• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyə vətəndaşı: "Azərbaycan üçün canımı fəda etməyə hazıram"

Türkiyə vətəndaşı: "Azərbaycan üçün canımı fəda etməyə hazıram"

Son vaxtlar erməni kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri hünər və şücaət ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır. Cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri şəhidlərimizin dəfn mərasimlərində yaxından iştirak edir, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin xatirələrinə öz ehtiramlarını bildirirlər. Bir həqiqəti qeyd etmək vacibdir ki, ordumuzun ön xətdəki uğurları vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Müdafiə Nazirliyinin ünvanına gələn saysız-hesabsız məktublarda, müraciətlərdə vətənpərvərlik hissləri, ordumuzun şəxsi heyətinə rəğbət və dəstək ifadə olunur.

Azərbaycanın müxtəlif bölgələrindən və ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılardan, bir sıra xarici ölkələrdən, o cümlədən Türkiyə Respublikası vətəndaşlarından Müdafiə Nazirliyinə gələn məktub və elektron müraciətlərin sayı gündən-günə artır. Onlar Azərbaycan əsgəri ilə həmrəy olduqlarını bildirir və torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini ifadə edirlər. Müdafiə Nazirliyinə daxil olan müraciətlərdən bəzilərini təqdim edirik.

Yevlax rayon sakini Ruslan Fehruz oğlu Məmmədovun məktubundan sətirlər: "Hörmətli nazir! Son vaxtlar ölkəmizin düşmənlə təmas xəttində baş verən hadisələr, erməni hərbi birləşmələri tərəfindən mövqelərimizə edilən aramsız hücumlar bir azərbaycanlı kimi məni də hiddətləndirib. Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində belə cəhdlərin qarşısının qətiyyətlə alınması məni ürəkdən sevindirir. Qürur duyuram ki, son vaxtlar Sizin rəhbərliyiniz ilə ordu quruculuğunda qazanılan uğurlar, orduda şəxsi heyətin döyüş ruhunun yüksəlməsi bizi də ruhlandırır. İnanın ki, yevlaxlı gənclər də Vətənimizin müdafiəsinə və torpaqlarımızın işğaldan azad edilməsinə daim hazırdırlar."

Ehtiyatda olan hərbi qulluqçu Abbas Məstəliyevin də müraciətində vətənpərvərlik duyğuları ifadə olunub. O, yazır ki, bu gün ehtiyatda olsam da, müharibə başlayacağı anda məni də könüllü döyüşçülər sırasına qəbul etməyinizi xahiş edirəm.

Başqa bir məktubun müəllifi isə, paytaxt sakinlərindən biri - Emin Hafiz oğlu Tarverdiyevdir. O da müraciətində qeyd edir ki, cənab nazir, minlərlə ölkə vətəndaşı kimi, mən də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazıram. "Silaha sarılıb döyüşlərə başlamaq üçün Sizin əmrinizi gözləyirəm!".

Neçə illərdən bəri Ermənistanın hərbi birləşmələrinin təxribat hücumlarına mərdliklə sinə gərmiş Tovuz rayonunun sakinlərindən biri Ramiz Aqil oğlu Abbasovun da müraciəti Müdafiə naziri general-polkovnik Zakir Həsənova ünvanlanıb.

"Salam, cənab nazir! Biz hər zaman döyüşə hazırıq və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini gözləyirik. Biz inanırıq ki, öz dədə-baba torpaqlarımızı tez bir zamanda düşməndən azad edib zəfər bayrağımızı öz torpaqlarımızda dalğalandıracağıq. Sizə müraciət etməkdə məqsədim odur ki, istənilən vaxt Sizin rəhbərliyinizlə döyüşlərə qalxmağa hazırıq. Tezliklə ermənilərə göstərməliyik ki, xalqımız nəyə qadirdir. Azərbaycan igidlərinə qısa bir vaxt kifayət edər ki, doğma torpaqlarımızı son qarışına kimi işğaldan azad etsin."

Şəki rayon sakini Mustafayev Dağlar Möylam oğlu da öz məktubunda bildirir ki, son vaxtlar düşmənlə təmas xəttində baş verənlər bir Azərbaycan gənci olaraq onu da narahat edir. O, bildirir ki, sol gözündəki fiziki qüsurla əlaqədar hərbi xidmətdən möhlət hüququna mailk olsa da, Vətən torpaqlarının müdafiəsinə qalxmağa daim hazırdır.

Növbəti müraciətin müəllifi isə Füzuli rayonunda dövlət işində çalışan Xudiyev Hikmət Asif oğludur. "Horadiz şəhərində yaşayıram, ixtisasca tarixçiyəm. Mən arzu edərdim ki, erməni faşistlərinə qarşı aparacağımız haqq-ədalət müharibəsində bizim gücümüzdən də istifadə edəsiniz. Mən yüzlərlə füzulili gənclə birlikdə düşmənə qarşı döyüşməyə hazıram. Mən özüm də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşam, bir çox silahlardan istifadə etməyi bacarıram. Cənab nazir, xahiş edirəm ki, könüllü döyüşçülərin toplanmasına icazə verəsiniz. Qoy düşməni torpaqlarımızdan birdəfəlik qovub çıxaraq, axı o torpaqlar bizimdir!"

Yenə də başqa bir məktubda oxuyuruq: "Salam. Mən, Anqbazov Sahib Yusif oğlu, Balakən rayon sakini, ali təhsilli, həqiqi hərbi xidməti yerinə yetirmiş bir vətəndaşam. Son günlər cəbhə bölgəsində baş verən olaylardan çox narahatam. Bunu yazmaqda məqsədim, könüllü olaraq cəbhə bölgəsinə döyüşə getmək üçün qeydiyyata adımı daxil etməyinizi xahiş etməkdir. Vətən, sənə canım fəda..."

15 ildən artıq Azərbaycanda ailə həyatı qurub yaşayan Türkiyə vətəndaşı Erhan Erdok da nazirimizə ünvanladığı müraciətdə Azərbaycan torpaqlarının müdafiəsi üçün savaşa hər an hazır olduğunu bildirir.

Yenə də qardaş Türkiyədən Yıldırım Necdət Əhməd soyadlı vətəndaş ürək yanğısı ilə Azərbaycandakı son olaylara münasibətini bildirir və könüllü olaraq döyüşçülərimizlə çiyin-çiyinə savaşa atılmağa hazır olduğunu arzulayır.

Arslan Volkan Tevfik adlı Türkiyə vətəndaşı Müdafiə nazirinə yazdığı müraciətində ürək yanğısı ilə bildirir ki, 12 ildir Azərbaycanda yaşayıram, həyatımın xeyli hissəsi burada keçib. "Məhz burada ailə həyatı qurmuşam, övladlarımı böyütmüşəm. Müharibəyə səfərbərlik olarsa, məni də nəzərə almağınızı xahiş edirəm. Bu Vətən üçün, Azərbaycan üçün canımı fəda etməyə hazıram."

Ümran Həsrət Nuri deyir: "Möhtac olduğun qüdrət, damarlarımda axan qanda mövcud isə, qardaşıma fəda olsun. İki Dövlət Tək Millət!".

Ehtiyatda olan türk hərbçiləri Arıbaş Hasan və Kılıç Kadir də nazirliyin ünvanına göndərdikləri müraciətlərində ən səmimi duyğularını ifadə edərək Vətənimizin dar günündə bizə yaxından dəstək olacaqlarını bildiriblər.

Arıbaş Hasanın müraciətindən bir hissəni olduğu kimi təqdim edirik: "Sevgili komutanım Zakir Hasanov. Kalbim hep diğer Vatanım Azerbaycan için atmaktadır. İhtiyaç durumunda Azerbaycan Türk ordusuna bir türk oğlu olarak gönüllü katılmak istiyorum. Vatan toprağını savunmak benim şahsım için mukaddestir. Bilgilerinize arz ederim."

17 yaşlı Elvin Daşdəmirovun müraciətində isə deyilir: "Hazırda Rusiyada yaşayıram. Sizə müraciət etməkdə məqsədim odur ki, səfərbərlik olsa, Vətən uğrunda müharibə olsa məni də çağırmağınızı xahiş edirəm, hətta yalvarıram. Valideynlərim buna icazə verməsələr belə mən könüllü olaraq getmək istəyirəm. Xahiş edirəm, yalvarıram məni də aparın!

Sonda bir daha qeyd edək ki, bu məzmunlu müraciətlər Müdafiə Nazirliyinə daxil olmaqda davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR