Nazirlik yanğınlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik yanğınlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi zərər çəkmiş tərəf kimi yanğınların baş vermə səbəblərinin araşdırılması və təqsirkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ünvanlayıb. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilib ki, bu il əvvəlki illərlə müqayisədə ölkənin iqlim şəraitində xeyli quraqlıq müşahidə olunduğundan bütün təbiət əraziləri, o cümlədən biçənək və otlaq sahələri, meşə massivləri yanğına daha həssas vəziyyətdədir.

Belə şəraitdə təbiət qoynunda istirahət edən və təsərrüfat işləri ilə məşğul olan vətəndaşların, otlaq sahələrində məskunlaşmış heyvandarların ehtiyatsızlığı, taxıl sahələrinə biçindən sonra od vuran fermerlərin yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi müxtəlif bölgələrdə yanğınların baş verməsinə və sonradan meşə fondu torpaqlarına, milli parkların ərazilərinə keçməsinə səbəb olur.

Yanğının baş verməsinə səbəb ola biləcək amillərdən birinin də kustar üsulla kömür hazırlanması fəaliyyəti olduğu ehtimal edilir. ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamenti əməkdaşlarının son bir həftə ərzində keçirdikləri reydlər zamanı kustar üsulla kömür hazırlayan 8 şəxs aşkar edilib, həmin şəxslər 5600 manat məbləğində cərimə olunub və kömür quyuları ləğv olunub. Ümumiyyətlə, bu cür ehtiyatsızlıq və hətta etinasızlıq nəticəsində ölkənin təbiətinə ziyan vurulur, çətin relyeflərdə, əksər hallarda keçilməz yolsuzluq şəraitində xeyli miqdarda maddi və insan resursları məsrəf olunur.

Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə dəstələri, aviasiya bölmələri ilə birlikdə son günlər ölkənin müxtəlif ərazilərində baş verən yanğınların qarşısının alınması istiqamətində ciddi tədbirlər görür, operativ qaydada yanğınların miqyasının genişlənməsinə yol verilmir.

Bütün hallarda ölkənin təbiətinə, meşələrinə cavabdeh qurum olaraq ETSN zərər çəkmiş tərəf kimi ciddi narahatlıq keçirir və yanğınların baş vermə səbəblərinin araşdırılması və təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ünvanlayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm