26 ildir icra hakimiyyətsiz qalan Xankəndi
Bizi izləyin

Qırmızı.az

26 ildir icra hakimiyyətsiz qalan Xankəndi

"1988-ci ildən Xankəndi sakinləri ilə işləyən icra qurumu yoxdur. Rayon sakinləri müvəqqəti məskunlaşdıqları, yaxud işğal altında olan rayonların qeydiyyatındadırlar. Bu da sakinləri bir yerə toplamaqda problem yaradır. Bu gün çox məyusedici bir haldır ki, Xankəndi şəhəri ilə bağlı dolğun, dürüst statistik göstəricilər yoxdur. Ümumiyyətlə, cəmiyyət Xankəndi və orada yaşayan azərbaycanlılar haqqında, demək olar ki, məlumatsızdır".

Bu sözləri Publika.az-a açıqlamasında 122 saylı Xankəndi seçki dairəsindən deputat seçilmiş Flora Qasımovanın köməkçisi Səbuhi Səmədov deyib.

Onun sözlərinə görə, məlum hadisələrin ilk günlərindən xankəndlilərin sosial problemlərinin həll edilməsi Xocalı Rayon İcra Hakimiyyətinə tapşırılıb.

“1987-1988-ci illərdə erməni şovinistlərinin səyi nəticəsində Xankəndidə yaşayan azərbaycanlılara qarşı təzyiqlər daha da genişləndi. Separatizmin ilk ən ağır zərbələrini məhz Xankəndidə yaşayan azərbaycanlılar aldı. Hadisələr başlarkən etnik təmizləməyə məruz qalan azərbaycanlılar qonşu rayonlara – Şuşaya, Xocalıya, Ağdama köçmüş, həmin rayonlar da işğal olunduqdan sonra ikinci dəfə köçkünlük həyatını yaşayıblar.

Hazırda Xankəndi respublika tabeli şəhərdir və inzibati ərazi vahidliyinə Kərkicahan qəsəbəsi daxildir. Gəncə şəhərində yerləşən Kərkicahan qəsəbə nümayəndəliyi çox məhdud çərçivədə fəaliyyət göstərir. 25 ildən çoxdur ki, Xankəndi ilə bağlı hər hansı iş görülməyib, Xankəndi həqiqətləri dərindən öyrənilməyib. Bu müddətdə hər hansı icra sturukturunun yaradılması isə gündəmdə olmayıb”.

Digər işğal altında olan rayonların sakinlərinin yeni dünyaya gəlmiş övladları rayon icra hakimiyyətində qeydiyyata alınır. Bu da rayon sakinlərinin hazırkı sayının müəyyən edilməsinə imkan yaradır. Lakin 1988-ci ildən sonra Xankəndində yaşayan azərbaycanlıların sayında kəskin azalmalar müşahidə olunurdu ki, bunun da əsas səbəbi rəhbər vəzifələrdə çalışan ermənilər tərəfindən Xankəndi ilə bağlı statistik göstəricilərin təhrif edilməsidir.

S.Səmədov bildirib ki, “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin bu yaxınlarda həyata keçirdiyi layihə zamanı Xankəndidən olan şəhidlərin sayının 70-dən çox olduğu müəyyənləşib. Onun sözlərinə görə, araşdırmalar aparılsa, daha bir çox məqamlar aşkarlana bilər.

“Məsələ dəfələrlə gündəmə gətirilsə də, həll edilməyib. Qəribə məqamlardan biri də odur ki, işğaldan sonra respublikamızın müxtəlif şəhər və rayonlarında yerləşən Xankəndi təhsil müəssisələrinin adları dəyişdirilib.

Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli orta məktəbin bərpası ilə bağlı sənədlər toplanarkən bir sıra çətinliklərlə qarşılaşdıq. Səbəb isə işğal zamanı arxiv sənədlərinin Xankəndidə məhv edilməsi idi. Xankəndi ziyalılarının köməkliyi ilə şəhər təhsil ocaqlarının yaranması, fəaliyyəti haqqında bir çox məqamlara aydınlıq gətirildi. 2012-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin bərpası ilə bağlı imzaladığı sərəncam xankəndlilərin hədsiz sevincinə səbəb oldu”.

Müsahibimin sözlərinə görə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə nəşr olunan kitablarda Xankəndi ilə bağlı məlumatların olmaması xankəndlilərin təəccübünə və məyusluğuna səbəb olur.

“Nə vaxta kimi respublika tabeli şəhər olan Xankəndi digər işğal altında olan şəhər və rayonların ərazisinin tərkibində göstəriləcək? Bu da ilk növbədə insanlarda ruh düşkünlüyü yaradır. Millət vəkili Flora Qasımova tərəfindən bu məsələ Milli Məclisdə dəfələrlə gündəmə gətirilib. Dağınıq halda müxtəlif yerlərdə məskunlaşan xankəndlilər arasında əlaqələrin gücləndirilməsi, onların təşkilatlanması və ictimai həyatda fəallıqlarının artırılması bu gün çox mühüm bir məsələdir. Bu baxımdan ümidvarıq ki, 10 mindən yuxarı əhalisi olan Xankəndi şəhərinin icra strukturlarının yaradılmasına aidiyyəti təşkilatlar biganə qalmayacaqdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm