məhz ipəkçilik olduğunu deyir:

“İpək kombinatında həm barama emal edilir, həm də ipək və xalça hazırlanırdı. Ayaqqabı, mebel fabriki, elektrotexnika, şərab və konyak, yağ, süd istehsalı zavodu, ət kombinatı, mərmər istehsalı, limonad, pivə zavodu var. Bu obyektlərdə yalnız Xankəndi sakinləri yox, Laçın, Kəlbəcər və digər rayonlardan gələnlər də işləyirdi. Təkcə ipək kombinatında 2 mindən çox işçi var idi. Bu obyektlərdə istehsal edilən məhsullar digər ölkələrə satılırdı. Xüsusən konyaklar, şərablar Rusiyada ən baha qiymətə satılan içki idi. İpəkçiliyin inkişafına görə, Şəkidən geri qalmırdı. Xankəndi ipək kombinatının məhsulları dünya ölkələrinə satılırdı.

Kənd yerlərində isə əsas heyvandarlıq, bağçılıq, bostançılıq inkişaf etmişdi”.

1945-ci ildən statistik məlumatların rayonların özlərində saxlanması, dövlət statistika idarəsinə göndərilməməsi bu gün işğal altında olan rayonlarla bağlı informasiya məhdudluğuna səbəb olub.

Hər iki müsahibimiz Xankəndinin ümumi imkanlarından danışsalar da, rayonun iqtisadi imkanlarını konkret rəqəmlərlə ifadə edə bilmədilər. Bunun əsas səbəbi isə rayon rəhbərliyində ermənilərin işləməsi və arxivin hazırda separatçı rejimin əlində qalmasıdır. Bir sözlə, bu dəfə layihəmizin adına uyğun olaraq rayonun iqtisadi imkanını və işğaldan əvvəlki gəlirlərini rəqəmlərlə ifadə edə bilmədik.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm