Əli Həsənov məcburi köçkünlərlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov məcburi köçkünlərlə görüşüb

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, həmçinin digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.

Publika.az-ın məlumatına görə, qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılmış, problemlərinin həlli üçün tapşırıqlar verilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 35 min nəfərdən çox qaçqın və məcburi köçkün soydaşımız Bakının Sabunçu rayonunda yaşayır. Bu, ümumilikdə 8 min ailə deməkdir. Onlar əsasən rayon ərazisindəki yataqxanalarda, sanatoriyalarda və ictimai binalarda məskunlaşıblar.

Qəbulda Əli Həsənov bildirib ki, Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 83 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 210 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər vardır. Həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Əli Həsənov Prezident İlham Əliyevin qətiyyəti ilə bu problemin də tezliklə öz həllini tapacağına əminliyini bildirib.

Qəbula gələn məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Qəbulda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Komitənin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak edib.

Səhər saat 9.00-dan başlayan qəbul axşam saat 16.00-dək davam edib və bu dəfə ümumilikdə 400 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib.

Sonda qəbula yazılmayan məcburi köçkünlər də qəbul edilib, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınıb. Bildirilib ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm